|
Üç-dörd il qabaq Bakının apteklərində Rusiya istehsalı metiltestosteron həbləri yetərincə idi və çox ucuz satılırdı - 20 həbdən ibarət qutusu pərakəndə satışda 30 qəpikə idi. Oral təyinatlı testosteronin sintetik əvəzedicisi kimi geniş tətbiq edilirdi. Həkimlər onu cinsi inkişafdan geri qalan yeniyetmə oğlanlara, döş xərçənginin ilkin əlamətləri müşahidə olunan qadınlara və ya erkən qısırlaşma müşahidə olunan kişilərə yazırdılar. İstifadəsi asan və zərərsiz idi. Gündə üç dəfə sorma üsulu ilə dil altına qoyulurdu və oral təyinatlı adi testosterondan fərqli olaraq qara ciyərə heç bir mənfi təsiri yox idi. Bir sözlə millətin sağlam və produktiv inkişafı üçün çox lazımlı preparat idi.
Amma iki-üç ildir ki, Azərbaycan apteklərindən bu dərman yoxa çıxıb və yerini əczaçıların eyni tərkibli saydığı, əslində isə oral istifadəli testosteron olan "Andreol" tutub. Niderland istehsalı olan bu preparat pərakəndə satışa 30 manata çıxarılır. Yəni yuxarıda sadalanan fəsadlarla üzləşmiş Azərbaycan vətəndaşı artıq müalicə üçün ən azı 100 dəfə artıq vəsait xərcləməlidir.
Əczaçılar apteklərdəki bu çeşid dəyişikliyi Rusiyada metiltestosteron istehsalının dayanması ilə izah edirlər. Əslində isə bu doğru deyil. Şimal qonşumuzda metiltestosteron istehsalı yenə də davam edir və qiyməti də əvvəlki kimi ucuz olaraq qalır. Məsələn, Rusiyanın topdansatış dərman ticarətçisi "Vitta Kompani" şirkəti Moskvada metiltestosteronun qutusunu 35 sentdən, yəni 26 qəpikdən təklif edir.
Metiltestosteron həbləri ilə baş verən bu proses əslində son illərdə Azərbaycanın bütün əczaçılıq bazarına xasdır. Azərbaycan Sağlamlıq Assosiasiyası bu dəyişikliyi bazarda dərman təchizatının dövlət nəzarətindən çıxaraq özəl şirkətlərin əlinə keçməsi ilə izah edir.
"İndi dərman bazarında ucuz dövlət təchizatından özəl şirkətlərin gəlirli biznesinə keçid müşahidə olunur. Yəni dərman idxal edən şirkətlər mənfəət dalınca qaçırlar. Ölkəyə dərman gətirən şirkət təbii ki, xaricdən ucuz gətirdiyi dərmanı baha satacaq. Şirkətlər həm də lap ucuz dərmanları gətirməkdə maraqlı deyillər, çünki gəliri az olur",- deyə Assosiasiyanın rəhbəri ceyhun Bədirov bildirir.
Apteklərdən də oxşar fikir səsləndirirlər və bildirirlər ki, artıq ucuz dərmanlara sifariş verilmir, yəni apteklərə təqdim edilən reseptlərdə əsasən bahalı dərmanlar tələb olunur - həkimlər xəstəyə bahalı dərmanlar yazırlar.
