Bakı şəhər Baş Polis İdarəsində bu ilin 19 aprel tarixində Prezident Administrasiyasının (PA) qarşısında keçirilən etiraz aksiyasında döyülən “Bizim Yol” qəzetinin reportyoru Ramid İbrahimovdan izahat alınıb. Buna səbəb jurnalsitin hüquqlarını müdafiə edən Media Hüququ İnistitutunun Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının qanunsuz hərəktələri ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinə etdiyi müraciət olub. Müraciətdə Səbail RPİ-ə ünvanlanan ərizəyə cavab verilməməsi və dəfələrlə idarəyə müraciətlərin edilməsinə baxmayaraq, reportyoru döyən və təhqir edən polis serjantları barəsində hansısa cəzanın tətbiq olunub-olunmaması haqqında məlumatın verilməməsi olub.
DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov ona ünvanlanan müraciəti Bakı Şəhər Baş Polis İdarəsinə göndərib. Ramid İbrahimovun FaktXeber.com-a verdiyi məlumata görə, Polis İdarəsində ondan izahat alınıb, ona əlavə məlumat veriləcəyi bildirilib.
“İdarənin əməkdaşı İlkin Hüseynov izahatımda məni döyən və təhqir edən polis əməkdaşlarını yenidən görsəm tanıya bilib-bilməyəcəyimlə maraqlandı. Mən də bildirdim ki, həmin şəxsləri sonralar da aksiyalarda görmüşəm, simaca tanıyıram və Səbail Rayon Polis İdarəsində işlədikləri barədə məlumata malikəm. Ərizəmdə yazılanların fakt olmasını sübut etmək üçün PA-nın ətrafında yerləşdirlən kameraların görüntülərindən də istifadə olunmasını xahiş etdim. Jurnalist kimi peşə borcumu yerinə yetirərkən, fotoaparatımın Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq alındığı üçün mənə fiziki və psixoloji təzyiqlər göstərən polislərin şəkilini çəkə bilmədiyimi vurğuladım”, - deyə R.İbrahimov qeyd edib.
Jurnalist onu da bildirib ki, M.Hüseynov ondan Daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və Səbail RPİ-in rəisinə poçt vasitəsi ilə ünvanladığı müraciətlərin qəbzini istəyib, o isə bu sənədləri də idarənin əməkdaşına təqdim etdiyini bildirib.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı R.İbrahimov “Mur-Ay” MMC-nin aldatdığı 100 nəfərə yaxın payçının 19 aprel 2011-ci ildə keçirdiyi aksiya zamanı polislər tərəfindən döyülərək təhqir olunmuşdu. Jurnalist daxili işlər Naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və Səbail Rayon Polis İdarəsinin rəisinə şikayət ərizəsi ilə müraciət edib. Jurnalistin müraciətinə adı çəkilən qurumlardan yalnız Baş Prokurorluq cavab verib və müraciətin Səbail RPİ-yə göndərildiyi bildirilib. R.İbrahimov sona qədər mübarizə aparmaq və qanunu pozan polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasında nail olmaqda israrlıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.