|
Sabah Azərbaycan Respublikasının Konstitusiyamızın qəbul olunmasından 16 il ötəcək. Hazırda konstitusiyamıza nə dərəcədə riayət olunur? Qanun aliliyi hansı səviyyədə qorunur? Vətəndaşların ən çox hansı hüquqları pozulur? Vətəndaşlar pozulan hüquqlarını bərpa edə bilirlərmi? Hüquqlarımızı bilirikmi? Mövzu ilə əlaqədar Faktxeber.com-un suallarını hüquqşünas Ələkbər Məmmədov və Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev cavablandırıblar.
Hüquqşünas Ələkbər Məmmədov: “Konstitusiya ali qanun sayılır. Bəşəriyyət tarixinin qanunudur ki, cəmiyyəti idarə etmək üçün qanunlar lazımdır. Hər dövrün öz qanunları olduğu kimi, müasir dövrün də öz qanunları var və bu qanunlar demokratik əsaslara söykənir. Üçüncü növ ölkələrdə - mən onları “xəstə ölkələr” adlandırıram - çox təəssüflər olsun ki, qanunun aliliyi qorunmur. Bu ölkələrdə nə vətəndaşlar, nə də dövlət məmurları qanuna riayət etmirlər. Bu ölkələrdə cəmiyyət yazılmamış qanunlarla idarə olunur. Azərbaycan da belə ölkələrdən biridir. Konstitusiyaya uyğun yaradılan digər qanunlarda da konstitusiyaya zidd məqamlar var. Bundan əlavə, konstitusiyanın özündə elə maddələr var ki, hiss olunur, ancaq mövcud hakimiyyəti qorumaq məqsədi daşıyır. Bu da yolverilməzdir. Konstitusiya demokratik olmalıdır, insan haqlarını qorumalıdır, mövcud olan hakimiyyətə xidmət etməməlidir. Ən çox insan haqları, mətbuat azadlığı, mülkiyyət ilə bağlı hüquqlar pozulur. Siyasi və sosial məsələlərdə ən çox qanun pozulur. Vətəndaşlarımızın əksəriyyəti öz hüquqlarını bilmirlər. Lakin bu məmurlara ixtiyar vermir ki, vətəndaş hüququnu bilmədiyi üçün onun hüququnu pozsun. Konstitusiyamızda müəyyən boşluqlar var. Dövlət məmurları bu boşluqlardan istifadə edib qanunu istədiyi səmtə yönəldə bilir. Bunu bizim vətəndaşlar bilir, ona görə də inamsızlıq var. Vətəndaşları öz hüquqlarını bilməməkdə günahlandırırlar, amma heç bir maarifləndirmə işi aparmırlar. Dövlət müəyyən qrantlar verməklə, təşkilatlar açmaqla göstərmək istəyir ki, biz vətəndaşları maarifləndiririk, amma faktiki heç bir iş görmürlər. Bir ölkədə qanun keşiyində durmalı orqanlar tərəfindən vətəndaşların hüquqları pozulursa, hansı maarifləndirmə işindən söhbət gedə bilər?!”
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev: “Təəssüflə qeyd etməliyəm ki, biz arzusunda olduğumuz “qanun şah olmalıdır” istəyi tamam tərsinə oldu. Azərbaycanda şah qanundur. Bu bir sıra fəsadlar törədir. Bir ölkədə ki, qanun bir nəfərin diktəsi, şıltaqlığı, istəyi ilə idarə olunursa, o ölkədə böyük faciələr yaşanır. Konstitusiyanın fövqündə duran qüvvənin olması, Azərbaycan hökumətinin üç ayağının üçünü də laxladır. Həm qanunverici orqanın, həm icraedici orqanın, həm də ki, məhkəmələrin. Bu göz qabağındadır, günahsız insanlar həbsə atılır, şərlənir, seçki saxta keçirilir. İcra orqanı bir adamın adına park salmaq, bir adamın heykəlini qoymaqla məşğuldur. Belə vəziyyətdə konstitusiyanın aliliyindən danışmaq düzgün deyil. Ən çox insan azadlıqları və hüquqları, söz azadlığı pozulur. Vətəndaşlar o qədər ətalətə uğrayıblar ki, metroda kimsə ayağını tapdalayanda daha bərk qışqırırlar, nəinki onların haqqını, hüququnu tapdalayanda. Vətəndaşlar öz hüquqlarını qorumaq üçün Ablomov xəstəliyinə tutulublar. Maarifləndirmə üçün ən böyük silah elektron KİV-lərdir, televiziya kanallarıdır. Televiziyalar da iqtidarın diktəsi ilə işləyirlər. Azad və alternativ fikir yoxdur. Amma buna baxmayaraq, qəzetlər, saytlar nəsə edə bilər. Ən əsası odur ki, insanlar maariflənmək istəsinlər, ləyaqət hissini itirməsinlər. Azərbaycanda hələ ki, mənəvi-mədəni mühit formalaşmayıb. Buna mane olurlar. Buna mane olanda kütlənin də immuniteti zəifləyir”.
Cəfər Talıb
|