Amerika Xarici İşlər Nazirliyinin minlərlə sənədini WikiLeaksə sızdırmaqda günahlandırılan Amerika əsgəri Bradley Manning bu gün ilk dəfə məhkəmə önünə çıxacaq
16-12-2011 / 17:22
FaktXeber.com-un verdiyi məlumata görə, 23 yaşlı Manning 19 aydır nəzarətdə saxlanılırdı. Bu gün paytaxt Vaşinqton yaxınlığındakı hərbi bazaların birində Bakı vaxtı ilə saat 18.00-da başlanması gözlənilən məhkəmədə, Manningin hərbi məhkəməyə göndərilib-göndərilməyəcəyi barədə qərar çıxarılacaq. Bunun üçün kafi dəlil olub-olmadığı araşdırılacaq.
Qeyd edək ki, WikiLeaks ötən il ABŞ Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəlikləri ilə apardığı daxili yazışmaları özündə əks etdirən 250 minə qədər sənədi dərc etməyə başladıqda, rəhbərliyin müttəfiqləri haqqında tənqidi açıqlamaları da ortaya çıxmışdı.
Bundan əvvəl də İraq və Əfqanıstan müharibələri mövzusunda təxminən yarım milyon sənəd WikiLeaksa sızdırılmış, Vaşinqton rəhbərliyi bu vəziyyətin milli təhlükəsizliyi təhlükəyə atdığını açıqlamışdı.
"Helikopter hücumu" ilə başladı
Manning 2010-cu ilin may ayında həbs olunduqda, İraqda kəşfiyyat mütəxəssisi kimi xidmət edirmiş. Ancaq həbs səbəbi kimi ilk əvvəl 2007-ci ildə Amerika helikopterinin İraqda aralarında xarici jurnalistlər də olan bir dəstə insanı öldürdüyü hücumun görüntülərini Wikileaksa sızdırdığı göstərilirdi. Manningin diplomatik yazışmalarla əlaqələndirilməsi isə, əvvəllər haker olan Adrian Lamonun xəbərindən sonra, bu ilin əvvəllərində gündəmə gəldi. Lamoya görə, Manning ona bu sənədləri Ledi Qaqanın mahnılarına qulaq asa-asa CD-lərə köçürdüyünü söyləyib.
Sabah 24 yaşı olacaq Manning, indi aralarında casusluq ittihamının da olduğu 22 maddə ilə qarşı-qarşıyadır. Düşmənə yardım (casusluq) ittihamı ilə ona normalda ölüm cəzası da istənilə bilər, ancaq prokurorlar ömürlük həbs istəyəcəklərini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.