FaktXeber.com-un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyanın Qaradəniz sahili Soçidə yeni doğulan körpələri istəməyən analar üçün doğum evi və dövlət binalarının yanında "Baby-Box" adlı xüsusi qutular yaradılıb. İstənilən bir ailə dövlətin himayəsinə verilmək üçün yeni doğan körpələrini qutuya qoya bilərlər.
Mövzuyla əlaqədar mətbuata məlumat verən Soçi doğum evinin baş həkim köməkçisi Natalya Qorisyuk, "əgər qadın hər hansı bir səbəb üzündən uşağından gizli bir şəkildə imtina etmə qərarı versə, bu vəziyyətdə özü körpəsini bu qutuya qoya bilər. Qutuda qapılar bağlanan kimi, işıqlandırma, kondisioner və qızdırıcı sistemlər dərhal işə düşür", - deyə bildirib.
Ananın düşünmək üçün 30 saniyə zamanı olduğuna işarə edən Qorisyuk, "əgər ana qərarını dəyişdirərək uşağını geri götürməyi düşünürsə, ona 30 saniyəlik bir vaxt verilir. Bu zaman ərzində qutunun qapısı açıq qalır. Lakin sonra qutuların qapısı avtomatik olaraq bağlanır", - deyə xəbərdarlıq edib.
Qutunun xüsusi bir funksiyası da var, körpənin qutuya qoyulmasından sonra doğum evinə xüsusi bir siqnal gedir. Qutunun xarici pəncərəsində isə qırmızı işıq yanmağa başlayır. Bu siqnalı görən doğum evi növbətçisi qutuya yaxınlaşaraq körpəni götürür.
Körpəsinə qovuşmaq istəyən anaya daha bir şans verilir. Lakin ana körpənin özünə aid olmasını genetik analizlə təsdiqləməlidir. Səlahiyyətlilər körpədə bədən yaralarının olması vəziyyətində, hüquq-mühafizə orqanlarına müraciət edərək cinayət işinin açılmasını istəyirlər.
Rusiyada bu cür qutulara ehtiyac olduğunu söyləyən həkim Lyudmila Terentieva, "bizlər uşaqları qatar stansiyaları və digər uyğun olmayan məkanlardan yığırıq. Ümumiyyətlə, uşaqları ac və soyuq bir mühitə atırlar. İndi uşağını hər hansı bir səbəb üzündən böyüdə bilməyəcəyini düşünən ana, dövlətin etibarlı qutusuna körpəsini qoya bilər", - deyə əlavə edib.
Qeyd edək ki, Rusiyanın ən böyük problemlərindən biri də abortdur. Dünyanın ən çox abort edilən ölkəsində 2009-cu ilin məlumatlarına görə, hər 100 hamiləlikdən 73-ü abortla başa çatır. Hər il 800 min nəfər azalan Rusiyada 2009-cu ildə 1,3 milyon abort həyata keçirilib. Hələ də 140 milyon civarında əhalisi olan ölkə, lazımlı tədbirlər görməsə, BMT-nin hesablamalarına görə əhalisi 2050-ci ildə 116 milyona qədər düşəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.