Bəzən insanlar düşüncə fərqlilikləri ilə bir-birini, mədəni dillə desək incidirlər. Bu incitmələr bəzən uzun-uzadı polemikalara çevirilir. Əslində, hər kəsin fikir və düşüncəsinə hörmətlə yanaşılmalıdır: istər ateist olsun, istər müsəlman, istərsə də buddist. Əgər insanlar bir-birinin hüquqlarına, şəxsiyyətinə, etiqadına hörmət etsələr həqiqət özü sübh erkən parlayan günəş kimi ortaya çıxacaq. Daha saqqız kimi uzanan müzakirələrə ehtiyac olmayacaq. Heç kəs bir-birini alçaltmayacaq.
Bu yaxınlarda “Allah insanları təhqir edir” adı altında müzakirəyə şahid oldum. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə belə bir ayə var - “Onlar heyvan kimidirlər, bəlkə də, ondan da aşağıdırlar”. Bu kəlama kənardan baxdıqda müxtəlif cür düşünə bilər, insan. Deyə bilər ki, Allah insanı niyə bu qədər danlayır? İndi xəta və günah edən hər insan heyvandan aşağı olmalıdır? Cavab necə olacaq: yox, yoxsa hə?
Bu həqiqəti də heç bir fərd inkar etmir. Bu yaxınlarda belə bir mənzərə gördüm. Yolum Xocahəsən məscidinə düşmüşdü. Kəndin palçıqlı yolları ilə irəliləyirdim. Günəşin üzü qızarmışdı, yavaş-yavaş buludların arxasında gizlənirdi. Artıq axşam olurdu. Axşam düşdüyündən və kənd yeri olduğundan məscidə gedən yolda qoyunlar da məni müşayət edirdi. Gülməyin. Kənd yerində bu gündəlik mənzərədir. Amma burada maraqlı və düşündürücü bir məqamla rastlaşdım. Otlaqdan sürü halında evə - axura gedən qoyunlar, 4 yol ayrıcında ayrıldılar. Hər qoyun öz axuruna. Şüursuz heyvanın sahibinin qarşısında olan itaəti... Maraqlıdır deyilmi...?! Amma insanoğlu ona həddsiz-sərhədsiz nemət verən aləmlərin rəbbi olan Allaha tərəf getmir ki, getmir...
Hələ ömür boyu xalqına zülm edən diktatorları düşünəndə adamın gözü kəlləsinə yox, kəlləsinin deşib asimana çıxır. İndi siz deyin Müaviyə, Yezid, Bin Əli, Mübarək, Salehi, Qəzzafi və hazırda onların davamçısı olanlara insan demək olar?! Məncə yox, hətta heyvanda demək olmaz. Bu cür insanlar tamamilə insanlıqdan çıxıb məncə. Bu ki, faktdır. Bəlkə də onlara heyvan deməklə heyvanları təhqir etmiş olarıq.
Heyvanlıq dərəcəsi - onlar bunu çoxdan aşıblar. Heyvanlıq artıq bu cür insanların "kamal mərtəbəsi"nin aşağı pilləsidir. İndi təsəvvür edin heyvanlıq dərəcəsindən aşağıda olan belə insana bənzər məxluqlar xalqlara rəhbərlik edir, onları mənimsəyirlər. Bir sözlə desək minib çapırlar. Cəmiyyəti polis rejimində idarə edirlər. "Bəs mənim azadlığım" deyəni əzirlər, döyürlər, həbs edirlər, öldürürlər… Belə rəhbərlərə insan demək təhqirdir, yoxsa heyvan. Ya da, Allahın buyurduğu kimi - "heyvandan aşağı". Deyirəm belə "insanlar"dansa adamın bir sürü qoyunu, mal-qarası olsa yaxşıdır. Atın, itin vəfasından danışmağa ki, dəyməz heç.
İndi siz deyin, Allah gözəl buyurub, ya yox..?!
Tural Həsənli