Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Partiyasının birgə bəyanat yayıblar
31-10-2011 / 10:00
“Azərbaycan hakimiyyəti daxili demokratik qüvvələrin və sivil dünyanın çağırışlarına məhəl qoymayaraq, ümumbəşəri dəyərlərə nümayişkar sayğısızlığını davam etdirir.” FaktXeber.com-un verdiyi məlumata görə, bu sözlər Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Partiyasının birgə yaydığı bəyanatda səsləndirilib. Bəyanatda daha sonra deyilir: “Hakimiyyət son illərdə fəaliyyətinə çoxsaylı süni maneələrlə əngəl törətdiyi, əsassız məhkəmə iddiaları ilə fantastik məbləğlərdə cərimə etdirdiyi Azərbaycanın müstəqil mətbuatının boğulmasına yönəlik cəhdlərinə ara vermir.
Bir müddət əvvəl dövriliyini, eyni zamanda, ictimai rəyə təsirini artıraraq Azərbaycan mediasına yeni fon verən “Xural” qəzetinin əmlakı müsadirə edildi və bu səbəbdən nəşri dayandırıldı. Lakin hakimiyyət bütün bunlarla kifayətlənməyərək, daha bir saxta ittihamla “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə qərar verib.
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) “Xural” qəzetinin məcburiyyət qarşısında fəaliyyətini dayandırmasını və onun baş redaktoru Əvəz Zeynallının həbs edilməsini qətiyyətlə pisləyir, bunu ölkədə söz və mətbuat azadlığının boğulması, özünüifadə sərbəstliyinin tam məhdudlaşdırılması kmi qiymətləndirir.
VİP və ALP Ə.Zeynallının ən qısa müddətdə azadlığa buraxılmasını və “Xural” qəzetinin nəşrinin bərpasına şərait yaradılmasını tələb edir.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.