"İMPULS" QƏZETİNİN DÖYÜLƏN JURNALİSTİNDƏN YENİ XƏBƏR
Elşad Ümid baş verənləri tam xatırlamadığını söyləyir
06-12-2011 / 09:00
FaktXeber.com-un verdiyi məlumata görə, "İmpuls" qəzetinin mədəniyyət yazarı, tanınmış jurnalisti Elşad Ümid 4 gün əvvəl gecə yarısı naməlum şəxslərin hücumuna məruz qalıb. Baş və üz nahiyəsindən çoxsaylı zərbələrə məruz qalan jurnalist hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alır. Xəstəxananın qəbul şöbəsindən verilən məlumata görə, Elşad 02.11.2011 tarixində səhər saat 04.50-də Səbail rayonu Polis İdarəsi 8-ci polis bölməsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Həkim xəstənin başından çoxsaylı zərbələrə məruz qaldığını bildirib. Xəstənin üst dodağının altına tikişlər qoyulub.
Elşad Ümidin özünün bildirdiyinə görə, klipmeykerlərdən birinin ad günündən çıxıb evə gedərkən, evinin yaxınlığında tanımadığı şəxslər üstünə cumaraq onu döyməyə başlayıblar. Ona və baş və üz nahiyəsindən zərbələr endiriblər. Sonra qaçıblar. Bundan sonra o, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə tərəf gedib və bir qədər sonra huşunu itirərək yıxılıb. Ayılanda isə özünü xəstəxanada görüb.
Jurnalist döyənləri xatırlamadığını, ümumiyyətlə isə həmin vaxt nə baş verdiyi tam yadına sala bilmədiyini söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.