Şimali Kiprdə göstəriləcək tamaşada Azərbaycanlı tələbə də rol alıb
06-12-2011 / 10:15
Tamaşanı Doğu Akdeniz Universitetinin Muzikal Topluluğu hazırlayıb. Muzikal Topluluğunun rəhbəri Ogün Öcelin verdiyi məlumata görə, “Kod adı: qocalar evi” tamaşası dekabr ayının 12-16 tarixlərində nümayiş olunacaq.
Oyunun yazarı və topluluğun yaradıcısı Halil Artur bildirib ki, tamaşanın əsas məqsədi insanları əyləndirmək və həmçinin onları maarifləndirməkdir: “Tamaşa absurd fars janrındadır və iki pərdədən ibarətdir”.
2 saata yaxın sürən tamaşanın rejisoru Bilgə Dalkaradır.
Tamaşada azərbaycanlı gənc jurnalist Cəfər Mənsimi də rol alıb. FaktXeber.com-a öz fikirlərini bölüşən Cəfər Mənsimi qeyd etdi ki, bu onun ilk rol aldığı tamaşadır: “Kiçik yaşlarımdan teatra getməyi çox xoşlayıram. Hər hansı bir tamaşanı seyr edəndə həmişə oyunçulardan birinin özüm olmağımı arzulamışam. Amma nədənsə səhnəyə çıxmağa utanmışam. Bu il Doğu Akdeniz Universitetində tələbə adını qazandım. Öyrəndim ki, universitetimizdə teatr topluluğu var. 2009-ci ildə yaradılıb. Bu günə qədər öz tamaşaları ilə 15 mindən çox tamaşaçını bir araya gətirib. Hazırda 45 üzvü var. Bu topluluğa üzv oldum. Düşünürəm ki, bu sahədə təcrübəli olmasam da rolumun öhdəsindən gələ bilmişəm. Tamaşada varlı və özündən razı insan rolunu canlandırıram. Bu adam uzun müddətdir ki, atasının üzünü görə bilmir. Çünki atası onun evlənməyinə qarşı çıxıb və onu tərk edib. Xanımı atanın mirasına sahib çıxmaq üçün ondan atasını öldürtməyini istəyir. Muzdlu qatil tutulur, amma qatilin bacarıqsızlığı üzündən ortalıq bir-birinə qarışır...
Sanıram ki, bu tamaşa gəncləri əyləndirməklə yanaşı, ailə sevgisinin önəminə də diqqət cəlb edəcək”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.