Dövlət nümayəndələri elektron xidmətə keçidlə bağlı işlərin sürətləndirilərək davam etdiyini və uğurlu nəticələr əldə edə bilmək üçün vətəndaş cəmiyyətinin üzvləri daha geniş əlaqələrin qurulmalı olduğunu söyləyiblər
28-11-2011 / 17:34
“İnternews Azərbaycan” İctimai Birliyi Şəffaflıq Azərbaycan təşkilatı ilə birgə əməkdaşlıq etməklə “Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” adlı layihənin icrasını həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə baş verən korrupsiya halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və vətəndaş cəmiyyəti orqanlarının korrupsiya ilə mübarizəsinə təkan verməkdir. Layihə çərçivəsində vətəndaş cəmiyyətinin, dövlət qurumlarının və medianın iştirakı ilə dəyirmi masalar keçirilir.
FaktXeber.com-un verdiyi məlumata görə, növbəti tədbir elektron idarəetməyə keçid, dövlət qurumlarının və ictimaiyyətin elektron xidmətlərin göstərilməsinə hazırlıq səviyyəsi və elektron idarəetmənin korrupsiyaya qarşı mübarizədə rolunun qiymətləndirilməsinə həsr olunub.
İlk olaraq “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək elektron idarəetmənin həyata keçirilməsi, dövlət qurumlarının buna hazırlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də imzalandığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanından ötən müddət ərzində görülən işlər, əldə edilən nailiyyətlər və mövcud problemlər barədə danışıb. O, fərmana əsasən 3 ay müddətində hər bir dövlət orqanının internet səhifəsində xüsusi elektron xidmət bölməsinin fəaliyyət göstərməli, həmin bölmədə göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə, blank və digər sənədlərin elektron forması yerləşdirilməli olduğu halda hələ ki, işlərin ləng getdiyini deyib.
Daha sonra “İnternews Azərbaycan” təşkilatının nümayəndəsi İsmayıl Vəliyev çıxış edərək elektron idarəetməyə keçid üçün həm dövlətin, həm də vətəndaşların hazırlığına toxunub. O xeyli sayda insanın internetə çıxış imkanlarının məhdud olduğunu, internet xidməti göstərən şirkətlərin bəzi hallarda işinin öhdəsindən gələ bilmədiyini deyib. Vəliyev elektron idarəetməyə tam keçid, onun faydalarını hiss edə bilmək üçün internetdən istifadə imkanlarının genişləndirilməli olduğunu vurğulayıb.
Tədbirdə daha sonra Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev elektor idarəetməyə keçidin üstünlüklərindən danışıb və bunun olduqca vacib əhəmiyyət daşıdığını bildirib. Dəyirmi masaya qatılan dövlət nümayəndələri elektron xidmətə keçidlə bağlı işlərin sürətləndirilərək davam etdiyini və uğurlu nəticələr əldə edə bilmək üçün vətəndaş cəmiyyətinin üzvləri daha geniş əlaqələrin qurulmalı olduğunu söyləyiblər. Qərara gəlinib ki, tədbirin yekunu olaraq səsləndirilən tövsiyyələr sənəd şəklinə salınsın və müvafiq dövlət qurumlarına göndərilsin.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.