FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu iddia Gürcüstanda heroin qaçaqmalçılığı və ya fırıldaqçılıq kimi fərqli bəhanələr ortaya atılaraq həbs edilən türklərə aiddir. Son 2 ildə isə Gürcüstanda ümumilikdə 100 türk iş adamı həbs olunub... Baş nazir Rəcəb Tayyib Ərdoğanın işə qarışmasından sonra onlardan 33-ü sərbəst buraxılıb.
Baş nazir Ərdoğanın məmləkəti Rizəyə bayramda etdiyi ziyarət əsnasında, həmyerlisiləri yolunu kəsərək, "uşaqlarımız Gürcüstanda məhbusdur. Lütfən onları qurtarın" deyə yalvarıb. Baş nazir isə, "Allah-Allah, biz hamısını qurtardıq. Hətta mənə telefon açıb təşəkkür edirlər" deyə cavab verib. Əslində bu dialoq təxminən 2 ildir Gürcüstanla davam edən ciddi bir problemi təkrar ortaya çıxarır. Ticarət, ya da ziyarət məqsədiylə Gürcüstana gedən türklər, fərqli bəhanələr ortaya atılaraq həbs olunurlar. Sonra azad edilmələri üçün pul cəzası kəsirlər.
"Pul ver, azad ol"
Baş nazir Ərdoğanın vasitəçiliyi ilə azad edilən 33 vətəndaşın hamısının avtomobilindən heroin tapılıbmış. Amma həbs olunan türklər bu heroinleri avtomobillərinə polislərin qoyduğunu iddia edir. Onlar mühakimə müddətində də böyük miqdarda pul qarşılığında azad edilmələri təklifini alıblar.
"Bu rəsmi olaraq dövlət mafiyasıdır"
Elə həmin vaxtda da təxminən daha 62 türk vətəndaşı həbs edilib. Onların həbs olunma səbəbləri isə fırıldaqçılıq kimi maliyyə cinayətləridir. Onlar da sənədlərin saxta və şantaj məqsədli olduğunu iddia edirlər. Baş nazirdən xilası istənən məhbuslar da bu qrupa daxildir. Xilas olan türklər, özlərinə qurulan tələnin səbəbinin isə büdcə kəsiri olduğunu bildirirlər: "Gürcüstanda büdcəni doldurmaq üçün həbs olunan insanlardan, günahsız olduqları halda "Ədliyyə Tənzimləməsi" adı altında cinayətlər qəbul etdirilib yüksək miqdarda pul cəzası kəsilir."
Həbsxanadakılar tamamilə günahsızdır
Gürcüstan Zərərçəkmiş Ailələrə Yardım Mərkəzi və Həmrəylik Dərnəyi başçısı Nuriyyə Kaputoğlu, baş nazir Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlunun cəhdləri sayəsində 33 nəfərin sərbəst buraxıldığını, ancaq hələ də həbsxanalarda çoxlu sayda günahsız türk vətəndaşının olduğunu söyləyir: "Türkləri narkotik satıcısı kimi göstərib tələ quran polislər, 1 qram belə gəlməyən heroinləri öz qoyduqları yerdən çıxarırlar. Sıx səylərimiz sayəsində 33 nəfər azad edilib. Ancaq hələ də Gürcüstan həbsxanalarında 62 türk vətəndaşı var və bunların demək olar ki, hamısı günahsızdır."
Öz tikdiyi həbsxanada yatır
Müteahhit Orhan Aksu Gürcüstanda 3 həbsxana tikib. İndi isə onlardan birində - paytaxt Tiflisdə yerləşəndə yatır.
Maliyyə cinayətində ittiham edilən türklərdən biri də Orhan Aksudur. 2000-ci ildə Gürcüstanda işləməyə başlayan Orhan Aksuya aid "Aksmsheni" MMM şirkəti Gürcüstanda Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, 3 həbsxana, bank binaları, ticarət ofisləri, iqamətgah, yol və viyaduklar (gediş-gəliş üçün dərə, yol və s. üstündən çəkilən körpü) başda olmaqla çoxlu sayda inşaatı tamamlayıb. Gördüyü işlərin pulu ala bilməyən türk iş adamı, gürcü hökumətindən "yeni işlər verək və bu işlərdə ala bilmədiyin pulun hamısını ödəyək" təklifini alıb. Təxminən 100 milyon dollarlıq sərmayəsi, 15 milyon dollara yaxın texnika və təchizatı olan Aksu, təklifi qəbul etmək məcburiyyətində qalıb.
