Bu gün Nərimanov Rayon Məhkəməsində "Hicaba azadlıq" aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun məhkəmə prosesi keçirilib
09-12-2011 / 14:02
Hakim Turqan Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bu gün yekunlaşıb və növbəti prosesdə dövlət ittihamçısının çıxış olacaq. Bu barədə FaktXeber.com-a Taleh Bağırovun vəkili Anar Qasımlı məlumat verib. “Dövlət ittihamçısı gələn məhkəmə prosesində yəni dekabr ayının 16-da çıxış edəcək. Məhkəmə prosesində istintaqda istifadə olunan video görüntülərə baxıldı və məhkəmə prosesi artıq yekunlaşdı. Növbəti məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək cəza istəyəcək.” Məhkəmə prosesində həbs edilən şəxslərin tam olaraq təqsirsizliklərinin sübut edildiyini bildirən Anar Qasımlı, məhkəmədən ədalətli qərar verilməsini gözlədiklərini qeyd etdi. “Bilirik ki, məhkəmə tərəfindən hər hansı bir ittiham aktı oxunacaq. Ancaq ən azından ümid edirik ki, xuliqanlıq maddəsi bu şəxslərin üzərindən götürülərək cəzanın miqdarını az təyin edəcəklər.”
Rəsmi məlumata görə, mayın 6-da, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə görə 15 nəfər həbs olunub. Onlar Cinayət Məcəlləsinin 221.2.2.(ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunurlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.