Emin Hüseynov: "Jurnalist əgər yazısını yazaraq normal maaş ala bilirsə, avtobusa veriləcək 20 qəpiyi balaca uşaqlar kimi ona güzəşt etməyə ehtiyac yoxdur"
30-11-2011 / 18:15
“Jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündəmə gətirmək lazımdır” Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri qeyd edib ki, bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi: “Həmin qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma bu məsələni gündəmə gətirmək lazımdır”. Onun sözlərinə görə, bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, bununla bağlı müəyyən razılıq əldə etməlidirlər: “Ancaq bu məsələ mütəmadi olaraq şuranın gündəmindədir. Bununla bağlı müvafiq qurumlara müraciətlər etmişik.”
Bəs tanınmış media nümayəndələrinin bu məsələyə qarşı münasibətləri necədir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən RATİ-nin rəhbəri Emin Huseynov, bu təklifə qarşı münasibətinin mənfi olduğunu bildirdi: “Əflatun Amaşovun işi jurnalistləri etik davranış qaydalarına riayət etməyə çağırmaqdan ibarətdir. Mən ictimai nəqliyyatın jurnalistlər üçün pulsuz edilməsinin qəti əleyhinəyəm. Çünki başqa az təminatlı təbəqələr yol xərclərini ödədiyi halda, nəyə görə jurnalistlər ödəməməlidir. Belə bir şey texniki cəhətdən mümkün olmayacaq. Ölkədə kifayət qədər saxta vəsiqələrdən istifadə edən jurnalistlər mövcuddur. Mən bir şeydə ictimai təşəbbüsü dəstəkləyə bilərəm ki, hər hansı bir jurnalist əlil olaraq əmək qabiliyyətini itiribsə və ya dünyasını dəyişibsə dövlət tərəfindən ona və ailəsinə hər ay yardım edilsin. Jurnalist əgər yazısını yazaraq normal maaş alırsa, avtobusa veriləcək 20 qəpiyi balaca uşaqlar kimi ona güzəşt etməyə ehtiyac yoxdur. Jurnalistlərdə digər şəxslər kimi çalışaraq halal pulunu qazanmalıdır. Yaxşı olardı ki, Əflatun Amaşov bunun yerinə təklif edərdi ki, jurnalistlərə digərləri ilə ayrı-seçkilik qoymayaraq, onların rahat formada ipoteka krediti götürməsinə şərait yaratsınlar. Bu çox qeyri-peşəkar bir təklifdir."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.