Bu il Azərbaycan ordusunun 95 əsgəri ölüb, 101-i yaralanıb - DJHAM
19-12-2011 / 17:46
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (DJHAM) ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrini açıqlayıb.
DJHAM-dan FaktXeber.com-a verilən məlumata görə, mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə bu ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 95 nəfər təşkil edib. Ötən müddətdə 101 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə döyüş itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 81 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 16 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması, əldə silah partlaması və s.), 15 nəfər avtoqəzadan, 12 nəfər xəstəlikdən və ya zəhərlənmə, 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 12 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 87-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.
Eyni zamanda müxtəlif informasiyalara uyğun olaraq ordudakı bir sıra əlavə itkilərin (sayı 10-a qədər) baş veridiyi bildirilir.
Yaralılara gəldikdə isə 21 nəfər qeyri-nizamnamə hadisələrindən,o cümlədən ehtiyatsızlıqdan, 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 11 nəfər bədbəxt hadisələrdən, 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 86-sı isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.