|
Müsahibimiz Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədlidir.
- Rövşən bəy, Hillari Klinton ABŞ-ın bütün ölkələrdə islamçı təşkilatlarla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. İslam Partiyasının buna münasibəti necədir?
- Hillari Klinton belə bir bəyanat səsləndiribsə, ilk növbədə etiraf olunmalı idi ki, ABŞ-ın indiyə qədər islam dünyası və islam mövqelərinə qarşı yeritdiyi siyasət yarıtmazdır, artıq onlar öz səhvlərini başa düşüblər və səhvlərini düzəltmək istiqamətində belə bir bəyanatla çıxış edirlər. Bu gün nəinki ABŞ, bir çox siyasi qüvvələr başa düşürlər ki, nəinki Azərbaycanda, dünyada islamçı mövqe ilə hesablaşmağın zamanıdır. Klintonun bu bəyanatına Azərbaycan İslam Partiyasının münasibətinə gəlincə, hesab edirəm ki, ABŞ heç bir siyasətində səmimi olmayıb. Yalnız və yalnız ABŞ-ın maraqlarını ifadə edib və indiyə qədər irticaçı bir siyasət aparıb, ədalətin tərəfində olmayıb. Ən azından Qarabağ probleminin həllində ABŞ-ın mövqeyi konstruktiv deyil, birtərəflidir, işğalçı Ermənistanı dəstəkləyir, yardım edir. Belə bir siyasət aparan dövlətin nə siyasətinə inanmaq olar, nə də onun islamçılarla əməkdaşlığında bizim maraqlarımızı nəzərə almasına inanmaq olar. Bu mənim şəxsi fikrimdir. İslam Partiyası bu fikri müzakirə edib partiyanın adından bəyanat səsləndirə bilər.
- Düşmənimin düşməni mənim dostumdur məsəlini nəzərə alsaq, rəhbərləri saxta ittihamlarla məhbəsə salınan İslam Partiyasının maraqları ilə ABŞ-ın maraqları hazırda üst-üstə düşürmü?
- Bu gün dünyada ən çox insan haqlarını pozan, insanlığa qarşı açıq şəkildə cinayətkar fəaliyyət göstərən dövlətlərin başında ABŞ dayanır. ABŞ-ı insan haqları maraqlandırmır. ABŞ-ın geosiyasi maraqları öndədir, Azərbaycan islamçılarının Azərbaycan hakimiyyəti ilə münasibətləri ABŞ-ın məsələsi deyil. Bu, daxili məsələdir. İslamçıların şərlənərək mühakimə olunması Azərbaycanda da etiraf olunacaq, etiraf olunacaq ki, bu, düzgün siyasət deyil. Öz vətəndaşlarını böhtanla, şərləməklə həbs etmək Azərbaycanın həm daxildə, həm dünyadakı imicinə xələl gətirən məsələdir. Bu gün Azərbaycanın özündə islamçılarla hakimiyyət arasında qara tikanlar əkənlər, uçurum yaratmaq istəyənlər var. Bu qüvvələr istəyirlər ki, vətəndaşla hakimiyyət arasında daimi uçurum qalsın. Bu, suyu bulandırıb özlərinə lazım olan balığı tutmaq istəyənlərin siyasətidir. İslam Partiyası dəfələrlə bəyan edib ki, biz yalnız və yalnız dövlət maraqları uğrunda mübarizə aparırıq. Bunlar Azərbaycan hakimiyyəti tərəfindən də başa düşüləcək, İslam Partiyasına qarşı olan qərəzli mövqe aradan qaldırılacaq. Amma bu işdə ABŞ-ın bizə yardımçı olacağına inanmırıq.
- Sizcə, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan korrupsiyaya qarşı mübarizə nəticə verdimi?
- Bizdə bir çox məsələlər dövlət səviyyəsində kampaniya xarakteri daşıyır. Bir neçə adamı həbs edirlər, yollardan polis yığışır, idarələrdə birbaşa rüşvət istəmirlər, bir neçə ay keçir, sonra hər şey qayıdır öz yerinə. Elə bil biz bunu kiməsə göstərmək istəyirik. Korrupsiya, rüşvət ölkədə bir qədər də artıb, çünki ortada bir neçə ay fasilə etdilər. Məsələnin həlli üçün ictimai nəzarəti təmin etmək lazım idi. Korrupsiya dövləti cinayətdir, onunla mübarizənin başında ən yüksək vəzifəli adamlar oturublarsa, bu, mübarizənin nəticəsinin necə olacağından xəbər verir.
|