"YENİ MUSAVAT" VƏ "AZADLIQ" "SƏS" QƏZETİNƏ CAVAB VERDİ
Qənimət Zahid: "Biz ABŞ-da və dünyanın digər ölkələrində, hansı ki, Azərbaycanda maraqları var, onların dövlətimizlə bağlı siyasətlərini və bizim cəmiyyət üçün cəlbedici hadisələri işıqlandırırıq"
Azər Ayxan: ""Yeni Müsavat" qəzetində ABŞ-da və Avropada başlayan sosial aksiyalarla bağlı xəbər janrında məlumatlar dərc olunub"
03-11-2011 / 17:18
“SƏS” İnformasiya Agentliyi «“Yeni Müsavat” və “Azadlıq”ın yaza bilmədiyi gerçəklər “Səs”in səhifələrində» adlı məqalə dərc edib. ABŞ-da baş verən “Wall Street” hadisələrindən bəhs edilən məqalədə, həmçinin adıçəkilən qəzetlərin bu məlumatları gizlətmətməsi tənqid olunub. Eyni halda məqalədə bildirilir: «Mübarək, Qəzzafi və digər rejimlərdən ağız dolusu danışan, xüsusən özlərini demokratiya carçısı adlandıran müxalifət mətbuatı nəyə görəsə ABŞ və Avropadakı rejimlərin vətəndaşlara tutduqları divandan söhbət belə açmırlar. ABŞ-la düşmən mövqeyində olan ölkələrdə iki nəfərin dalaşmağını az qala silahlı toqquşma kimi qələmə verən “Azadlıq”, “Yeni Müsavat” və s. qəzetlər və “Azadlıq” radiosu nədənsə ABŞ və Avropada baş verənlərdən bir cümlə də xəbər dərc etməyiblər.“
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmaq üçün “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxana müraciət etdik. Həmin münasibəti sizlərə təqdim edirik.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid ABŞ-da baş verən hadisələrin nədən ibarət olduğunu bilmədiyini qeyd etdi: “Düzünü desəm ABŞ-da baş verən hadisələrin nədən ibarət olduğunu bilmirəm. Bundan əlavə, hər bir cəmiyyətin özünə məxsus standartları mövcuddur. ABŞ-da və Qərbi Avropada yoxsul həyat səviyyəsi Azərbaycanın orta təbəqəsi üçün hələ ki, arzu və xəyal olaraq qalır. Bu məsələnin birinci tərəfidir. Digər tərəfdən Qərb demokratiyası şəraitində gündə həmkarlar təşkilatlarının və digər peşə birliklərinin etiraz aksiyaları baş verir. Biz dünyada baş verən bütün hadisələri işıqlandırmaq imkanında deyilik. Biz ABŞ-da və dünyanın digər ölkələrində, hansı ki, Azərbaycanda maraqları var, onların dövlətimizlə bağlı siyasətlərini və bizim cəmiyyət üçün cəlbedici hadisələri işıqlandırırıq.
Eyni halda həmin ölkələrdə dərc olunan yazıları Azərbaycan oxucusunun diqqətinə çatdırırıq. Azərbaycanda çoxlu sayda qəzetlər var və bu qəzetlər deyilən hadisələrlə bağlı məlumat verə bilərlər. Biz Qərbdə baş verən hansısa siyasi-ictimai məlumatı dərc edərkən, demirik ki, digər qəzetlər bunu niyə dərc etmirlər. Mən “SİA”-nın yazdığı məlumatı özüm Qərb mətbuatından izləyirəm”.
Azər Ayxan: “Təəssüf edirəm ki, “Səs” qəzeti “Yeni Müsavat” qəzetində gedən məlumatları ya oxumur, ya da ki, oxuyub bizim nə yazdığımızı görə bilmir. “Yeni Müsavat” qəzetində ABŞ-da və Avropada başlayan sosial aksiyalarla bağlı xəbər janrında məlumatlar dərc olunub. Eyni halda bu məsələlərlə bağlı ekspertlərin mövqeyini öyrənmişik və bu istiqamətdə özüm şəxsən hakimiyyətə yaxın deputatlardan münasibət öyrənilməsinə dair göstəriş vermişəm. Hətta baş verən hadisələrdə polis zorakılıqları ilə bağlı da, deputatların münasibətlərini işıqlandırmışıq. Çalışırıq ki, vaxtaşırı olaraq bu mövzuya qayıdaq. Görünür “SİA”-da olan həmkarlarımız hansısa səbəblərdən bunu ya görmürlər, ya da ki, «görmürlər».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.