|
Məlum olduğu kimi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilk dəfə olaraq gələn il Azərbaycanda təşkil olunacaq. Artıq bununla bağlı ölkədə ciddi işlər görülməyə başlayıb. Lakin bəzi hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri “Avroviziya” mahnı müsabiqəsindən siyasi məqsədlər və ölkədə olan qeyri-demokratik durumu bərpa eləmək üçün istifadə etmək istəyirlər. Belə ki, onların fikrincə “Avrovizya” mahnı müsabiqəsinin keçirildiyi məkan tam olaraq Avropa dəyərlərinə müsbət yanaşan ölkədə təşkil edilməlidir. Lakin Azərbaycanda insanların ciddi şəkildə mülkiyyət hüquqlarının pozulması, ölkədə 76-ya yaxın siyasi məhbusun olması, media azadlıqlarının məhdudlaşdırılması və insan haqlarının ciddi şəkildə pozulması Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsinə imkan verməyən amillərdir. Belə olan halda Azərbaycan hakimiyyəti ya deyilən problemləri aradan qaldırmalıdır, əks halda Avropa Yayım Şurası qarşısında götürdüyü öhdəliyə əməl etməmiş olacaq. Artıq bununla bağlı “İnsan Hüquqları Klubu”, “Sülh və Demokratoya İnstitutu”, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”, “Siyasi Azadlıqları Müdafiə Alyansı” kampaniyaya başlayıblar.
Digər tərəfdən ölkənin bəzi nüfuzlu ictimaiyyət nümayəndələri vardır ki, bu kampaniyanın effekt verməyəcəyi fikrindədirlər. Bu şəxslərdən biri də ölkənin tanınmış jurnalistlərindən olan Eynulla Fətullayevdir. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Eynulla Fətullayev bildirdi ki, məsələlərə real və rasional münasibət bəsləmək lazımdır. Görünür bu kampaniyanı təşkil edən insanlar, “Avroviziya”dan istifadə edərək, Azərbaycanda situasiyanı dəyişmək istəyirlər: ““Avroviziya” bunun üçün ən az təsirli beynəlxalq festivallardan biridir. Ona görə, ki, “Avroviziya” gənc, istedadlı yeniyetmələr və gənclər arasında keçirilən bir mahnı müsabiqəsidir. Bu il Azərbaycanda keçirilib, gələn il isə başqa bir ölkədə təşkil olunacaq. Əgər yadınızdadırsa, bu müsabiqə Azərbaycandan öncə dünyada avtoritar dövlət kimi tanınan və məşhurlaşan, eyni halda Putin repressiyasının ən həssas olduğu bir dövrdə və dövlətdə, yəni Rusiyada təşkil olunmuşdu. Rusiyada həmin dövr mətbuatın tam olaraq sıradan çıxarıldığı bir dövr idi. İndi də biz istəyirik ki, Azərbaycanda “Avroviziya” vasitəsilə insan haqlarını bərqərar edək. Belə bir hal mümkün deyil. Digər tərəfdən, Azərbaycan əhalisinin əhval-ruhiyyəsini də nəzərə almalıyıq. Xalq musiqi dinləmək istəyir. Xalqı insan haqları maraqlandırmır. Bunun özü bir gerçəklikdir. Hesab edirəm ki, bu həqiqətlər etiraf olunmalıdır. Xalq Faiq Ağayevə, Aygün Kazımovaya qulaq asmaq istəyir. Xalqı Leyla Yunusa qarşı təşkil olunmuş vandalizm düşündürmür. Leyla xanımın evi traktorların altında qalanda bizimlə yanaşı həmin evin qarşısına minlərlə insan çıxmalı idi. Həmin dövrdə heç Leyla xanımın qonşuları belə küçəyə çıxmamışdı. Biz Liviyada və Misirdə baş verən hadisələrdən danışmaqla nə etmək istəyirik?”
Daha sonra ərəb ölkələrində baş verən hadisələrin politoloji əsasları olduğunu söyləyən E.Fətullayev, həmin hadisələrin Azərbaycanı heç bir aidiyyəti olmadığını bildirdi: “Mən son zamanlar bir az pessimist olmuşam. Bu yaxınlarda Avropada dünyanın müxtəlif ölkələrindən gəlmiş 3 min jurnalistin iştirakı ilə konfrans təşkil olunmuşdu. Mən fikir verdim ki, Ukraynadan gələn jurnalistlərin hamısı Ukrayna prezidenti Yanukoviçin mirzələridirlər. Niyə Ukraynadan müstəqil jurnalistlər gəlməmişdi? Ona görə ki, Ukraynada artıq müstəqil qəzet qalmayıb.
Artıq Avrasiya məkanı tamamilə dəyişib. Biz “Avroviziya” vasitəsilə nəyə nail olmaq istəyirik. Xalq bunu istəmir. Xalq musiqi dinləmək istəyir və xalqın seçiminə “hörmətlə” yanaşmaq lazımdır. Təbii ki, bu dediklərim hamısı ritorik xarakter daşıyır. Mən son olaraq bunu deyə bilərəm ki, “Avroviziya” vasitəsilə biz ölkədə baş verən özbaşınalıqların və qanun pozuntularının qarşısını ala bilməyəcəyik. Hesab edirəm ki, yaxın aylarda “Avroviziya” müsabiqəsinə qədər Azərbaycanda situasiya dəyişməyəcək. Hakimiyyət daha da qəddarlaşacaq. Vətəndaş cəmiyyəti daha sönük münasibət ifadə edəcək və tam olaraq sıradan çıxardılacaq. Biz indi istəyirik ki, “Avroviziya”dan istifadə edərək, xalqı küçələrə tökək. Buna görə, həmişə belə fikirləşirik ki, biz həmişə əsatirlər və nağıllar dünyasında yaşamışıq. ABŞ və Avropaya ümid edərək, Qərbdən gələn dəyişiklik mesajlarına bel bağlamışıq. Məsələn demişik ki, xalq hazırlaş, “X” planı qarşıdadır. Hakimiyyət göydən düşəcək. Gərək biz mifoloji və əsatir nəzəriyyələrindən əl çəkək. Artıq biz qəbul eləməliyik ki, Avrasiya məkanı həddən artıq dəyişib.”
Xəyal Şükür
|