FaktXeber.com xəbər verir ki, qəzetin əməkdaşları bildiriblər ki, baş redaktor Əvəz Zeynallı həbs olunandan sonra mülkün sahibi onlara xəbərdarlıq edərək, 3 gün ərzində ofisi tərk etmələrini tələb edib. O bildirib ki, “Akkord” şirkəti bu ərazidə bina tukəcək, bu səbəbdən də ofis boşaldılmalıdır. Redaksiya əməkdaşları isə hesab edirlər ki, bu, hakimiyyətin qəzetə qarşı növbəti təzyiqidir.
Məlahət Zeynallı (sinxron): “3 gün əvvəl bizə xəbərdarlıq olunub ki, ofisi tərk edək. Bir gün yubansaq da, bu gün ofisdən çıxırıq. Guya “Akkord” şirkəti burada ev tikəcək, amma ən azından yaxın 1 il ərzində elə bir layihənin baş tutacağına inanmırıq. Sadəcə bilirik ki, bu bizə olan təzyiqlərdən biridir. Əvvəlcə redaksiyanın əmlakını müsadirə etdilər, sonra Baş redaktorumuzu həbs etdilər, indi də ofisdən çıxarırlar. Bu növbəti təzyiqdir ki, “Xural” qəzeti dərc olunmasın.”
Məlahət Zeynallı onu da bildirib ki, bütün bu təzyiqlərə baxmayaraq, yaxın vaxtlarda “Xural” qəzeti həftədə bir dəfə dərc olunacaq. Belə ki, Müsavat partiyası qəzetin fəaliyyət göstərməsi üçün öz qərargahında redaksiyaya iki otaq ayırıb.
Xatırladaq ki, ümumilikdə 19 min manat məbləğində məhkəmə cərimələrini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da qəzetin əmlakı müsadirə olunub. Mətbəələr “Xural”ı çap etmədiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.
Oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsi baş redaktor Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Əvəz Zeynallı rüşvət almaqda ittiham olunur və barəsində cinayət işi açılıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox nüfuzlu beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir, Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
Emin Nəsirli