Bir neçə il bundan əvvəl firma dərmanlarının satışı ilə məşğul olmuş Azər Əliyev deyir ki, əslində həkimlərin reseptlərdə bahalı dərmanlar yazmasında da firmaların rolu var. Firmalar həkimlərlə anlaşmaya girərək, bahalı dərmanların yazılmasını stimullaşdırırlar. Bunun üçün şəhərdə fəaliyyət göstərən həkimlərin fəaliyyəti öyrənilir və onlar qeyri-rəsmi şəkildə kateqoriyalara bölünür. Məsələn, C kateqoriyalı həkim pasient sayı ayda 2-3 xəstədən çox olanlardır. B kateqoriyalı həkimlərin isə xəstə sayı gün ərzində 2-3-dən çox olur. A kateqoriyalı həkimlərin isə xəstə sayı gündə 5 nəfəri keçir. Firmalar əsasən A kateqoriyalı həkimlərlə işləməyə maraqlı olurlar, bəzən B kateqoriyalı həkimlərə də müraciət edirlər. Amma bəzi həkimlərin xəstə sayı gün ərzində 15 nəfəri keçir və firmalar onları A* kateqoriyalı adlandırırlar. Adətən A* kateqoriyalı həkimlər çox az olur və onlar eyni vaxtda bir neçə şirkətlə işləyirlər.
Şirkətlərin bu həkimlərə yazdığı dərmanlara görə ödədiyi faizlər də fərqlidir. Ən çox faiz antibiotiklərə görə ödənir - 20 faiz, çünki bu bazarda rəqabət yüksəkdir. Qalan dərmanlara 8-10 faiz komisyon haqqı verilir. Orta hesabla A* kateqoriyalı həkim gün ərzində dərman yazmaqdan 200 manata yaxın pul qazanır. A kateqoriyalı həkimlərin isə dərman firmalarından günlük qazancı 60-70 manatı keçir. Həkimlərin xəstələri müayinə etməkdən isə qazancı adətən dərmanlardan əldə etdiyi gəlirlərdən 2 dəfə aşağı olur. Təbii ki, belə olan şəraitdə həkimlər daha bahalı dərmanlar yazmağa meylli olurlar. Məsələn, həkimlər çox vaxt bahalı üçüncü nəsil antibiotiklər yazırlar və bu zaman bir güllə ilə iki dovşan vururlar. Birincisi, bu cür antibiotiklərin təsir gücü yüksəkdir, yəni xəstəliyin kökünü dərhal kəsir və həkim xəstənin yanında xüsusi hörmət qazanır, belə bahalı antibiotikə paralel yazılan göbələk əleyhinə preparat da bahalı olur. Həmçinin, üçüncü nəsil antibiotiklər qara ciyərə dağıdıcı təsir göstərir və həkim bunun əleyhinə də dərman təyin edir. Bədəni gücləndirən vasitələr və vitaminlər də belə həkimlərin "kompleks" müalicəsinə daxil olur. Nəticədə, normal müalicə ilə 60-70 manata başa gələn resept üçüncü nəsil antibiotik ilə müalicə nəticəsində 150 manata qədər yüksəlir, həm də xəstənin bədəninə vacib olmayan preparatların vasitəsi ilə dolayı zərərlər dəyir.
Əvvəllər bu bizneslə məşğul olan Azər deyir ki, A və A* kateqoriya həkimlərin əksəriyyəti bu cür üsullarla "ad-san" qazanıblar. Yəni həkimin "ad-sanı" yüksəldikcə möhtəkirlik səviyyəsi də artır.
Həkimin firma dərmanlar yazmasının uçotu adətən apteklərdə aparılır. Apteklərdə xüsusi jurnal var, reseptdən oraya həkimin və təyin olunan preparatın adı və satılan doza yazılır. Klinikalarda isə uçot həm də qutularla aparılır. Yəni xəstəyə təyin olunan firma dərmanların qutuları yığılaraq təhvil verilir və firmalardan komisyon haqqı bunun qarşılığında alınır. Deyilənə görə, istər özəl, istərsə də dövlət klinikalarına girmək üçün firmalar rəhbərliyə də haqq verirlər. Özəl klinikalarda bu asandır - birbaşa rəhbərliyə çıxırlar, deyilənə görə, bir-iki klinikadan başqa bütün özəl klinikalar firmalarla işləyirlər. Dövlət klinikalarında isə vəziyyət bir az mürəkkəbdir - firmalar poliklinikalara və ya dövlət xəstəxanalarına girdikdə sərt etirazlarla qarşılaşırlar və dərhal ərazidən çıxarılırlar. Amma müvafiq icra strukturunun müvafiq şöbəsini "gördükdən" sonra vəziyyət dəyişir, yəni buyuruq lap yuxarıdan gəlməlidir, ona görə də dövlət müəssisələrinə hər firma girə bilmir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirir ki, nazirlik həkimlərlə firmaların anlaşmaya gələrək bahalı dərman yazmaq cəhdlərinin qarşısını almağa çalışır.
