|
«Etiraz dalğası genişlənəcəyi, idarəolunmaz vəziyyətə çatacağı halda Amerikada Liviya, Misir, hətta İraq hadisələri baş verə bilər»
Amerikada «Uoll striti işğal et» etiraz dalğasının miqyası genişləndikcə, dinc nümayişçilərə qarşı polis zorakılığı da artır. Özünü demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi hesab edən ABŞ-da aksiya iştirakçılarına növbəti dəfə divan tutulması səhnəsi Koliforniyada lentə alınıb. Tələbə şəhərciyində təşkil olunan aksiya zamanı polislər əlləri arxadan bağlı və yerdə oturdulan insanlara çox yaxın məsafədən gözyaşardıcı qaz püskürüblər.
Xatırladaq ki, Birləşmiş Ştatlarda insanlar sosial bərabərsizliyin, iqtisadi tənəzzülün tezliklə aradan qaldırılması, işğal olunan İraq, Əfqanıstan və digər ölkələrdən Amerika hərbçilərinin geri qaytarılması və sair tələblərlə ayağa qalxıblar. Amma Yaxın Şərqdə xalq üsyanlarına böyük dəstək verən ABŞ hakimiyyəti nədənsə öz ölkəsində dinc nümayişləri zorakılıqla dağıdır, xalqın haqlı tələbləri yerinə yetirilmir. ASDP sədrinin müavini Yaşar Əsədovla da elə bunun səbəblərini araşdırmağa çalışmışıq.
Y.Əsədov sosial durumu ağırlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan Birləşmiş Ştatların 14 trilyon dollar dövlət borcu olduğunu xatırlatdı. Və bildirdi ki, Qərbdə, əsasən də Amerikada xalqa verilən yüksək imtiyazlar, güzəştlər getdikcə ləğv olunur, sosial çətinliklər artır. Bu isə istər-istəməz insanlarda narazılıqlar yaradır: «ABŞ-ın sosial-iqtisadi infrastrukturu 1990-cı ilə qədər mövcud olan SSRİ ilə qarşıdurmaya köklənmişdi. İnsanlara kapitalizm cəmiyyətinin sosializmdən daha üstün olduğunu sübut etmək, bu qurluşu nüfuzdan salmaq üçün Birləşmiş Ştatlar vətəndaşlarını ağlasığmaz sosial şərait yaratmışdı. Dünya ictimaiyyətini kapitalizmin daha yaxşı qurluş olduğuna inandırmaq məqsədilə bütün Qərb və Avropa dövlətlərində də insanlara xüsusi imtiyazlar verilmişdi. Lakin sovetlər birliyi dağılandan sonra Qərb bu şəraitin saxlanılmasına ehtiyac olmadığını düşündü. Ona görə də ABŞ-da mövcud imtiyazlar, güzəştlər yavaş-yavaş ləğv olunur. Amma geniş kütləni indiyə qədər ona verilən imtiyazlardan məhrum etmək o qədər də asan məsələ deyil. Qərbdə, Avropada insanlar bu cür yaşayış tərzinə öyrəşiblər. İndi onları bundan məhrum etdikcə etiraz dalğaları, narazılıqlar da təbii olaraq artır. Ümumiyyətlə, artıq Birləşmiş Ştatlar dövlətinin öz xalqını yüksək həyat tərzilə təmin etmək imkanları yoxdur».
Müsahibimizə görə, «Uoll striti işğal et», «Milyarderlərsiz Amerika» şüarı ilə başlayan hərəkat kapitalizm cəmiyyətinin əsl simasını üzə çıxarana qədər davam edəcək: «O baxımdan ABŞ hökuməti aksiyaları dəf etmək, amerikalıların haqq səsini boğmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Çünki etiraz dalğası genişlənsə, idarəolunmaz vəziyyətə çatsa, Amerikada Liviya, Misir, hətta İraq hadisələri baş verə bilər. Onsuzda bunun üçün münbit şəraiti də var. Yəni Birləşmiş Ştatların cənubu ilə şimalı, ağlarla qara əhali arasında tarixən bir qarşıdurma mövcuddur. Ona görə də Ağ Ev məhz dövlət maraqları naminə demokratik dəyərləri, insan haqlarını ayaqlayaraq, öz vətəndaşlarına belə fiziki təsir göstərir, dinc aksiyaları zorakı yollarla yatırmağa çalışır».
Bununla belə, Y.Əsədov öz xalqına divan tutan ABŞ hakimiyyətinin digər ölkələrdə baş qaldıran üsyanlara dəstək verməsi məsələsinə də aydınlıq gətirdi: «Göründüyü kimi, Birləşmiş Ştatlar dövləti neft və qazla zəngin İraqda, Liviyada, Suriyada, Misirdə və sair yerlərdə baş verən qiyamlara, bu ölkələrdə ayağa qalxan insanlara dəstək verir. Məsələ də ondadır ki, Amerika üzləşdiyi iqtisadi tənəzzülü İraqdakı, Liviyadakı, Suriyadakı neft və qaz ehtiyatları hesabına konpensasiya etmək istəyir. Ərəb dünyasında baş qaldıran qanlı hadisələr məhz enerji uğrunda baş verir. Və bu, Qərbin də iştirakçısı olduğu bir plandır».
ABŞ Dövlət Departamenti hər hansı ölkədə dinc nümayişçilərə polis zorakılığı tətbiq olunduğu zaman bununla bağlı müəyyən hesabatlar hazırlayır. Maraqlıdır, Dövlət Departamentinin sənədlərində Amerikanın özü ilə əlaqədar cəzalandırma mexanizmi öz əksini tapacaqmı? ASDP funksionerinin qənaətincə, ölkəsinin imicinə zərbə vurmamaq üçün bu qurum belə bir hesabat hazırlamayacaq: «Amma onsuzda Birləşmiş Ştatlar nüfuzunu itirib. Artıq amerikalılar da digər cəmiyyətlər kimi Birləşmiş Ştatlar dövlətinin çirkin siyasətinin «demokratiya»nın mahiyyətini, nəyə və kimlərə xidmət etdiyini başa düşürlər. Buna görə də ABŞ xalqı mitinqlərdə öz dövlətlərinin işğalçı siyasətini, milyardlarla vəsaitin hərbi hücumlara xərclənməsini tənqid atəşinə tutur, övladlarını qurban vermək istəmədiklərini bəyan edirlər».
Xəyal Şükür
|