FaktXeber.com- un məlumatına görə, 1948-ci il dekabrın 10-da BMT İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib. Sənədin hazırlanması ilə məşğul olan Komitəyə prezident Ruzveltin xanımı Eleonora rəhbərlik edib. Sənəd BMT Baş Assambleyasında müzakirə olunarkən, Sovet İttifaqı bir neçə düzəliş təklif edib. Moskvanın əsas iradı ondan ibarət olub ki, sənəd BMT adından elan edilə bilməz. Çünki BMT-nin Nizamnaməsi onun dövlətlərin daxili işlərinə qarışmasına yol vermir, insan hüquqlarına isə dövlət müstəqilliyi məsələsindən ayrıca yanaşıla bilməz. Lakin SSRİ-nin təklifi rədd edilib.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (İB) 10 dekabr - İnsan Hüquqları Günü ilə bağlı müraciət qəbul edib. Müraciətdə bildirilir ki, irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin qəbul olunmasının 61-ci ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan çox soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin beşinci maddəsinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani, alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfər Azərbaycan vətəndaşı mənəvi-psixoloji gərginlik şəraitində yaşayır. Onlardan 169-u uşaq (65-i azyaşlı qız), 289-u qocadır (112-i yaşlı qadın). 150 nəfər (40-ı qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyib dünyasını dəyişib, 550 nəfər əsir və girovluqda qəddarcasına qətlə yetirilmişdir. Onların 104-ü qadındır.
Sənəddə deyilir: “Dünyada bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəklənməsinə, BMT-nin Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur”.
İctimai birlik beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmasına çağırır.
Müraciət BMT-yə, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.