"Keçən il biz vahid respept formasına keçdik ki, bu, firmaların həkimlərə birbaşa haqq ödəməsinin qarşısını xeyli aldı. Əvvəllər belə idi ki, firmalar apteklərdən həmin reseptləri yığırdılar və həmin respeptlərə görə həkimlərə haqq ödəyirdilər. İndi isə çox çətinləşib. Bu işə gedən apteklər qeyri-rəsmi jurnallar tuturlar. Amma bizim ayda 2-3 dəfə həyata keçirdiyimiz ani reydlər bu işin üstünü açır və apteklər cəzalandırılır", deyə A. Qədirli bildirdi.
Mətbuat xidmətinin rəhbəri əlavə etdi ki, firma nümayəndələrinin dövlət klinikalarına girişi də qadağan olunub: "İndi firmalar yalnız yeni dərmanlar üçün öz ofislərində təqdimatlar keçirə bilərlər və həkimləri bu tədbirlərə dəvət edə bilərlər ki, bu da beynəlxalq təcrübədə qəbul oluanndır. Bu səbəbdən biz bunu qadağan edə bilmərik".
İndi əczaçılıq bazarında vəziyyət elədir ki, dərmanların 99,5 faizi bahalı xarici dərmanlardır. Ucuz dərmanlar isə yalnız yerli istehsal nəticəsində bazara çıxarılır ki, onların payı 0,5 faizdən aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycana xaricdən 126 milyon manatlıq dərman preparatları gətirilib. Yerli istehsal isə 0,6 milyon manat təşkil edib. Keçmiş Bakı Əczaçılıq Fabrikinin bazasında yaradılmış yerli istehsal dar çərçivəni əhatə edir - 2010-cu ildə ölkədə 208,1 min manatlıq pensilin və ona yaxın dərmanlar, 393 min manatlıq qarışıq tərkibli dərmanlar, 39 min manatlıq isə sarğı materialları istehsal edilib. Müəssisənin əməkdaşları Azərbaycanda əczaçılıq bazarının kiçik olması üzündən yeni texnologiyalar gətirilməsinin qeyri-mümkünlüyünü bildirirlər.
"Biz on il qabaq alınmış avandanlıqla işləyirik. Məhsulumuzun elə güclü satışı yoxdur ki, sahibkara yeni sərmayələr qoymasını tövsiyə edək",- deyə istehsalla birbaşa məşğul olan menecerlərdən biri bildirib.
Yerli bazarın kiçik olmasını Səhiyyə Nazirliyindən də vurğulayırlar. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bir neçə il öncə Azərbaycanda iri əczaçılıq kompleksi yaratmaq və bir sıra həyati vacib prenparatların istehsalını ölkə daxilində təşkil etmək qərara alınmışdı. Bunun üçün xaricdən sərmayəçilər də cəlb edilib. Sərmayəçilər bazar araşdırması aparıblar və Azərbaycan, Gürcüstan kimi kiçik ölkələrdə əczaçılıq sənayesi qurmağın əlverişsiz olduğunu düşünüblər.
