Təhsil Nazirliyinin şöbə müdiri Vüqar Əsgərov: "Təhsilin problemlərinin mətbuatda qaldırılmasında Təhsil Nazirliyi də maraqlıdır"
29-11-2011 / 18:12
FaktXeber.com-un məlumatına görə, bu gün Media Mərkəzində Yeni Nəsil Jurnalistlər Birliyi və RATİ-nin birgə həyata keçirdiyi “Media dördüncü hakimiyyət rolunda” proqramı çərçivəsində “Təhsil haqqlarının özü ilə gətirdiyi seçimlər” mövzusunda tədbir keçirilib. Tədbirdə jurnalist Rəna Allahverdiyevanın “Təhsil haqlarının özü ilə gətirdiyi seçimlər” mövzusunda araşdırma yazısı müzakirə olunub. Qeyd olunub ki, bu il təhsil haqqları maksimum artıb.
Tədbirdə jurnalistlərə araşdırma əsasında hazırlanmış slayd-təqdimat nümayiş olunub.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vüqar Əsgərov bildirib ki, bu kimi məsələlərin mətbuatda qaldırılmasında Təhsil Nazirliyi də maraqlıdır: “Təhsil sistemində yeni maliyələşmə sistemi tətbiq olunandan sonra ali məktəblər arasında rəqabət yarandı. Əvvəllər ödənişli və ödənişsiz ixtisaslarda oxuyan tələbələrin sayı arasında nisbət eyni idi. Amma yeni maliyələşmə sistemi tətbiq olunandan sonra müəyyən fərqlər ortaya çıxdı. Ali məktəblərin özəl fakultələrində təhsil haqqı dövlətin verdiyi vəsaitin 60 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.”
Təhsil üzrə ekspert Etibar Əliyev qeyd etdi ki, Ermənistanda ali məktəblərdə təhsil haqqı 400-600 dollardır: “Gürcüstanda isə hüquq-tibb ixtisaslarında təhsil haqqı 1600-1700 dollar arasında dəyişir. Bizdə rəqabət mühiti yoxdur. Türk ali məktəbləri bizim ali məktəbləri qabaqlayır. Reytinq cədvəlində Qafqaz Universiteti birincidir, amma biz etiraf etməliyik ki, Qafqaz Universiteti bizim deyil, türklərindir. Ramiz Mehdiyev deyirdi ki, mən 2 hüquqşünas tapıb Prezident Aparatına işə götürə bilmirəm. Doğrudan da bizdə təhsilin səviyyəsi çox aşağıdır. İndiki kefiyyətlə təhsilin qiyməti 1000 manatı ötməməlidir. Bankların heç biri tələbələrə güzəştli kredit verməkdə maraqlı deyillər.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.