Son vaxtlar ölkədə insanların intihara əl atması adi bir hal alaraq, kifayət qədər artıb. Artıq son iki gün ərzində biri azyaşlı olmaqla iki nəfər şəxs intihar edib. İntiharla bağlı bu ilki statistikaya baxsaq dəhşətli faktlarla rastlaşarıq. Hətta bu ildə elə ay olub ki, həmin ayda 17-18 nəfər yaxın şəxs intihar edib. Bu orta hesabla 2 gündə 1 nəfər deməkdir. İntiharların artması nə ilə bağlıdır və bu tip hadisələr əsasən hansı səbəblərdən baş verir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Mənəvi Saflıq İB-nin sədri Dr.Elşən Mustafaoğlu intihar hadisələrinin müxtəlif səbəblərdən meydana gəldiyini bildirdi. Dünya təcrübəsinə görə, intiharların artmasının əsas səbəbini mənəvi böhranla əlaqələndirən müsahibimiz, insanların düşdükləri mənəvi böhrandan çıxış yolu tapmayanda intiharlara üz tutduğunu söylədi: “Mənəvi böhran intihara səbəb olan bütün faktorları üstələyir. İntiharın digər səbəbləri kimi sosial problemlər də göstərilir. Buna ailə münaqişəsini, aclıq səfalət və.s kimi halları göstərmək olar. Lakin bütün göstərilən bu səbəblər ikinci, üçüncü dərəcəli səbəblərdir.
Dünyada bəzi kasıb ölkələr vardır ki, onlarda olan intihar sayları, digər varlı ölkələrə nisbətən daha aşağıdır. Bunun əsas səbəbi mənəvi böhranla əlaqədardır. Hansısa ölkədə mənəvi problemlər mövcuddursa, intihar halları həmin ölkədə daha çox olur. İqtisadi problemlər intihara zəmin yarada bilər. Mənəviyyatı normal olan insan kasıb olduğuna görə, heç vaxt özünü öldürməz. Eyni halda, bu məsələ ailə münaqişəsinə də aiddir. Bu problemlərin əsas açarı mənəvi böhrandır. Mənəvi böhranı yaradan əsas səbəblər ilahi dəyərlərdən və qanunlardan uzaq olmaqla meydana gəlir. İlahi mənəviyyat qanunlarına görə, günahsız yerə bir nəfəri öldürmək bütün bəşəriyyəti öldürməyə bərabərdir. Eyni halda bir nəfərə həyat vermək, bütün bəşəriyyətə həyat verməkdir. Rəbbimiz digər bir ayədə isə “özünüzə qəsd etməyin” deyə buyurur. Digər tərəfdən isə bəşəriyyətin bir hissəsi hesab olunan hər bir kəsin özünü öldürməsi, bəşəriyyətin öldürülməsi deməkdir. Allaha təvəkkül və arxayınçılıq olmadıqda, həmçinin bütün çətinliklər Allahla bölüşdürülmədikdə, insan özünü dayaqsız görür. Dünyanın inkişaf etmiş ölkələrinə nəzər salsaq, intihar edən şəxslərin əksəriyyətinin maddi cəhətdən imkanlı olan ailələrin uşaqlarının olduğunu görərik. İntihar pulla ölçüləsi bir məsələ deyil. Əgər belə olsaydı, maddi cəhətdən imkanlı olan şəxslər özlərini öldürməzdilər. Bunun müqabilində müşahidə edirik ki, mənəvi və ləyaqətli ailələr hər nə qədər çətinlik və sıxıntılarla üzləşsələr də, həmin ailələr mənəvi zənginlikləri ilə bu problemlərə sinə gərə bilirlər. O cəmiyyətdə ki, mənəviyyat təbliğ olunmur və ilahi dəyərlər zəifdir, həmin cəmiyyətdə yaşayan insanlar özlərini arxasız görür. İlahi dayağı olmayan insan həyatda həmişə zəifdir. Heç bir mal-dövlət və fiziki qüdrət Allaha olan təvəkkülü əvəz edə bilməz. İlahi dəyərlərə əməl edərək mənəvi rahatçılığa qovuşmaq insanı bütün problemlərdən uzaqlaşdırır.”
Mənəvi və ilahi dəyərlərin cəmiyyətdə təbliğ olunması üçün şərait yaradılmasının zəruri olduğunu qeyd edən Elşən Mustafaoğlu, “insanlara ay camaat özünüz öldürməyin deməklə, intiharların qarşısını almaq mümkün deyil. Gərək bu istiqamətdə kifayət qədər işlər görülsün”, - deyə bildirdi: “İnsan dünyada olan çətinliklərə tab gətirə bilmədiyi üçün intihar edir. İntihar edən şəxs fikirləşir ki, özümü öldürüm dünyadakı problemlərdən canım qurtarsın. İnsan bilsə ki, canı qurtarmır və intihardan sonra əbədi əzaba məhkum olacaq, heç vaxt belə hallara yol verməz. Çətinlikləri olan insanlara rəbbimiz Quranda səbirli olmağı tövsiyə edir.”
Bundan sonra E.Mustafaoğlu, ilahi dəyərlərin insanları həm rasional, həm də ki, ruhi olaraq intiharla mübarizə aparmasına yardımçı olduğunu qeyd edərək, intihar halları ilə heç bir problemin həll olunmadığını bildirdi: “Ailəsini dolandıra bilməyən bir şəxs problemdən çıxış yolunu özünə qəsd etməkdə görür. Lakin fikirləşmir ki, bu özünü öldürəndən sonra ailəsi daha da səfalət içində yaşayacaq. Bəziləri olur ki, hər hansı sevgiliyə görə gedib özlərini öldürürlər. Həyata bu cür cılız yanaşma Allahdan uzaq düşməklə mümkündür. Yalnız Allahsız insan özünü öldürə bilər. Bu cür hallara görə ölkəmizdə hər iki gündə bir nəfər intihar edir. Bununla bağlı həyəcan təbili çalmaq və mənəvi dəyərləri təbliğ eləmək lazımdır. İlahi dəyərləri təbliğ eləmək üçün ölkədə kifayət qədər kadrlar yoxdur. Xaricdə yüksək formada təhsil alıb gələn şəxslərə də qadağalar tətbiq olunur. Bu problemlər qəbiristanlıq mollası səviyyəsində həll olunana məsələlər deyil.”
Nicat Xaliqoğlu