Amma MDB məkanında əhali sayına görə Azərbaycana yaxın ölkələrin əczaçılıq bazarını öyrəndikdə bu cür yanaşmanın elə də əsası olmadığını anlamaq olur. Məsələn, əhali sayına görə Azərbaycandan üç dəfə kiçik olan Moldovanın dərman bazarının 11 faizi yerli istehsalın payına düşür. Moldova Şərqi Avropanın Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Belarus və Ukrayna kimi ucuz və keyfiyyətli dərman preparatları istehsal edən ölkələrin qonşusudur və bu məntiqlə Moldova ümumiyyətlə dərman istehsal etməməlidir. Çünki, 3,5 milyon əhali üçün ucuz dəmir yolu və avtomobil nəqliyyatı ilə qonşu ölkələrdən, xüsusilə də eyni dilli Rumıniyadan dərman gətirmək çox asandır. Lakin ölkə hökuməti buna getmir və bir sıra strateji dərman preparatlarının istehsalını stimullaşdırır.
Azərbaycanın yerli istehsalçıları da ölkə hökumətinin bu cür siyasət yürütməsini istəyirlər. "Biz istəyirik ki, bu məsələdə bir əlaqələndirmə olsun, Səhiyyə Nazirliyi müəyyən strateji məhsulların istehsalının ölkə daxilində təşkil edilməsinə qərar versin və şirkətlərə bu məhsulların idxalı üçün icazə verməsin. Bu da həm ölkənin strateji ehtiyatının yaradılmasına imkan verər. Həm də yüzlərlə yeni iş yeri yaratmaq mümkün olar. Hazırda müəssisədə bir növbə - cəmi 60 adam işləyir. Əgər belə sifariş olsa, iki-üç növbəli işə keçə bilərik ki, işçi sayımız 200-ə çata bilər", -deyə Bakının dərman istehsal edən yeganə müəssisəindən bildirirlər.
İqtisadi İnkişaf Nazirliyindən (İİN) də yerli dərman istehsalının artırılmasına dəstək verə biləcəklərini vurğulayırlar. "Burada çətin bir iş yoxdur. Əgər Səhiyyə Nazirliyi hansısa strateji dərmanların ölkədə istehsalını vacib saysa və hansısa iş adamları bu sahədə uğur qazanacaqlarına əmin olsalar, onda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kredit ala bilərlər",- deyə İİN-dən bildiriblər.
Səhiyyə Nazirliyinin orta səviyyəli məmurları isə qiymət siyasətinə qarışmadıqlarını, yalnız preparatların keyfiyyətinə nəzarət etdiklərini söyləyirlər: "Qiymət məsələsinə şirkətlər baxır, gəlirləri olmasa, təbii ki, bu biznesə girişməzlər. Nazirlik qiymət məsələsini tənzimləmir",- deyə bildirirlər.
İqtisadçı ekpert Hafiz Babalı bildirir ki, Azərbaycanın dərman bazarında inhisarçılıq meylləri var və bu meyllər getdikcə dərinləşməkdədir. Dərman bazarını 3-4 inhisarçı şirkət nəzarətdə saxlayır və qiymətləri də onlar müəyyən edirlər. Yeni şirkətlərin bazara girməsi isə çox çətindir və elə ölkədə ucuz dərmanlar istehsal edəcək müəssisənin açılmasına da onlar maneəçilik törədir. Yəni xaricdən eyni tərkibli dərmanları gətirib 10 dəfə baha qiymətə sata bilməyəcəklərindən qorxurlar.
Ekspertin dediyi bu versiyanın nə dərəcədə doğru olduğu bir yana, amma doğru olan bir şey var ki, əhali xüsusilə də pensiyaçılar bəzən bütün aylıqlarını aptekdə qoymağa məcburdurlar. Məsələn, həkimə bir dəfə müraciət edən pensiyaçıya ən azı 6 qram antibiotik yazılır ki, onun da qramı 12 manatdır, göbələk əleyhinə preparat və iynə, pambıq, spirt birlikdə 100 manata yaxın edir. Pensiyaçı isə ayda 75 manat alır. Bunun sayəsindədir ki, artıq kənd yerlərində pensiyaçılar dərmanı nisyə alırlar. Həkimə bir dəfə müraciət edirlər və borca götürülmüş dərmanın pulunu bir neçə aya hissə-hissə ödəyirlər. ans
|