Mehman Əliyev: "KİV-lər iqtisadiyyatın bir hissəsiyik. İqtisadiyyat azad olmasa, biz də azad olmayacağıq"
Müşfiq Ələsgərli: "Redaksiyaların əksəriyyətində Pentium 2, 4 kompüterləri ilə işləyirlər. Bu onların sağlamlığı üçün çox təhlükəlidir"
14-12-2011 / 13:51
Faktxeber.com-un məlumatıan görə, dekabrın 13-də Media Mərkəzində Jurnalistlərin təhlükəsizliyini kim və necə qorumalıdır? mövzusunda debat keçirilib. Debat Media Mərkəzi və Yeni Nəsil Jurnalistlər Birliyinin birgə həyata keçirdiyi “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsində baş tutub.
Debatın aparıcısı, jurnalist İlhamiyyə Rzayeva: “Dünyanın ən təhlükəli peşələrindən biri də jurnalistikadır. Hər il dünyanın müxtəlif ölkələrində onlarla həmkarlarımız həlak olurlar. Elmar Hüseynovun qatillərinin hələ də tapılmaması, Rafiq Tağının öldürülməsi göstərir ki, bu gün Azərbaycanda jurnalistika ən təhlükəli peşədir”.
Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “Jurnalistlərin təhlükəsizliyi qənaətbəxş deyil. Amma deməzdim ki, qorunmur. Redaksiyaların əksəriyyətində Pentium 2, 4 kompüterləri ilə işləyirlər. Bu onların sağlamlığı üçün çox təhlükəlidir. Bundan əlavə, əksər redaksiyalarda tibbi sığorta da yoxdur”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev: “Ölkədə inhisarçılıq baş alıb gedir. O cümlədən mətbuatda da. 2002-ci ildə Heydər Əliyevlə görüşdə də ona demişdim ki, biz, KİV-lər iqtisadiyyatın bir hissəsiyik. İqtisadiyyat azad olmasa, biz də azad olmayacağıq.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun sədri Emin Hüseynov: “Azərbaycanda jurnalist təhlükəsizliyi qorunmur. Çünki dövlətin siyasi əqidəsi yoxdur. Jurnalistlərə qarşı təzyiq edən şəxslər cəzasız qalır. Bundan əlavə, BP işçilərinin təhlükəsizliyi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3 rəqəmli nömrə ayırır, amma jurnalistlərin təhlükəsizliyi üçün yox. Bu etinasızlığı göstərir. Jurnalistlərin silah gəzdirməsinə qanunla icazə verilməlidir”.
Debatda həmçinin qeyd olundu ki, 2005-dən bu günə qədər jurnalistlərə 500-ə qədər təzyiq halı olub. Araşdırılma faizi 1 faiz deyil. Təkcə İTV və LİDER-in jurnalistlərini döyən şəxslər cəzalandırılıb. Azərbaycanda cinayətlərin açılma faizi 97-98 faizdir. Amma jurnalistlərə qarşı edilən cinayətlərin açılmama faiz 98-99 faizdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.