Neft Fondu və Gömrük Komitəsi xaricə satılan mavi yanacaqdan daxil olan vəsaiti açıqlamır
22-10-2011 / 13:26
Norveçin məşhur «Statoyl» şirkəti də oyunun içindədir, statistka yerli dibli yazılmır
2010-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 101,2 milyon, büdcə xərcləri isə 2 630,2 milyon manat təşkil edib. Bu dövrdə fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 089,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 000,1 milyon manat, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dividendlərdən 83,2 milyon, tranzit gəlirləri 4,3 milyon, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon, akrhesabı ödənişlər 0,8 milyon manat təşkil edib. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir cəmi 11,9 milyon manat olub.
Məlumdur ki, həmin gəlirlər sırasında neft satışından əldə olunan pullarla yanaşı, qaz satışından gələn vəsaitlər də yer alıb. Dövlət Neft Fondunun hesabatlarında gəlirlər neft və qaz olaraq ayrı-ayrılıqda deyil, birgə təqdim edirlər.
Ən maraqlı məqamlardan biri də odur ki, Dövlət Gömrük Komitəsinin də hesabatlarında ölkədə ixrac olunan enerji resurslarına dair məlumatlarda «Şahdəniz I» yatağından hasil olunan qazın nəzərə alınmadığı göstərilir. Halbuki, qaz təbii resrurs olaraq, dövlətə və xalqa məxsusdur. DGK-nın hesabatı da dövlətə məxsus sənəddir. Bu istiqamədə gəlirlərin gizlədilməsi isə şübhələrə yol açır.
Sözügedən sahədə araşdırma aparan Neft Araşdırmaları Mərkəzinin ekspertləri bir sıra müəmmalı faktları aydınlaşdırıblar. Aparılan monitorinqlərdən məlum olub ki, 2010-cu ildə Türkiyə mətbuatı Azərbaycandan idxal olunan qazın həcmi barədə 6 müxtəlif rəqəm səsləndirib. «Şahdəniz» layihəsi üzrə 4,3 milyard kubmetrdən 5,1 milyard kubmetrə qədər Türkiyəyə qazın ixrac edilməsi barədə müxtəlif statistikalar göstərilir. Mərkəzin sədri İlham Şaban bildirdi ki, onda olan məlumata görə bu rəqəm 4,9 milyard kubmetrdir: «Türkiyə mətubatını izlədikdə özümdə şübhə yaranır ki, məndə olan rəqəm doğrudurmu. Çünki rəsmi statistika yoxdur».
Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri də qaz ixracı ilə bağlı məlumatı verməkdə maraqlı deyillər. Onlar bəhanə gətirir ki, hasilatçı şirkət olaraq hesabatlarına ixrac məsələlərini salmaq hüquqları yoxdur. «Şahdəniz» layihəsi üzrə kommersiya operatoru olan «Statoyl» isə açıq şəkildə bu rəqəmi ictimaiyyətə təqdim etməkdən imtina edir.
Dövlət Gömrük Komitəsinin sərhəd-keçid məntəqəsində xüsusi sayğaclar quraşdırılıb ki, orada ölkəyə idxal və ixrac olunan məhsullar qeydiyyata düşür. Lakin hakimiyyətin yuxarı dairələrində gələn göstərişlər əsasında «Şahdəniz-1» layihəsi üzrə ixrac olunan qaz buraya salınmır. Bir sözlə, rəsmi sənədlərdə Azərbaycanın ixrac etdiyi nə qaz, nə də ondan əldə olunan gəlirlər barədə məlumat verilir və bu ciddi cəhdlə gizlədilir.
Neft və qaz satışından əldə olunan gəlirlərin toplandığı qurum olaraq Dövlət Neft Fonduna bu barədə sorğu göndərmişik. Ümid edirik ki, bu barədə dürüst məlumat veriləcək. \Bizim Yol
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.