Ölkədə insan haqlarının pozulmasına dair daha bir bəyanat yayılıb
12-12-2011 / 14:27
10 dekabr beynəlxalq insan haqları günü ilə əlaqədar İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi (İHM İB) ölkədəki insan haqlarının pozulmasına dair bəyanat yayıb.
Bəyanatda bildirilir ki, beynəlxalq konvensiyaların monitorinqi və vətəndaşlara hüquqi yardım fəaliyyətlərinin nəticəsində məlum olub ki, son dövrdə ölkədə ardıcıl olaraq artan insan hüquqları pozuntuları, qanunsuz həbslərin, fiziki təhlükələrə, işgəncələrə, ölümlərə məruz qalan şəxslərin sayının çoxalması, vətəndaşların öz evlərindən zorla qovulması kimi kütləvi narahatedici faktlar adi hala çevrilib: “Ölkədə beynəlxalq öhdəliklərinin icrası tələbləri həvəssiz və hiddətlə qarşılanması universal olan insan hüquqlarının artıq universallığının sual altına qoyulmasına gətirib çıxarıb. Nəticədə son dövrlərdə insan hüquqları sahəsində mövcud olan narahatedici və təcili diqqət tələb edən hallara nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən adekvat formada verilmiş bəyanat və çağırışlar da bu pozuntuların qarşısını alınmasına töhfəsi olmayıb. Əksinə pozuntuların davam etməsi müşahidə edilib. Ratifikasiya edilən onlarla beynəlxalq hüquqi sənədlər praktikada faktiki olaraq həm tanınmır, həm də tətbiq edilmir. Hakimiyyət orqanları hüququn aliliyi və bərabərlik kimi demokratik dəyərlərdən məlumatsız olmaqla insan hüquqlarına hörmət etmir. Ən yaxşı halda isə bu hüquqların təsbiti üçün müstəqil olmayan məhkəmələri işarə edirlər. Ölkədə kiçik və orta biznesin dövlət məmurları tərəfindən hər vəchlə sıxışdırılması, onların mülkiyyətinin zorla əlindən alınması, gəlirlərinə şərik çıxılması kimi dəhşətli və narahatedici faktlar qalmaqda davam edir. Vətəndaşlar məmurlara münasibətdə müdafiəsiz, zəif və kövrək hüquqlara sahibdir”.
İHM İB insan hüquqlarına hörmətin yaradılması üçün vətəndaş cəmiyyətinin birgə səylərini artırmasının və səmimi həmrəylik göstərilməsinin vacibliyini vurğulayır: “Vətəndaşların pozulan hüquqlarının müdafiə fəaliyyətləri ilə kifayətlənilməməlidir. Onların hüquqlarını müdafiə edən, maarifləndirmək və dəstəkləmək istiqamətində də addımların genişlənməsinə, bəşəri ideyaları davamlı yayılmasına, təzyiqlərə sərt formada qiymət verməkdən çəkinilməməsinə, beynəlxalq cəmiyyətin diqqətini bu problemlərin həllinin vacibliyinə cəmləşdirmək üçün fəaliyyətlərin davam etdirilməli olduğuna inanırıq. Bu istiqamətdə istənilən əməkdaşlığa və birgə səylər göstərməyə hazırıq. Vətəndaş cəmiyyəti təşkilatı olaraq, bütün məsul şəxsləri, dövlət qurumlarını insan hüquq və azadlıqlarının tanınmasına, onlara hörmət etməyə, həmçinin, real tədbirlər görməklə ölkədə baş verən pozuntuların aradan qaldırmasına yönələn effektiv və səmimi tədbirlər görməyə çağırırıq”.
Qeyd edək ki, İHM İB-nin rəhbəri hüquq müdafiəçisi İradə Cavadovadır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.