|
Bu gecə saat 5:00-da Azərbaycan saatlarının əqrəbini bir saat geri çəkərək qış vaxtına keçəcək. Dünyada 120 ilə yaxındır ki, tətbiq edilən bu prosedur 15 ilə yaxındır ki, Azərbaycanda da gerçəkləşdirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə göstərilir. Amma son onilliklərdə dünya üzrə "yay vaxtı"nın tədbiqinin vurduğu bioloji zərərin iqtisadi faydasından çox olduğunu düşünənlərin sayı getdikcə artmaqdadır. Belə düşününlər Azərbaycanda da var və onlar hətta hökuməti bu addımdan çəkindirmək üçün məhkməyə veriblər.
Əslində yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur. Yay vaxtına keçilməsi mart ayının sonuncu bazar günü həyata keçirilir. Oktyabda isə saat yenidən geri çəkilərək “qış vaxtı”na keçilir. “Qış vaxtı”na keçilməsi oktyabr ayının sonuncu bazar günü həyata keçirilir.
1981-ci ildən dünyanın 76 ölkəsində yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif edib. İngiltərədə ilk dəfə isə saatlar 1908-ci ildə çəkilib. Azərbaycanın daxil olduğu Rusiya İmperiyasında isə ilk dəfə "yay vaxtına" keçid 1917-ci il iyulun 1-də Müvəqqəti Hökumət tərəfindən tətbiq edilib. Həmin il dekabrın 27-də isə yenidən qış vaxtına dönülüb. Sovet dövrünün ilk 10 ilində, yəni 1930-cu ilə qədər vəziyyətin necə olduğu qaranlıqdır. Amma 1930-cu ildə saatların əqrəbinin sabit saxlamı barədə sərəncəm verilib. Bu praktika SSRİ-də 1981-ci ilin aprel ayının 1-dən bərpa edilib və bu, 1991-ci ilə kimi davam edib. 1991-ci il fevralın 4-də SSRİ Nazirlər Kabinetinin xüsusi əmri ilə yay vaxtına keçid ləğv edilib, Müstəqil Azərbaycanda ilk dəfə 1995-ci ilin noyabrında "qış vaxtına" keçid tətbiq edilib. Daha sonra Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməyə başlayıb. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir.
Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Bir çox elmi-tədqiqatlar yay vaxtina keçidin insan sağlamlığına mənfi təsir etdiyini nümayiş etdirir. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Aparılan sorğunun nəticələrinə əsasən müəyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü - yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlərin sayı artır.
Bundan əlavə insanların əmək qabiliyyətində də azalma müşahidə edilir. Buna əsasən, alimlər yay vaxtının insan səhhətinə mənfi təsir göstərməsi barədə son, rəsmi nəticəyə gəlib. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri də saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaratdığını sübut edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur. Yay vaxtına keçilməsi hətta qadınlarda hormonal dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Saat əqrəblərinin çəkilməsinin mənfi təsirini psixoloqlar da qeyd edirlər. Psixoloqlar hesab edirlər ki, saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur
Azərbaycanın Uşaq Hüquqlarını Müdafiə Liqası da "yay-qış vaxtı"na keçidi əsassız hesab edir və Azərbaycan hökümətini bu praktikanı ləğv etməyə çağırıb. Liqanın rəhbəri Yusif Bəkirov açıqlamasında bildirib ki, saat əqrəblərinin bu cür dəyişdirilməsi insanların bioloji saatını pozur ki, bu da ilk növbədə uşaqlara təsir göstərir. Bəkirovun hökuməti ünvanladığı müraciətlərə yalnız Səhiyyə Nazirliyindən cavab gəlib. Nazirliyin cavabında bildirilir ki, qeyd olunan məsələ ilə bağlı ölkə daxilində elmi araşdırmalar aparılmadığından bu barədə dəqiq fikir bildirmək imkanında deyillər: “Yay vaxtının tətbiq edilməsinin insanların səhhətinə təsiri barədə nəticə çıxarmaq üçün insanlar arasında geniş miqyaslı sorğunun keçirilməsi və nəticələrin respublikanın həkim mütəxəssisləri tərəfindən təhlil edilməsi tövsiyyə edilə bilər”. Uşaq Hüquqlarını Müdafiə Liqasının Sənaye və Energetika Nazirliyinə, Statistika Komitəsinə, keçidə nəzarət tapşırılan Standartlaşdırma, Metoorologiya və Patent üzrə Dövlət Komitəsinə, Nazirlər Kabinetinə etdiyi müraciətlər isə cavabsız qalıb.
