Yəqin ki, bu sualı özünüzə vermisiniz. Bu suala hər kəs bir cür cavab verər. Biri deyər işsizlik aradan qaldırılmalıdır, biri deyər maaşlar və müavinətlər artırılmalıdır, biri deyər müharibə şəraiti olmamalıdır, kimisi deyər sənaye inkişaf etdirilməlidir, kimisi deyər kənd təsərrüfatına dəstək olmalıdır, kimisi deyər səhiyyə inkişaf etdirilməlidir və s. Bunları sadalamaq mümkündür. Bu deyilənlər də özü-özlüyündə doğru sözlərdir. Amma kök deyil. İstənilən məsələni həll edərkən ilk öncə onun kökünü tapmaq mütləqdir. Ona görə ki, kökü tapsaq, o birilər onsuz da özü avtomatik düzələcəkdir. Yuxarıda deyilənlərin də kökü,mənbəyi vətəndaşların ayrı-ayrılıqda bir fərd olaraq, şəxsiyyət olaraq yetişməsindədir.
Yəni insan faktoruna dayanır hər şey. Biznes təlimçilərinin məşhur sözü vardır: “Bir şirkətin ən böyük resursu onun insan resursudur”. Yəni şirkətin ofisi gözəl olarsa,məhsulları və qitmətləri ən optimal olarsa,ən son texnologiyadan istifadə edərsə, amma personalı zəif olarsa, istədiyi nəticəni ala bilməyəcəkdir.Qoyduğu sərmayəyə layiq vəziyyət alınmayacaqdır.Amma əksi olarsa, yəni personalı güclü,iş şəraiti mükəmməl olmazsa, tədricən o komanda çalışmasının nəticəsində istədiyi marketinq, texnologiya və digər tələb olunan iş şəraitini yüksək səviyyədə quracaqdır. Cəmiyyət də belədir. Hər şeyi qaydasında qoyaq, təhvil verək zəif bir cəmiyyətə, deyək buyurun.Bir müddət sonra müşahidə aparsaq görəcəyik ki, özləri hər şeyi darmadağın etdilər. Yəni bu tarix boyu belə olmuşdur. Hərhansı hökmdar inqilab və mərdlik sayəsində öz torpağını yadelli düşməndən qoruyur,gözəl iqtisadiyyat qurur, hər şey əla gedir. Amma özü dünyadan getdikdən sonra ya onu əvəz edə biləcək lider olmur, ya da cəmiyyətin tutumu azalmış olur. Nəticədə o qətiyyət və mərdliklə qurulmuş iqtisadiyyatı saxlaya bilmir. Yəni o müdrik hökmdarlarının zamanında asanlığa,rahatlığa öyrəşdilər. İstər-istəməz də o rəhbər də hər şeyi tənzimləyə bilmir bəzən.İnsanların fərdi inkişafına qədər görürsünüz gedib çıxa bilmir. Əslində ana xətlərini verir, amma bu da qalıb insanların tutumuna. Anlayan anlayacaq, anlamayan da özünü qeyri-səmimi, anlayan kimi aparacaqdır. Başqa bir misal versək, məsələn bir varlı atanın öz oğluna əxlaqi dəyərlər və vard-dövlət qoyub getməsi kimi.Yəni ata özü əziyyətlə, mərdliklə, əzmlə bu dərəcələrə yüksəlir (halbuki özü tutaq ki, kasıb və ziyalı olmayan bir kişinin oğlu olub), amma oğlu istər-istəməz atasının çəkdiyi əziyyəti çəkmədiyi üçün,onun üçün əxlaq,mal-mülk yanaşmaları bir o qədər də kamil püxtələşmir. Təbii ki, istisanalar heç vaxt qaydanı pozmaz. Amma əksərən belə olur.
Vətəndaşın dəyərli yetişməsi ana bətnindən başlayır. Savadlı, elmli,əxlaqlı,vətənpərvər insan, mərd və cəsur vətəndaş, amalı uğrunda mübariz olan və əzm ruhunda tərbiyə olunan gənc. Belə dəyərli insanlar dünyanın ən yaxşısı olmağına layiqdirlər. Bu zatən də belədir. Dünyanın inkişaf etmiş ölkələrinə baxsaq bunu asanlıqla görəcəyik. Görəcəyik ki, hər bir vətəndaşdan qətiyyət, mərdlik, sözübütövlük, özünəinam iyi gəlir. Birində az, birində çox. Amma ruhiyyə ölməmişdir. Önəmli olan da odur. Amma inkişaf etməmiş cəmiyyətlərə baxaq, insanlar daxildən qırılıblar. Mənəvi dəyərlər, o cümlədən özünə güvən, səliqəli geyim, səs tonu arxa plana düşüb. İnsan baxanda ürəyi sıxılır, necə deyərlər adamın lap borcları yadına düşür. Deyirsən, bəli artıq yıxılıb ölməyin tam vaxtıdır. Hamı mənfi enerji püskürür, mənfi hadisələr danışır. Müsbət bir şeyi də mənfi aura ilə danışırlar.
