Məntiqlə düşünsək, hər hansı bir iqtidar dünyada inqilabi proseslərin baş verdiyi dövrdə vətəndaşlarla mülayim davranmalı və onlara qarşı basqılara son qoymalıdır. Lakin biz Azərbaycan hakimiyyətinin tamamilə başqa addımlar atdığını müşahidə edirik. Belə ki, siyasi məhbusların məhkəmələrdə vəsatətlərinin əsassız yerə qəbul olunmaması, dini qadağaları ehtiva edən qanun layihəsinin imzalanması və nəhayət növbəti dəfə vətəndaşların mülkiyyətlərinin polis zorakılığı ilə uçurdulması kimi halları buna misal göstərmək olar.
Hakimiyyətin belə bir şəraitdə bu prosesləri həyata keçirməsinin səbəbi nədir? Bu nəyin göstəricisidir, hakimiyyət idarəçiliyi itirib, yoxsa bunun başqa səbəbləri var?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev maraqlı fikirlər səsləndirdilər.
Hazırda inqilab baş verən rejimlərdə sərtliyin daha çox özünü göstərdiyini qeyd edən Sərdar Cəlaloğlu, hakimiyyətin bu cür basqılarının və təzyiqlərinin gücsüzlüyündən irəli gəldiyini bildirdi: “Əgər Rusiyada baş verən qanlı oktyabr inqilabına, eyni halda İranda və ya Misirdə baş verən inqilablara nəzər salsaq, proseslərdən qabaq rejimlərin amansız olduğunun şahidi olarıq. Bu bir qanunauyğunluqdur ki, inqilab təhlükəsi hiss eləyən hakimiyyətlər, özünü müdafiə instikti haqqında özlərinin son gülləsini atmağa cəhd edirlər. Bunun üçün də əllərində yeganə imkan olan güc strukturlarından istifadə edirlər.”
Ölkədə baş verənlərin hakimiyyətin inqilabi situasiya ərəfəsində olduğundan xəbər verdiyini qeyd edən Sərdar Cəlaloğlu, “hakimiyyət artıq bunu hiss eləməyə başlayıb. Bir-birinin ardınca cəmiyyətin total təbəqəsini nəzarətə almağa cəhd, müxalifəti susdurmaq və azad sözə imkan verməmək, beynəlxalq öhdəliklərə əməl etməmək və özünü güclü göstərmək, hamısı hakimiyyətin gücsüzlüyündən xəbər verir”, - deyə bildirdi.
“Təbiətdə fil qədər güclü və nəhəng, eyni halda fil qədər də sakit və təmkinli heyvan yoxdur. Lakin kiçik siçanlar isə gücsüzlüyündən bir yerdə dayanmırlar. Ona görə ki, siçan zəifdir və zəifliyinə görə də ora-bura qaçır. Hər hansı bir sistemdə arxayınçılıq varsa, həmin sistem bir o qədər də təmkinli olur. Yunanıstana fikir versək görərik ki, hər gün etiraz aksiyaları olaraq Afina dağıdıldı. Lakin həmin aksiyalarda heç kəs həbs olunmadı. Digər tərəfdən, ölkənin baş naziri çıxaraq bildirdi ki, bu etirazlar gənclərin haqqıdır və biz bunu anlaşıqlı qəbul edirik. Çünki hakimiyyətin özü möhkəmdir. O, ölkələrdəki ən kiçik aksiya belə hakimiyyəti sarsıda bilər, həmin ölkələrdə bu cür aksiyaların qarşısı ciddi amansızlıqla alınır. Azərbaycanda 30 nəfərlik piketin qarşısına 100-lərlə polisin çıxardılması bundan xəbər verir.”
Hakimiyyətin idarəçiliyi itirmədiyini qeyd edən Mehman Əliyev, “hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq üçün çox gözəl formada idarəçilik həyata keçirdir. Eyni halda cəmiyyətə onu bildirmək istəyir ki, tutduğu mövqe və siyasətdən əl çəkən deyil”, - deyə bildirdi: “Ölkədə insan haqlarının pozulması istiqamətində sadalananların hamısı həqiqətə uyğundur. Sadəcə olaraq hakimiyyət hazırda durduğu mövqedən geri çəkilmək fikrində deyil və bunu cəmiyyətə çatdırmaq istəyir. Hər bir şeyin vaxtı və sonu var. Yaxın illərdə ölkədə çox şeylər dəyişəcək. Dünyada baş verən dəyişiklərin Azərbaycanda da həyata keçməsi qaçılmazdır.”
Əli Hüseynli