“Ömrü boyu evdə bir kitab və ya valideynlərinin kitab oxuduğunu görməyən uşaq kitaba marağı, sevgini haradan alsın?”
Müsahibim yazar Elnaz Eyvazlıdır
Elnaz Eyvazlı - Bakı şəhərində doğulub. ADPU-nun filologiya fakültəsini bitirib. Şeirləri, publisistik yazıları müxtəlif mətbuat orqanlarında, antologiyalarda mütəmadi çap olunub. 2007-ci ildə “Yaxşı ki yaza bilirəm...” (“Şirvannəşr”), 2011-ci ildə isə “Kişi etirafı” (“Qanun” nəşriyyatı) adlı şeirlər kitabı nəşr olunub. AYB-nin üzvi, 2010-cu ilin Prezident Təqaüdçüsüdür. 2011-ci ilin “Nəsimi” Milli Ədəbiyyat müsabiqəsinin hekayə nominasiyasının qalibidir.
- Elnaz xanım, ilk öncə oxucularımıza bir az özünüz haqqında məlumat verin.
- Dostlar üçün Elnaz – fədakar dost, oxucular üçün – Elnaz Eyvazlı, yazar.
- Yaradıcılığınızda əsas hansı mövzulara üstünlük verirsiniz?
- Konkret mövzulara üstünlük verirəm deyə bilmərəm. Çünki bəzən bu, yazana qədər heç özümə də məlum olmur. Yazandan sonra görürəm hansı mövzuya toxunduğumu. Ancaq, ümumiyyətlə, İNSAN həmişə aktiv mövzudur. İnsan hissləri, yaşantıları, duyğuları...bunları ifadə edə biləndə xoşbəxt oluram.
- Kitablarınızın reklamı ilə necə məşğul olursunuz?
- Yox, məşğul olmuram. Reklam məsələsində bir xeyli kompleksliyəm. Ümumiyyətlə, özünü reklam edən adamları sevmirəm. Kitabımı facebook səhifəmdə daha çox dostlar reklam etmişdilər. Kitab “Qanun” nəşriyyatı tərəfindən buraxılıb, reklamı və satışı ilə də özləri məşğul olurlar, sağ olsunlar.
- İlham pərisi deyilən bir şey varmı, sizcə?
- Bunun adı nədir, bilmirəm. Amma onu bilirəm ki, şeir, doğrudan da, İlahi bir şeydir. Necə olur ki, filan şeiri yazan mən, istədiyim vaxt istədiyim şeiri yaza bilmirəm. Nə deyə bilməzsən ki, yuxuda görürəm, nə deyə bilməzsən ki, qulağıma səs gəlir, yaxud gözümə nəsə, kimsə görünür. Birdən götürürsən qələmi ki, mən bunu yazacam. Ancaq yazıb bitirincə görürsən ki, İlahi, bu nədir, tamam başqa bir şey yazmısan. Hər nədirsə, möcüzədir.
- Yazarların siyasətə qoşulmasına necə baxırsınız?
- Hərənin öz şəxsi işidir. Yazar da bu xalqın bir nümayəndəsi, bu ölkənin vətəndaşıdır. Siyasətə qoşulub-qoşulmamaq kimi haqqı var. Lakin özüm siyasətə çox ciddi bir oyun kimi baxıram. Məncə, çox saf adamlar bu aləmdə uzun müddət duruş gətirə bilməzlər.
- Yaşlı yazarlarla cavanlar arasında gedən “soyuq müharibə”də kimin tərəfindəsiniz?
- Heç kimin, Sözün tərəfində, ədəbiyyatın tərəfində. Ümumiyyətlə, bu mövzuda olan söhbətlərə ciddi yanaşmıram. Cavanlar da yaşlanacaqlar, yaşlılar da bir zaman cavan olub. Yaşlılar gərək düşünsün ki, biz də o yaşda olmuşuq, cavanlar da nə vaxtsa o yaşa gələcəklərini düşünüb hörmətlə yanaşsınlar yaşlılara. Bilirsiniz, gülməlidir e... Bu yaşlı-cavan, AYB-AYO söhbətləri Qarabağ söhbətindən ciddi xarakter alıb təəssüf ki. Qarşı tərəflər bir-birinə az qala düşmən kimi baxır. Amma unutmayaq ki, bizim bir düşmənimiz var.
- Niyə bizim yazarlar kasıb yaşayırlar?