"Müharibə vəziyyətindəyik, vergi lazımdır"
Rusiya-Gürcüstan müharibəsinin başladığı ikinci gün olan 10 avqust 2008-ci ildə Maliyyə Polisi Aksuya aid "Aksmsheni" MMM şirkətinə gələrək araşdırma aparıb. Məhbus iş adamı və gənc mühəndisin əmisi oğlu İrfan Şahin baş verənləri belə izah edir: "Müharibə başladıqdan 2 gün sonra Maliyyə Polisi və Vergilər Nazirliyindən araşdırma aparmaq üçün əməkdaşlar gəldi. Təxminən 8 ay firmada araşdırma apardılar. Naməlum səbəblərdən firmamıza 1 milyon 450 min Lari (təxminən 690 min AZN - red.) cəza kəsdilər. Müharibə dövründə və sonra Gürcüstanda fəaliyyət göstərən bir çox xarici firmada vergi yoxlamaları aparıldı və yüksək məbləğli cərimələr kəsildi."
Orhan Aksu Maliyyə Polisi tərəfindən "mütəşəkkil dəstə yaratmaq" cinayətində ittiham olunaraq, 12 il müddətinə həbsə məhkum edilib.
Məhkumlar təhdid edir
Şahinin verdiyi məlumatlara görə, həbsxanaya salındıqdan sonra Orhan Aksunun iqamətgahı, torpağı, 20-ə yaxın texnikası müsadirə edilib. Öz tikdiyi həbsxanada 603 gündür "fırıldaqçılıq" ittihamıyla məhbus olan Aksu, zorla hədiyyə etdiyi pullarla birlikdə, təxminən 30 milyon dollar zərərə məruz qalıb. Həbsxanada isə, həbsxana tikdiyi üçün məhkumlar tərəfindən daim təhdid edilir. Hər gün pis bir xəbər gələcək qorxusuyla yaşayırıq.
"100 min dollar ver, buraxaq"
Gürcüstanda heroin qaçaqmalçılığı iddiasıyla 11 ay məhbus qalan 33 adamdan biri də Özgür Namlıdır. 28 yaşlı Namlı 2010-cu ildə turist kimi Gürcüstana getdiyini söyləyir: "Məni avtomobilimdən düşürdülər. Sonra polis axtarış əsnasında jelatinə bükülmüş kiçik paket tapdı. "Heroin tapdıq" deyə sevinclərindən atılıb-düşdülər. Halbuki mən narkotik bir yana, siqaret belə çəkmirəm. İttihamları qəbul etmədim. Sonra məni həbs etdilər. Məhkəmədə "100 min dollar ver və günahını qəbul et, buraxaq" təklifini etdilər. Mənim ailəmin bu pulu ödəyəcək gücü yox idi. Məcbur olaraq həbsxanada qaldım. 11 ay məhbus qaldıqdan sonra Baş nazir işə qarışdı. Heroin iddiasıyla həbs edilən hər kəs buraxıldı."
"Heroini gözümün qarşısında qoydular"
Çay eksperti olan və tutulduğu əsəb xəstəliyinin müalicəsi üçün Gürcüstana gedən Həmzə Kaputoğlu 7 ay həbsxanada qalıb. Başına gələnləri isə belə izah edir: "Gürcüstanda polislər məni saxlayıb avtomobilmi axtarmaq istədi. Bu tələni bildiyim üçün konsulluqdan nümayəndə istədim. Kamerayla çəkiliş apardılar. Bunu reyd olduğunu söylədilər. Bu şəkildə avtomobilimin axtarılmasına icazə verdim. Ancaq axtarış əsnasında maşınımın yanından ayrılmaq istəmədim. Bu dəfə məni maşından zorla 2 metr uzaqlaşdırıb məni başqa istiqamətə baxmağa məcbur etdilər. Bu vaxt avtomobilimə heroin paketini yerləşdirib, 5 saniyədə öz qoyduqları paketi tapdılar. Bizi əvvəl cinayəti qəbul etməyə məcbur etdilər. Sonra azadlığa buraxılmağımız üçün pul bazarlığına girdilər. Çox çətin günlər keçirdik."
Cavad Turan