Şimali Kiprdə "Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər" mözusunda elmi-praktik konfrans keçiriləcək
29-10-2011 / 10:16
Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tariximizi, mədəniyyətimizi təbliğ etmək və gənclərin dünyagörüşünü artırmaq məqsədi ilə seminar və elmi-praktik konfranslar keçirməkdə davam edir.
Universitetin Azərbaycan üzrə təmsilçisi Aynur Şibliyevanın FaktXeber.com-a verdiyi məlumata görə, noyabrın 3-də bu məqsədlə adıçəkilən universitetdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçiriləcək. 1-5 noyabr tarixlərində Şimali Kiprdə işgüzar səfərdə olacaq Azərbaycanın millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr komissiyasının üzvü və Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova həmin elmi-praktik konfransda “Azərbaycan-Türkiyə münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsində gənclərin rolu” mövzusunda çıxış edəcək.
Çıxışdan öncə millət vəkili Gülər Əhmədova Doğu Akdeniz Univeristetinin rektoru, professor Abdullah Öztoprakla görüşəcək. Görüş zamanı azərbaycanlı tələbələrin Kiprdəki durumu barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Bundan başqa, DAU Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov konfrans iştirakçılarına cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verəcək.
Azərbaycan Cəmiyyətinin mədəniyyət şöbəsinin müdir müavini, DAU-nun tələbəsi və eyni zamanda MİRAS İctimai Birliyinin Şimali Kipr Türk Cümhuriyyəti üzrə təmsilçisi Cəfər Mənsiminin “Azərbaycan tarixinin yeni uğurları və arxeoloji turizmin inkişaf etdirilməsində gənclərin rolu” mövzusunda məruzəsi dinləniləcək. O, öz çıxışında təmsil etdiyi birliyin Ağsu şəhərində apardığı qazıntılar zamanı aşakarlanan və rezonans doğuran tapıntılar barəsində söhbət açacaq.
Konfransda Azərbaycanın mədəniyyətini əks etdirən slayd-şou göstəriləcək.
İştirakçılar həmçinin DAU-nun tələbəsi Rəhim Davudovun yaratdığı və rəhbərlik etdiyi “Buta” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqslərini izləmək şansı qazanacaqlar.
Konfransda universitetin rektoru, proffesor Abdullah Öztoprakla yanaşı, azərbaycanlı müəllim və tələbələr də iştirak edəcək.
Sonda tələbələr arasında diskussiya aparılacaq və fərqlənənlər mükafatlandırılacaq.
Konfransdan sonra DAU Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə millət vəkili Gülər Əhmədovanın Şimali Kiprdə fəaliyyət göstərən ictimai-siyasi qəzetlərin redaktorları ilə görüşü planlaşdırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.