"CİNAYƏT MƏCƏLLƏSİNƏ SON DƏYİŞİKLİKLƏRİ LƏĞV EDİLSİN"
Dini ədəbiyyatla bağlı məhdudiyyətlər ifadə azadlığına ciddi təhlükədir - MHİ
15-12-2011 / 12:23
Media Hüququ İnstitutu (MHİ) “müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədiylə idxal etmə, satma və yayma”ğa görə ağır cinayət cəzaları müəyyən edən qanunu ölkədə ifadə azadlığına ciddi təhlükə sayır.
MHİ-dan FaktXeber.com-a verilən məlumata görə, Milli Məclisin Cinayət Məcəlləsinə əlavə etdiyi 167.2-ci maddəyə görə, bu hərəkətləri etmiş şəxsləri 5000 manatdan 7000 manatadək cərimə və ya 2 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya vəzifəli şəxs belə hərəkətləri etdikdə, eləcə də hər hansı şəxs bunu təkrar etdikdə 7000 manatdan 9000 manatadək cərimə cəzası və ya 2 ildən 5 ilədək həbs cəzası ala bilər.
Azərbaycanda mövcud qanunlar “dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını” ölkəyə gətirmək, çap etmək, satmaq və ya yaymaq üçün hökumətdən əvvəlcədən icazə almağı tələb edir. Belə qaydalar ifadə azadlığı ilə bağlı Konstitusiyanın tələbləri və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı haqları ilə daban-dabana ziddiyyət yaradır. Hər hansı ədəbiyyatı və ya məlumatı çap etmək və yaymaq üçün razılığın tələb olunması senzura anlamına gəlir və ifadə azadlığı hüququnun heç nə ilə bəraətləndirilə bilməyən pozulması deməkdir.
Hər hansı ifadə (kitabda, filmdə, qəzetdə və s.) yalnız dövlət təhlükəsizliyi və dövlətin ərazi bütövlüyü mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin, iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi üçün, habelə mәxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
MHİ bildirir ki, dini və başqa məzmundan asılı olmayaraq, hər hansı “ədəbiyyatı”, “əşyaları” və “başqa məlumat materiallarını” çap, idxal etmə, satma və yayma ifadə azadlığı hüququndan istifadə formalarıdır. Sadəcə, ifadə azadlığı hüququndan yararlanmağa görə belə ağır cəzaların verilməsi hər hansı legitim məqsədə mütənasib sayıla bilməz və bütün hallarda ifadə azadlığı hüququnun pozulması kimi qanunla qorunan ictimai mənafelərə zərər vuracaq.
İnstitut bu qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tezliklə aradan qaldırmağı, bu sahədki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında Konstitusiya Qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyyə edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.