Y.Bəkirovun sözlərinə görə, 2010-cu ilin may ayında yay vaxtına keçidin ləğvi üçün Nazirlər Kabinetinin 1997-ci il 17 mart qərarı barədə Konstitusiya Məhkəməsinə müraciət ediblər: ”Məhkəmə 2 ay ərzində bizim şikayətimizə baxmalı idi. Ancaq 7 ay keçəndən sonra onlar imtina qərarı verdilər. Bundan sonra biz bu ilin iyun ayının 22-də Avropa məhkəməsinə müraciət etdik".
Liqa öz məhkəmə iddiasını Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci (Dövlətin Ali Məqsədi), 26-cı ( İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 41-ci ( Sağlamlığın qorunması hüququ) və 130-cu ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi) maddələrinə əsaslandırır.
Amma elmi araşdırmalar yay vaxtına keçidlə elektrik enercisinə qənaət edildiyini ortaya çıxarır. Rusiya Elmlər Akademiyasının araşdırmasına görə, yay vaxtına keçid nəticəsində bu ölkədə adambaşına 16 kilovat saat enerjiyə qənaət edilir. Azərbaycanda səhərin daha erkən açıldığı nəzərə alınarsa, qənaətin daha çox olduğun müəyyən etmək olar. Amma həmin göstərici ilə belə götürdükdə bu, respublika səviyyəsində 9 milyon manat qənaət deməkdir. Həmçinin insanlar illərlə qazanılmış təcrübəyə əsasən bildirirlər ki, yay vaxtı erkən saatlarda insanın iş fəallığı daha yüksək olur, məhsuldarlıq artır. Yəni bu məsələnin dolayı faydalarının daha yüksək olduğu bildirilir. Qeyd edək ki, Azərbaycanın rəsmi məqamları da qış vaxtına keçidim əsas səbəbi kimi enerjiyə qənaət olunmasını göstərir. Təxmini hesablamalara görə, yay-qış vaxtına keçməklə hər il enerji istehlakına 2-3% qənaət olunur.
Yəni bu sahədə fikirlər haçalaşır və ciddi araşdırmaya ehtiyac var. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri də bunu nəzərə alır və deyir ki, rəhbərlik etdiyi liqa ictimai təşkilatdır və yay vaxtına keçidin ləğvi üçün hər hansı sorğu, araşdırma aparmağa hazırdır, ancaq əsas məsələ rəsmi qurumların bunu qəbul edib-etməyəcəyidir. Y.Bəkirov keçidin ziyanı haqqında araşdırmaların ölkənin rəsmi qurumlarının tapşırığı ilə elə rəsmi qurumlar tərəfindən aparılmasını istəyir. “Məsələn, Rusiya Prezidenti Dmitri Medvedev Səhiyyə Nazirliyinə bu sahədə araşdırma aparmağı tapşırdı və sonra yay vaxtına keçid ləğv olundu. Milli Məclisdə oturanlar xalqın seçilmiş nümayəndələridir və müəyyən məsələlər müzakirə edirlər. Onlar internetə baxmırlar, maraqlanmırlar ki, niyə Rusiya, Belarusda və sairə ölkələrdə yay vaxtı ləğv edilib, niyə İranda, bu yoxdur? Heç olmasa məsələ qaldırsınlar və müzakirə etsinlər. Ola bilər ki, bu məsələni həll etməklə biz neçə-neçə insanı xilas edə bilərik”.
Hələliksə əlimizdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ( SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblının açıqlaması var. Talıblı açıqlamasında Nazirlər Kabinetinin müvafiq qərarına nəzarətin onlara verildiyini deyib: “Biz bir necə gün öncədən, xüsusilə 1 gün öncədən Azərbaycan ictimaiyyətinə məlumat veririk ki, oktyabr ayının 30-u saat 05:00-da saatlar bir saat geri çəkilir".
Tövsiyyə: Mütəxəssislərin sözlərinə görə, saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Bu müddət ərzində həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verir. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etməyə çalışın. ans
|