Vaqif Abdullayevi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüblər
05-12-2011 / 11:00
Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Vaqif Abdullayevin vəziyyəti pisləşib. Bu barədə FaktXeber.com-a Vaqif Abdullayevin ailə üzvləri məlumat veriblər. “Şənbə günü təcridxanaya yemək apararkən xəbər tutduq ki, vəziyyəti pisləşib, təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Dünən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Mərkəzinə görüşə getməyimizə baxmayaraq, görüş üçün icazənin ancaq məhkəmədən verilə biləcəyini söylədilər”, - deyə Vaqif Abdullayevin ailə üzvləri bildirdilər.
Abdullayevin səhhətindəki problemin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün Pentensiar Xidmətinin İctimaiyyətlə Əlaqədar şöbəsinə müraciət etdik. Şöbədən bu barədə qanunvericiliyə görə heç bir məlumat verə bilməyəcəklərini söylədilər.
Ailəsinin bildirdiyinə görə isə V.Abdullayevin səhhətində həbs olunandan ciddi problemlər olub və daim müalicə alıb. Onun bronxlarında iltihab var və əgər daim müalicə olunmazsa, astma xəstəliyinə çevrilə bilər.
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədovun yanvar ayında hakimiyyətin əleyhinə tənqidi çıxışından sonra AİP funksionerlərinə qarşı kütləvi həbs dalğası başladı. Əssassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.
Sonda aldığımız məlumata görə, Müalicə Müəssisəindən görüş üçün Apellyasiya Məhkəməsinin icazəsi tələb edilsə də, Məhkəmədən Abdullayevin ailəsinə görüş verməkdən imtina ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.