TƏHSİL NAZİRLİYİNİN TELEFONLARINDA ÖTÜR-ÖTÜR OYUNU
Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin özü ilə əlaqə saxlamaq üçün verdiyi 496-95-88 nömrəsinə bir neçə dəfə zəng eləməyimizə baxmayaraq, hər dəfə Bayram müəllimin iclasda olduğunu bildirdilər
15-12-2011 / 12:33
Son günlər Təhsil Nazirliyi ölkədə müəyyən qurumlar tərəfindən saxta diplomların verilməsi ilə bağlı açıqlama ilə yadda qaldı. Amma nədənsə sonradan bu diplomları verənlər barəsində hansısa tədbir görülüb-görülməməsi ilə əlaqədar heç bir söz deyilmədi. Digər tərəfdən isə AMEA-nın İqtisadiyyat İnstitunun direktoru İsa Alıyev və İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin 50-ə yaxın İran vətəndaşına qanunsuz olaraq diplom verdiyi barədə mətbuatda məlumat yayılıb.
Məsələ ilə bağlı bir neçə gündür ki, Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışmağımıza baxmayaraq, səylərimiz nəticəsiz qaldı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin özü ilə əlaqə saxlamaq üçün verdiyi 496-95-88 nömrəsinə bir neçə dəfə zəng eləməyimizə baxmayaraq, hər dəfə Bayram müəllimin iclasda olduğunu bildirdilər.
Bu gün növbəti dəfə həmin nömrəyə müraciət etdikdən sonra, Bayram müəllimin yenə də iclasda olduğunu və 496-37-76 nömrəsi ilə əlaqə saxlamağımızı istədilər. Bu nömrəyə zəng vurduqda isə nazirliyin mətbuat xidmətinin işçisi kimi özünü təqdim edən Billurə xanım, bizə 496-34-00 və 496-22-50 nömrələri ilə əlaqə saxlamağımızı istədi. 496-34-00 nömrəsindən zəngimizə cavab verən olmadı. 496-22-50 nömrəsindən isə müdirin iclasda olduğunu bildirdilər.
Çox qəribədir. Ölkənin aparıcı rəsmi qurumlarından biri sayılan Təhsil Nazirliyinin 4 nömrəsinə zəng etməyimizə baxmayaraq, suallarımıza rəsmi cavab ala bilmədik.
Əgər hər hansı bir mətbuat orqanı nazirliyin mövqeyini öyrənməyə bu qədər problemlərlə üzləşirsə, görəsən vətəndaşlar öz problemlərini hansı vasitələrlə nazirliyə bildirirlər?
Bu da bir sualdır. Yəqin ki, cavablandıran tapılacaq. Bizə isə gözləmək qalır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.