AYDIN CANIYEVİN HƏBSİ BARƏDƏ APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
Jurnalistin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edəcək
07-12-2011 / 08:55
Vəkil Elçin Sadıqovun “Media forum” xəbər saytına açıqlamasına görə, müqavilə dekabrın 4-də Aydın Canıyevin qardaşı Şahəddin Canıyevlə imzalanıb.
“Dekabrın 5-də Lənkəran Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Xahiş etdim ki, işlə tanış olmaq üçün şərait yaradılsın. Çünki mən jurnalistin müdafiəsinə yenicə qoşulmuşam”, - deyə o, bildirib.
Xatırladaq ki, Aydın Canıyev sentyabrın 7-də Lənkəranın Səpnəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.