Miniatür Kitab Muzeyində Həsən Quliyevin "Məhəmməd Əsəd bəy (Qurban Səid): mübahisələr və həqiqət" kitabının təqdimatı olub
11-12-2011 / 13:34
Miniatür Kitab Muzeyində Həsən Quliyevin “Məhəmməd Əsəd bəy (Qurban Səid): mübahisələr və həqiqət” kitabının təqdimatı olub. Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin direktoru, əməkdar mədəniyyət xadimi, respublikada demək olar bütün miniatür kitabların nəşrinin təşəbbüskarı Zərifə Salahova kitabın müəllifini – filologiya elmləri doktoru, professor, yazıçı, 20-dən çox kitabın müəllifi, “İşıq” Mədəniyyət Xadimləri Assosiasiyasının rəhbəri Həsən Quliyevi təqdim edərək, onun nəşr üzərində işindən danışıb.
Muzeyin sahibəsi burada keçirilən hər bir görüşdə fürsətdən istifadə edib mütləq son xəbərlərdən, məsələn, kolleksiyanın necə zənginləşməsindən söz açır. Bu yaxınlarda Budapeştdən muzeyə hədiyyə olaraq üç miniatür kitab, o cümlədən XIX əsrin nadir nəşri olan “Fransızca-rusca lüğət” göndərilib. ABŞ-dan 4 kitab, İspaniyadan 12 kitab, o cümlədən “Nağıllar” kitabının faksimile nəşri daxil olub.
Bu gün təqdimatı keçirilən kitab 100 nüsxə tirajla, 40x45 formatda nəşr olunub. Onun 160 səhifəsində 23 fotoşəkil yer alıb.
Müəllif Həsən Quliyev bildirib ki, bu kitabı yazmasına “Əli və Nino” romanının müəllifliyi ətrafında qızğın polemika, Qurban Səidin, əslində, kim olması barədə bitib-tükənməyən mübahisələr səbəb olub.
Bu ilin mayında Bakı Bələdiyyə Teatrında “Əli və Nino” tamaşasının premyerası keçirilib. Tamaşada aktyorlar Nigar Həsənzadə və Elvin Mirzəyev azərbaycanlı Əlinin və gürcü qızı Ninonun məhəbbətini çox səmimi və həqiqi çalarlarla canlandırıblar. Əslində, həyatda ər-arvad olan bu aktyorların səhnədə məhəbbəti təsvir etmələrinə ehtiyac qalmayıb.
Bildirilib ki, əsər ilk dəfə 1937-ci ildə Vyanada alman dilində tamaşaya qoyulub.
Nigar Həsənzadə proqramda nəzərdə tutulduğu kimi, tamaşadan monoloq deyil, “Məhəmməd Əsəd bəyin vəsiyyəti”ni oxuyub. M.Əsəd bəy gələcək mübahisələri irəlicədən görərək, Qurban Səidin, əslində, kim olması barədə suala özü cavab verib: “Məni müsəlman kimi dəfn edin və başdaşımda Azərbaycan dilində yazın. Məni elə dəfn edin ki, cəsədimi çıxarmaq mümkün olsun. Mən Vətəndə dəfn olunmaq istəyirəm”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.