Eldar Sabiroğlu: "Hazırda müdafiə nazirinin göstərişi ilə ciddi tibbi araşdırma aparılır"
20-12-2011 / 16:45
Azərbaycan Müdafiə Nazirliyi Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktına münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sorğusuna cavab olaraq məsələ ilə bağlı ciddi araşdırmaların aparıldığını deyib: “Son sözü tibbi komissiya söyləyəcək. Ona görə də hələlik qəti fikir deyə bilmərəm. Əgər vəziyyət deyilən kimidirsə, buna heç cür bəraət qazandırmaq olmaz. Kimsə bəhanə axtarmağa çalışmasın. Bu məsələdə günahkar olanlar cəzasız qalmayacaqlar”.
E. Sabiroğlu deyib ki, hazırda müdafiə nazirinin göstərişi ilə ciddi tibbi araşdırma aparılır. Nazir şəxsən özü bu məsələni nəzarətə götürüb: “Yəqin ki, görülmüş təsirli tədbirlərdən gələcəkdə çoxları nəticə çıxaracaq”.
Qeyd edək ki, son günlər mətbuatda Astaranın Pensər kənd sakini, eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun cəbhə xəttində, Tərtər rayonunda hərbi hissədə hərbi xidmətdə olması barədə məlumat yayılıb. Məlumata görə, əsgərin bir qulağının anadangəlmə eşitmə qabiliyyəti olmayıb, digər qulağı isə çox zəif eşidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.