Seminar mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı və çıxışı ilə keçirilib
20-12-2011 / 10:34
FaktXeber.com-un verdiyi məlumata görə, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin noyabr ayından etibarən “Mədəni İrs” seminarlarına başlauıb. Seminarlar ölkənin müxtəlif təhsil və mədəniyyət ocaqlarında keçirilir. Seminarların keçirilməsinin əsas məqsədi, vətənimizin qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılması, ictimaiyyətin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaq, mədəniyyət ocaqlarına marağın artırılması və onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir. Seminarlar mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı və çıxışı ilə keçirilir.
Bu silsilədən “İrsimiz-folklorumuz” adlı növbəti seminar dekabrın 19-da Sumqayıt Dövlət Universitetində AMEA Folklor İnstitutu əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Seminarı Universitetin prorektoru, dosent Nizami Namazov açdı və MİRAS İctimai Birliyinin bu sahədəki fəaliyyətlərindən xəbərdar olduqlarını, mədəni irsimizin mühüm tərəflərindən olan folklor haqqında belə bir seminarın Sumqayıtda təşkil olunmasından məmnunluqlarını bildirdi. Universitetin Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın seminarın təşkilində yaxından iştirak etməsi və Filologiya, Tarix fakültələrinin müəllim və tələbələrinin seminara marağı bu sahəyə elmi ictimaiyyətin diqqətini göstərir.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli birliyin gördüyü işlər haqqında geniş məlumat vermiş, folklor sahəsində gördükləri işlər haqqında danışmışdır. Ağsuda aparılan arxeoloji qazıntılarda yaxından dəstək olan və bu ərazinin bir arxeoloji turizm obyekti halına gətirən birlik qədim dəyərlərin bu gün də yaşadılması yolunda müxtəlif layihələrlə çıxış edir. Bu yaxınlarda Türkiyənin Amasiya şəhərində keçirdikləri “Azərbaycandan Amasiyaya Şirvanlılar” konfransını xatırladan Fariz Xəlilli 2012-ci ilin 31 may – 1 iyun tarixlərində Amasiyada Beynəlxalq Həmzə Nigari Simpoziumunun planlaşdırıldığını da qeyd etmişdir. Müxtəlif mədəni irs filmləri ilə yanaşı “Tərəkəmə çərşənbəsi” filmini hazırlayan birlik “Tərəkəmə çərşənbəsi” festivallarının keçirilməsi ilə bağlı layihə də hazırlamışdır.
Folklorun şifahi xalq ədəbiyyatı olduğunu yada salan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Seyfəddin Rzasoy qloballaşmanın başa çatacağı dövrdə Azərbaycan xalqının bir fiziki kütlə kimi deyil, eyni zamanda özünü milli kimliyi, milli mədəniyyəti ilə qoruyub saxlaya bilməsinin vacib şərt olduğunu bildirmişdir. Folklor belə məqamda gündəmə gəlir. Dəyərlərimizin bizə qaytarılmasında folklor qiymətli mənbədir.
Eyni zamanda Filologiya fakültəsinin dekanı, professor Aslan Bayramov mövzu barəsində öz fikirlərini bildirdi. Nigariliklə bağlı məsələyə münasibət bildirirək Qazax bölgəsində, Qərbi Azərbaycan (xüsusilə Amasiya) və Gürcüstanda bu ənənələrin qaldığını, mövlud günlərində yerli sakinlərin sufiyanə rəqs etdiklərini qeyd etmişdir.
Tədbirdə həmçinin İctimai Birliyin istehsalı olan "Tərəkəmə çərşənbəsi" filmi iştirakçılara nümayiş olundu. MİRAS İctimai Birliyinin kitab, jurnal, broşür və diskləri seminar iştirakçılarına paylanmışdır.
Seminar iştirakçıları Sumqayıtın Tarixi Muzeyini də ziyarət etmişlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.