Hakim son qərarını vermək üçün 23 dekabr saat 11:00-a qədər məhkəməni təxirə salıb
16-12-2011 / 14:42
FaktXeber.com xəbər verir ki, bu gün Bakı şəhəri Nərimanov rayon məhkəməsində saat 11:00-da ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun növbəti məhkəmə prosesi keçirilib. Hakim Turqay Hüseynov məhkəmə prosesini açıq elan etdikdən sonra dövlət ittihamçısı ilahiyyatçı Hacı Tale Bağırova 5 il, Elşən Abbasova isə 3 il azadlıqdan məhrumetmə cəzası istəyib. Prosesdə hakim təqsirləndirilən şəxslərə son söz söyləməyi təklif edib. Onlar isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Hakim son qərarını vermək üçün 23 dekabr saat 11:00-a qədər məhkəməni təxirə salıb.
Məhkəmənin gedişatı haqqında açıqlama verən vəkil Anar Qasımlı isə bildirib ki, dövlət ittihamçısının təqsirləndirilən şəxslərə verilməsi üçün təklif etdiyi cəzalar əsassızdır. Biz təqsirləndirilən şəxslərə belə ağır cəza tələb olunacağını gözləyirdik. Hər iki şəxsin bəraət verilməsi və azadlığa buraxılması üçün kifayət qədər dəlil var. Amma prokuror təqdim olunan dəlil-sübutlara qiymət vermək əvəzinə məsələnin istintaq materiallarında necə yazılmasından danışdı.
Qeyd edək ki, "Hicab Azadlıq" aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.