Rəşid Hacılı: "Hökumət internet televiziyaların lisenziyalaşdırılması üzərində düşünür"
Ələsgər Məmmədli: "İnterneti KİV olaraq qəbul ediriksə, onda qanunvericilikdə məzmunla bağlı məhdudiyyətlər internet üçün də keçərlidir"
08-12-2011 / 16:50
Faktxeber.com-un məlumatına görə, bu gün Media Mərkəzində Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda internet azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycanda internet azadlığının durumunun beynəlxalq təcrübə ilə müqayisədə vəziyyəti müzakirə edilib.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı internet televiziyaların lisenziyalaşdırılmasından danışıb: “Bu ilin yayında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Prezident Administrasiyasının sektor müdiri Əli Həsənov bildirdilər ki, hökumətin internet televiziyalarının lisenziyalaşdırılması ilə bağlı heç bir planı yoxdur. Bu barədə 1 il öncə də müzakirələr olmuşdu. İnternet televiziyanın və radionun nə olduğu barədə qanunvericilikdə heç nə yoxdur. Bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları naziri açıqlama verib ki, hökumət internet televiziyaların lisenziyalaşdırılması üzərində düşünür.”
Rəşid Hacılı həmçinin Azərbaycanda internetin problemlərin də danışıb: “Britaniya hökumətinin bizə verdiyi qrantlar hesabına araşdırmalar aparırıq. Hesab edirik ki, bizdə internetin əsas problemi məzmunla bağlı deyil. Əsas problem internetin texniki tənzimlənməsi ilə bağlıdır”.
Hüquqşünas Ələsgər Məmmədli isə Azərbaycanda internetin tənzimlənməsi üçün yetərincə qanunvericiliyin olduğunu bildirib: “Kütləvi informasiya vasitələri haqqında qanunda internet KİV olaraq göstərilib. Odur ki, konstitusiyanın 50-ci maddəsi internet üçün də keçərlidir. Məzmunun tənzimlənməsinə gəlincə isə, Azərbaycan qanunvericiliyində bunun bağlı kifayət qədər məhdudiyyətlər var. İnterneti KİV olaraq qəbul ediriksə, onda qanunvericilikdə məzmunla bağlı məhdudiyyətlər internet üçün də keçərlidir. Bundan əlavə, Azərbaycanda provayder və abunəçinin müqavilə şərtlərində müəyyən nöqsanlar var. Müqavilədə yalnız provayderin hüquqları göstərilir”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.