2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin işi üzrə dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qarşıdurma yaranıb.
Vəkil Əsabəli Mustafayev “Media forum” saytına açıqlamasında deyib ki, proses başlayanda hakim Vaqif Mursaqulov video və foto çəkilişlərə icazə verdiyini bildirib. Bundan sonra zalda olan bir necə nəfər dəmir barmaqlıqlar arxasında olan təqsirləndirilən şəxslərin fotolarını çəkiblər: “Foto çəkilişi gedəndə hakim fikrini dəyişdi və yalnız video çəkilişlərə icazə verdi. Foto çəkənlərdən birinin zaldan çıxarılmasını istədi. Prosesdə iştirak edənlər və təqsirləndirilən şəxslər buna etirazlarını bildirdilər. Bu zaman zalda qarşılıq yarandı. İki-üç mülki geyimli şəxs dəmir barmaqlıqlara yaxınlaşıb Tural Abbaslı ilə mübahisə etməyə başladı. Zalda olanlar buna etirazını bildirdi, mülki geyimli şəxslərin kimlər olduqlarına dair izahat verilməsini tələb etdilər”.
Vəkilin sözlərinə görə, bundan sonra məhkəmə zalına bir necə nəfər polis də daxil olub. Əsabəli Mustafayev bildirib ki, qanunvericilik ədliyyə işçilərinin, polisin və mülki geyimdə olan hüquq mühafizə orqanı əməkdaşlarının proses zalına daxil olmasını qadağan edir: “Əgər ictimai asayiş pozularsa, onlar yalnız hakimin çağırışı ilə gələ bilərlər. Amma ictimai asayiş pozuntusunu elə həmin mülkü geyimdə olan şəxslər törətmişdilər, təqsirləndirilən şəxsləri söyür, onlara yumruq, təpik atırdılar. Vəkillərin, ədliyyə işçilərinin köməyi ilə mülkü geyimdə olanları çölə çıxarmaq mümkün oldu”.
Qarşıdurma yarım saatdan artıq davam edib. Hakim isə prosesdə fasilə elan edib. Zala qayıdanda isə mübahisələr yenidən bağlayıb: “Məlum oldu ki, bir necə vəkil prosesə gəlməyib. Hakim bunu əsas götürüb prosesin keçirilməyəcəyini söylədi. Amma bunu gərginliyi yatırmaq üçün etdilər. Proses dekabrın 16-na təxirə salındı”.
Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər də iştirak edib.
Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə alınaraq məhkum olunub.
Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Fuad Qəhrəmanlıya isə 2 il müddətinə şərti cəza verilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.