- Ona görə ki, bizdə yazarlar nə edirlərsə, öz güclərinə edirlər. Yazar kitab çap edir, ya cibinin, ya da hansısa nəşriyyatın hesabına. Hər iki halda qazanc söhbəti yoxdur. Kitaba qoyduğu pulu götürmək və ya nəşriyyatdan qonorar almaq imkanı məhduddur. Yazar məcburdur ki, ya öz enerjisini müxbir kimi xərcləsin, ya da heç ədəbiyyata aid olmayan yerdən qazansın çörəyini. O da ki, acından ölməmək üçün. AYB-nin üzvləri dövlətdən təqaüd alır, başıbəlalı təqaüd. Baxmayaraq ki, mən də bu birliyin üzvüyəm və mən də təqaüd almışam, ancaq düşünürəm ki, Azərbaycanda yazarlar AYB üzvləri ilə məhdudlaşmadığı kimi, bu kimi köməklər də, müvəqqəti olsa belə, Azərbaycan yazarı üçün nəzərdə tutulmalıdır, AYB üzvü üçün yox. Axı birlikdən kənar şəxslərin ədəbiyyat naminə etdikləri, kasıblığa, çətinliyə baxmayaraq, etdikləri fədakarlıqlar qiymətini almaya bilməz. Bu, ədalətsizlik olar.
- Millətimiz niyə kitab oxumağı sevmir?
- Sevmir deməzdim. Kitab oxumaq özü bir mədəniyyətdir. Bu, əvvəl ailədən, sonra məktəbdən təməli qoyulan bir məsələdir. Ömrü boyu evdə bir kitab və ya valideynlərinin kitab oxuduğunu görməyən uşaq kitaba marağı, sevgini haradan alsın? Ümid qalır orta məktəbə. Bu da ki, ya nəsib, ya qismət. İndi də məktəblərdə vəziyyət elə bir durumdadır ki, mən bir müəllimə kimi deyə bilərəm ki, şəxsən kifayət qədər xərcə düşmüş valideynin uşağına: “Filan əsəri al oxu”, - deyəndə az qala yalvara-yalvara, üzrhaxlıq edə-edə deyirəm. Dərslər başladı, bir evdən heç olmasa, iki-üç uşaq yola salan valideyn bir uşağa 40-45 manat məktəbli formasına, bir o qədər iş dəftərlərinə və üstəgəl xırda-para məktəb ləvazimatlarına pul xərcləyib. Mən bu uşağa kitab aldıranda bir həftə əvvəldən hazırlıq prosseslərinə başlayıram ki, kitab üçün evdən pul istəyəndə evdəkiləri dəli etməsin. Amma bir şey də var ki, əsas təbliğatdır, bu təbliğat ciddi şəkildə aparılsa, kitaba sevgi yaradılsa, şagirdlər gedib kitabxanalarda, oxu zallarında oturub oxuyacaqlar kitabı.
- Niyə gənc yazarlar insan duyğularının açıq-saçıq formada təsvirinə üstünlük verirlər?
- Bu hər kəsin öz işidir. Hər şeyi hamıya aid etmək olmaz. Nə yazırsan yaz, ya açıq, ya qapalı yaz, fərqi yoxdur, naşı olma, inandırıcı yaz, oxucuda ikrah yaratma, iyrəndirmə oxucunu. Bir də ki, son zamanlar bu gənc yazar ifadəsi mənim ürəyimi bulandırır artıq. Yazarın gənci-qocası var? Elə yazar var ki, 70 yaşı var, elə əsl gənc yazar odur. Elə gənc var ki, ahıldan, qocadan daha çox yazardır. Bir də görürsən qırx, əlli yaşlı adamı gənc yazar deyib təqdim edirlər, adamın əti tökülür.
- Ən sevdiyiniz şeirinizdən bir neçə bəndi oxucularımızla bölüşün.
- Bu, çətin iş oldu. Öz şeirlərimi ən zəruri, çıxılmaz vəziyyətlərdə oxuyuram. Sevmirəm öz şeirlərimi oxumağı. Siz, həm də mənim şeirlərimin ən etibarlı oxucususunuz. Ən çox sevdiyiniz şeirimi paylaşıram.
KİŞİ ETİRAFI
Səndən ötrü darıxmaq deyil bu,
daha acı və dəhşətlidir.
Hər gecə evə gələndə,
əlimi qapının dəstəyinə atanda,
bütün əyləncələri geridə qoyub
xarabama çatanda
duyuram bu acını.
Sən heç vaxt qapını arxadan bağlamazdın.
Qapı həmişə üzümə açıq olardı.
Nəfəsin qapının o üzünüdən yandırardı məni…
Səndən ötrü darıxmaq deyil bu,
Daha üzücü və dəhşətlidir.
Yuxulu əllərimi balışına
vətən xainini qəbrə tullayan kimi tullayıram.
Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum deyir ki,
Bu gecə bir köpək bizi yatmağa qoymayıb.
Qayıt, məni saçlarınla yuvama zəncirlə.
Həsrətindən köpək olduğumu
biləcəklərindən qorxmuram.
Bu, gec-tez hamıya çatacaq.
Sahibsiz olduğumu bilsələr,
hərə bir daş atacaq.
Cəfər Talıb