ATƏT-in Minsk Qrupunun həmsədri Bernard Fasyenin missiyası sona çatıb. Artıq onun yerinə yeni həmsədr fransalı Jak For təyin olunub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev təyin olunmuş yeni həmsədrlə bağlı açıqlama verərkən bildirib ki, Fransada ermənipərəst dairələr mövcuddur. Minsk Qrupu tərəfindən qəbul olunan qətnamələrdə ermənipərəst qüvvələrin təsiri qaçılmaz olur.
Artıq Fransanın ermənipərəsət mövqedə olması rəsmi şəkildə də öz təsdiqini tapdı. Eyni halda, Fransa parlamentində qondarma erməni soyqırımının tanınması məsələsinin yenidən gündəmə gətirilməsi deyilənləri bir daha təsdiq etdi. Belə olan halda, Azərbaycan hakimiyyəti niyə Fransanın həmsədrliyindən imtina etmir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hərbiçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov maraqlı fikirlər səsləndirdi.
Ü.Cəfərov beynəlxalq təşkilatların Azərbaycan xalqının heysiyyəti ilə oynadığını bildirərək, “çox təəssüf olsun ki ölkə rəsmiləri də bu təşkilatların istəklərinə öz susqunluqları bəraət qazandırırlar”, - deyə bildirdi: “Bernard Fasye Bakıya vida görüşü üçün gəlib. Tiflisə gedib sonradan yenə də Bakıya qayıdacaq. Guya o, 7 il Azərbaycan üçün böyük iş görüb. Eyni halda o, Ermənistana səfər etməyəcək. Ona görə ki, Ermənistandan heç bir gözləntisi yoxdur. O nə aparacaqsa Azərbaycandan aparacaq. Özü çox gözəl bilir ki, yeni il qabağı nə aparacaq. Bernard Fasye eyni ilə rusiyalı keçmiş həmsədr Kazimirova bənzəyir. Kazimirov həmsədr olduğu müddətdə sanki ağzına su almışdı. Lakin həmsədrlikdən getdikdən sonra Ermənipərəst fikirləri ilə bül-bül kimi cəh-cəh vurdu. İndi də Bernard Fasye Bakıda ölkə rəsmilərinin xoşuna gəlmək üçün açıqlamalar verir. Həmin Bernard Fasye 7 il ərzində ermənipərəst fikirləri ilə özünə iş yeri açmışdır. O, artıq öz istəyinə nail olub. Yeni gələn həmsədr nəyi həll edəcək ki? Onlar kimdirlər ki, nəyisə də həll edə bilsin. Bakıda bildirirlər ki, Minsk qrupunun fəaliyyəti tənqid olunmasın. Minsk Qrupu fəaliyyətə başladığı dövrdən bu günə qədər nə iş görüb ki, tənqid olunmasın. Fasye özü də gözəl bilir ki, ortalıqda heç bir müsbət nəticə yoxdur. Çox təəssüflər olsun ki, Azərbaycan rəsmiləri bəzi amillər görə Fransa həmsədrliyindən imtina etmirlər. ”
Fransanın bir çox hallarda özünü Azərbaycanın dostu kimi göstərdiyini qeyd edən Üzeyir bəy, “onların bizimlə bağlı verdikləri bəyanatlar və Türkiyəyə qarşı göstərdiyi mövqeyə baxanda isə bizim tamamilə bunun əleyhinə müşahidə edirik”, - deyə vurğuladı: “Azərbaycan rəsmiləri “nə yardan doyur, nə əldən qoyur” prinsipinə uyğun olaraq “xala xətrin qalmasın” deyə çıxıb Fransanın əleyhinə müəyyən sözlər işlədirlər. Rəsmilərimizin açıqlamalarına baxsaq görərik ki, Azərbaycan nə Fransanın xətrinə dəymək istəmir, nə də ki, Türkiyəni ayağa vermək. Bernard Fasye guya böyük bir iş görüb, indi də Bakıya vida görüşü üçün gəlib. Bəlkə Bakının girişində onun üçün heykəl qoyulsun. Beynəlxalq qurumlar Azərbaycana yuxarıdan aşağı baxırlar.”
Dağlıq Qarabağın qaytarılmasının Fransanın maraqlarına uyğun olmadığını qeyd edən Üzeyir Cəfərov, Fransanın bu günə qədər erməni işğalçılığını pisləyən heç bir bəyanatı olmadığını bildirdi: “Fransalılar guya Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. Hansı ərazi bütövlüyünü, işğal olunduqdan sonrakı, yoxsa qabaqkını? Nəyə görə Fransa BMT-nin Təhlükəsizlik Komitəsi tərəfindən verilən 4 qətnamənin həyata keçirilməsini dəstəkləmirlər. Bunlar ümumi sözlərlə vaxt udurlar. Yeni təyin olunan həmsədr də təbii ki, ermənipərəst mövqe nümayiş etdirəcək. O da dünyanın ən xoşbəxt turisti kimi Bakıdan vurub Yerevandan çıxacaq. Jak For da missiyasını sona çatdırdıqdan sonra digər həmsədrlər kimi ermənipərəst mövqedən çıxış etməyə başlayacaq.”
Xəyal Şükür