Yəhudi əsilli Tsukerkandl ailəsinin şəxsi kolleksiyasına daxil olan həmin əsər 1941-ci ildə Gestapo tərəfindən müsadirə edilmiş
04-11-2011 / 11:24
Avstriyanın məşhur rəssamlarından biri, “Gənclik stili”nin tanınmış nümayəndəsi Qustav Klimtin (1862-1918) fırçasından çıxmış “Litzlberq am Attersee” əsəri “Sotheby´s” hərrac evinin Nyu-Yorkda keçirdiyi hərracda 40,4 milyon dollara satılıb.
Q.Klimt bu əsəri 1914-cü ildə füsunkar mənzərəsi və təbiət rəngarəngliyi ilə incəsənət vurğunlarını özünə cəlb edən Attersee adlı dağ gölü kənarında yerləşən Litzlberq kəndində dincələrəkən yaradıb.
Yəhudi əsilli Tsukerkandl ailəsinin şəxsi kolleksiyasına daxil olan həmin əsər 1941-ci ildə Gestapo tərəfindən müsadirə edilmiş, müharibədən sonra isə Zaltsburq Müasir İncəsənət muzeyinə verilib. Tsukerkandl ailəsinin varisi, Kanadada yaşayan 83 yaşlı Qeorqes Yoriş restitusiya haqqında qanunun imkanlarından istifadə edərək, ailəsinə məxsus olan əsəri 2011-ci ilin yazında Avstriya Respublikasından geri alıb.
Q.Klimtin 2006-cı ildə 135 milyon dollara satılan digər əsəri - “I Adele Blox-Bauer” portreti isə Avropa rəssamlarının əsərləri içərisində ən yüksək qiymətə satılan tablodur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.