Şərur Rayon Prokurorluğunun apardığı araşdırmanın nəticəsi haqda qərar 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, jurnalistlərə verilmir
20-12-2011 / 10:28
FaktXeber.com-un verdiyi məlumata görə, 15 iyul 2011-ci il tarixdə Şərur rayon Cəlilkənddə peşə fəaliyyətlərini yerinə yetirərkən Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalan RATİ-nin Naxçıvan müxbirləri Elman Abbasov, Mehman Mehdiyev və "Turan" İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibovun şikayəti əsasında Şərur Rayon Prokurorluğunun apardığı araşdırmanın nəticəsi haqda qərar 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, jurnalistlərə verilmir. Bu haqda məlumatı RATİ-yə jurnalist, eyni zamanda hüquq müdafiəçisi Elman Abbasov bildirib.
"Şərur rayon Cəlilkənddə peşə fəaliyyətimizi yerinə yetirdiyimiz zaman mülki geyimdə və formada olan polislərin fiziki təzyiqinə məruz qaldıq. 18 iyul 2011-ci il tarixdə Azərbaycan Respublika Prokurorluğuna və Naxçıvan Muxtar Respublika Prokurorluğuna hadisəni törədənlərin cəzalandırılması ilə bağlı ərizə ilə müraciət etdik. 26 iyunda Şərur Rayon Prokurorluğuna çağırıldıq və şikayətimiz əsasında izahatımız alındı. Həmin vaxtdan 3 ay keçməsinə baxmayaraq, prokurorluq bizi bir daha çağırmadı və bizi nəticə haqda məlumatlandırmadı", - deyə E.Abbasov söyləyib.
Müxbir deyib ki, avqustun 20-də onun poçt ünvanına AR DİN Daxili Təhqiqatlar İdarəsindən 22113-1481 saylı 11.08.2011-ci il tarixli məktubu daxil olub. Məktubda şikayət üzrə Şərur Rayon Prokurorluğunda araşdırma aparıldığı, polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən 01.08.2011-ci il tarixdə CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edildiyi göstərilib.
Avqustun 23-də yazılı şəkildə qərarın jurnalistlərə göndərilməsi üçün Şərur Rayon Prokurorluğuna müraciət olunsa da, qərarın jurnalistlərə təqdim olunmasından imtina edilib. Bundan sonra prokurorluğun qəbul etdiyi qərarın jurnalistlərə verilməməsi ilə bağlı AR Baş Prokurorluğuna və Naxçıvan MR Prokurorluğuna müraciət olunub. Qərarın jurnalistlərə verilməsi təmin edilməyib. Abbasov əlavə olaraq qeyd edib ki, jurnalistlərin fiziki təzyiqə məruz qalmaları ilə bağlı foto və video çəkilişlər var. Bu materiallar cinayət işinin başlanması ilə bağlı prokurorluğa yazılmış şikayət ərizələrinə əlavə olunubmuş. Bu səbəbdən onlar hadisəni törədən polis əməkdaşlarının cəzalandırılması və prokurorluğun hərəkətsizliyi ilə bağlı məhkəmədə iddia qaldıracaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.