Yəni burada incə məsələlər vardır. Əslində vətəndaşı tam qınamaq da doğru olmaz. Çünki baxsaq ki, ailə vəya təhsilində bu dəyərlərdən söhət açılmayıb. Əzm,qətiyyət, özünə inamı itirməməmək, ciddi ailə qurmaq, özüənəməxsus peşə seçmək və s. haqda olan məslələr izah olunmayıb. Bu insan da necə gəldi yaşayıb, çatıb 25 yaşına. Natamam şəkildə buraxılıb cəmiyyətə. Əksərən onun tərbiyə etdiyi övladda da bu mənfi auralar qalır. Həmişə belə olmur, düzdür. İnsanlar var özləri-özlərini yetişdirirlər, ailələrindən az təsirlənirlər. Amma təəssüf ki, belələri azdır.
Ən ağrılı məsələ ondadır ki, inkişafdan qalan cəmiyyətin insanına bu dəyərlərdən danışanda, deyəndə ki, mədəni olmaq, savadlı olmaq, yaxşı övlad tərbiyə etmək, vətənini sevmək və s., deyir ki, sən Allah(c.c) çox danışma. Bilirsən necədir? Pul qazanmaq lazımdır, pul. Deyirsən ki, tamam, düz deyirsən pul qazanmaq lazımdır, bilirəm. Amma ilk öncə şəxsiyyət və layiqli vətəndaş olmaq lazımdır. Soruşur ki, nəyə lazımdır bu? Cavab verirsən ki, bəs bu belə olmalıdır axı. İnkişaf etmiş, varlı ölkələrə bax, görərsən ki, əksəriyyəti savadlı, əxlaqlı insanlardır. Rahat yaşayırlar, səviyyəli yaşayırlar, cəmiyyətlərində birlik, ədalət var. Yəni hər şey qaydasındadır. Deyir bəs bizlərdə niyə belə deyil ? Cavab verirsən ki, bu saydığım insani keyfiyyətlərə görə. Məsuliyyətlidirlər, sözübütövdürlər, mübarizdirlər, çətinlikdən qorxmurlar, ölkələrini və vətəndaşlarını sevirlər. Dostlarıyla düşmənlərini tanıyırlar. Sadəlövh deyillər. Əgər bunlar olarsa, o cəmiyyətdə maddiyat özü avtomatik düzələcəkdir. Hamı bir qarın çörək dalınca gününün 14 saatını sərf etməyəcəkdir. Çünki insanoğlu insan yaxşı yaşamağa layiqdir. Uca Allah(c.c)-ın neməti boldur öz bəndələrinə, amma insanların cahilliyindən istifadə edənlər dünyanı bu yerlərə gətirib çıxarmışlar.İnsanları bir qarın çörəklə baş-başa saxlamışlar.Müharibələr,acından ölmələr və s.Halbuki insanlar kiçik yaşlarından, dediyimiz kimi yuxarıda sadaladığımız dəyərlər əsasında tərbiyə olunsaydılar, başlarına bu oyunu gətirə bilməzdilər. Gətirməyə cəhd etsəydilər də, kişi kimi canlarını verərdilər insani dəyərlər uğrunda. Necə ki, belələri az olmamışdır insanlıq tarixində.
Biz mövzunu təyin etdik, ümid edirik ki, ətraflı izah edə bildik. Sual meydana çıxa bilər ki, inkişaf etməyə ehtiyacı olan bir cəmiyyətdə bu problem necə həll olunmalıdır?
Heç şübhəsiz ki, burada məsuliyyət o cəmiyyətin aydınlarının,müəllimlərinin,elm adamlarının və bu qəbildən olan vətəndaşların üzərinə düşür.Mənəvi borc olaraq bu insanlar islahatlar aparmalıdırlar.Xüsusən gənclərlə mütəmadi olaraq maarifçilik xarakterli dəyirmi masalar, fərdi inkişafın əhəmiyyəti, elmin dəyəri,vətənpərvərlik,düzgün ailə qurmaq və s. kimi mühüm məsələlər üzərində ciddi və konkret addımlar atılmalıdır.Əks halda o cəmiyyət məhvə məhkumdur.Məhv deyəndə, yadelliyə qul olmaq və satılmaq nəzərdə tutulur.
Uca Allahdan(c.c) bütün cəmiyyətlərin sivil və təfəkkürlü olmasını arzu edirik.
Vüsal Nadiroğlu
Fərdi İnkişaf üzrə Təlimçi