Qarabağ Azadlıq Təşkilatı tanınmış hüquq müdafiəçisi, vəkil İntiqam Əliyevin İstanbul hava limanında təzyiq və təhqirlərə məruz qalmasını qətiyyətlə pisləyir
09-12-2011 / 13:35
FaktXeber.com xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı hüquq müdafiəçisi, vəkil İntiqam Əliyevin İstanbul hava limanında təzyiq və təhqirlərə məruz qalmasını qətiyyətlə pisləyən bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, İntiqam Əliyev Azərbaycanda hüquqi maarifləndirmə, hüququ pozulanların, xüsusilə də qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin təmənnasız müdafiə olunması, bu tipli bir sıra işlərin beynəlxalq məhkəməyə çıxarılmasında ad çıxarıb, rəğbət qazanıb. O, beynəlxalq təşkilatlarda da yaxşı tanınır. Hava limanında belə bir şəxsə qarşı göstərilən münasibətə ad vermək də çətindir. Ümumiyyətlə, hər hansı bir şəxsə qarşı, o cümlədən Azərbaycan vətəndaşına qarşı bu cür hərəkətlər yolverilməzdir. Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir. Ona görə də hesab edirik ki, bu hərəkəti edənlər Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyir və bununla da düşmənlərin maraqlarına xidmət edirlər. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş bir həqarətdir.
Biz hesab edirik ki, Türkiyə hökuməti, Türkiyənin Azərbaycandakı səfirliyi bu məsələyə təcili aydınlıq gətirməli, günahkarların cəzalandırılması üçün tədbirlər görməlidir. Hava limanının rəhbərliyi İntiqam Əliyevdən, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirdiklərinə görə Azərbaycan xalqından üzr istəməlidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.