Novella Cəfəroğlu: "Əfv fərmanı mitinqdə həbs olunan məhbuslara, eyni halda islamçılara da şamil oluna bilər"
İradə Cavadova: "Çox istərdim ki, siyasi məhbuslarla yanaşı ağır xəstəliyi olan məhbusların da adları əfv siyahısına düşsün. Ancaq nədəndirsə axır vaxtlar təşkil olunan əfv siyahılarına həmin şəxslərin adları salınmır"
Səidə Qocamanlı: "Ümid edirəm ki, budəfəki əfv fərmanı ilə siyasi və vicdan məhbuslarının hamısı azadlığa buraxılacaq"
13-12-2011 / 16:35
Ombudsman Elmira Süleymanova əfv fərmanı imzalanması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Bu barədə açıqlama verən ombudsman bildirib ki, prezidentə əfv olunması məqbul sayılan şəxslərin siyahısı təqdim olunub və siyahıda 70-dən çox şəxsin adı var. İctimaiyyət nümayəndələrinin gözləntisinin əksinə olaraq, siyahıda siyasi və vicdan məhbuslarının olması ehtimalı olduqca azdır. Çünki siyahıya daha çox ahılların, əlillərin və qadınların adının slındığı bildirilir.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, İradə Cavadova və Səidə Qocamanlı müxtəlif fikirlər səsləndirdilər.
Prezident tərəfindən imzalanacaq əfv fərmanının təkcə siyasi məhbuslara aid olmayacağını qeyd edən Novella Cəfəroğlu, “əfv fərmanı mitinqdə həbs olunan məhbuslara, eyni halda islamçılara da şamil oluna bilər. Bu əfv fərmanı təkcə siyasi məhbuslar üçün yox, eyni halda digər həbs olunan şəxslər üçün də nəzərdə tutulub. Çox istəyərdik ki, yeni əfv fərmanı ilə bütün siyasi məhbuslar azadlığa buraxılsın. Mümkündür ki, yeni əfv fərmanı minlərlə insana şamil olunsun”, - deyə bildirdi.
Ombudsmanın təqdim etdiyi siyahıda siyasi və vicdan məhbusların adının olacağına inanmadığını qeyd edən İradə Cavadova, əfv siyahısına siyasi məhbusların adının salınmasının zəruri olduğunu bildirdi: “Azərbaycan hökuməti hesab edir ki, siyasi məhbuslar yoxdur. Belə olan halda düşünmürəm ki, Ombusdman Aparatı da siyasi məhbusların azadlığa buraxılması üçün hər hansı bir addım atsın. Lakin təəssüflə qeyd edim ki, siyasi məhbuslar azadlığa buraxılmayacaq. Çox istərdim ki, siyasi məhbuslarla yanaşı ağır xəstəliyi olan məhbusların da adları əfv siyahısına düşsün. Ancaq nədəndirsə axır vaxtlar təşkil olunan əfv siyahılarına həmin şəxslərin adları salınmır.”
Elmira xanımın Ombudsman kimi həbsxanaları gəzdiyini və öz funksiyasını yerinə yetirən bir şəxs olduğunu söyləyən Səidə Qocamanlı, siyahıda cəzasının bir hissəsini çəkmiş və davranışında heç bir nöqsan olmayan insanların adının siyahıda olacağını bildirdi: “Çox ümid edirəm ki, budəfəki əfv fərmanı ilə siyasi və vicdan məhbuslarının hamısı azadlığa buraxılacaq. Biz də monitorinq qrupu olaraq ölkə başçısına bununla bağlı məktub ünvanlamışıq və göndərdiyimiz məktubda insanların azadlığa buraxılmasını xahiş etmişik. Qeyd edim ki, müraciətimizdə aprel məhbuslarının, Cabbar Savalanın və Bəxtiyar Hacıyevin də adları var.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.