Dahi sənətkarımız Ceyhun Mirzəyevin "Fəryad" filmindən unudulmaz səhnələr
22-10-2011 / 12:43
Məzmunu: "Ögey ana (film, 1958)" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür... Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.
Festivallar və mükafatlar: 1)1994-cü ildə ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir. 2)1994-cü ildə quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 3)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi. Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir.
Film haqqında: Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
Film üzərində işləyənlər(titrlərdəki sıraya görə): Prodüser: Nazim Abdullayev Texniki Prodüser : Faiq Əliyev Ssenari müəllifi : Vaqif Mustafayev Quruluşçu rejissor : Ceyhun Mirzəyev Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Rafiz İsmayılov Bəstəkar : Cavanşir Quliyev Səs operatoru : Əsəd Əsədov Montaj edən : Nailə Dadaşova Filmin direktoru : Qasım Səfəroğlu Rejissor : Süleyman Əhmədov Operator : Tərlan Babayev Çalır : Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl Dirijor : Rafiq Babayev Baş Məsləhətçi : Rüfət Əmirov (polkovnik) Məsləhətçi : Nizami Musayev (II) (polis podpolkovniki) Rejissor assistenti : Aydın Mahmudbəyov, N. Məmmədova, Elşən Məmmədov, Ülvi Mehdi (4-cü titrlərdə yoxdur) Operator assistenti : M. Muradov Rəssam assistenti : Əziz Məmmədov Montaj üzrə assistent : S. Heydərqızı Qrim rəssamı : Elbrus Vahidov, Çingiz Paşayev Dekor rəssamı : Rafiq Nəsirov Fotoqraf-Rəssam : Pərviz Quliyev Rəng Araşdırıcısı : Əminə Cəfərova Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Rauf Dadaşov İşıq Ustası : Tahir Bağırov İşıqçı : Məhəmməd Hacıyev, Şəmsi Qədirov Trüklərin Quruluşu : Əli Məmmədov Kaskadyor : Əli Məmmədov Pirotexnik : Əlibala Məmmədov Redaktor : Mirzəağa Atəş İnzibatçı : M. Səfərov, F. Hüseynov, Ü. Səfərov Rus Dilindən Tərcümə Mətnini Oxuyan : Rafiq Hüseynov (titrlərdə yoxdur)
Rollarda: Ceyhun Mirzəyev-İsmayıl Məlik Dadaşov-Xaçaturyans Hacı İsmayılov-Rövşən Liana Qudadze-Erməni Fikrət Məmmədov-Erməni əsgər Cəbrayıl Rzayev Yekaterina Arçaiya Şamil Mahmudbəyov-Samvel Nəcibə Behbudova-Erməni qadın Lalə Bağırova-Erməni müəllimə Elmira Şabanova-İsmayılın anası Fərəc Fərəcov-Xoren Yuri Qorobets Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Erməni Lida Babayeva Sənubər İsgəndərli-İsmayılın arvadı Rahib Əliyev Konstantin Artyomov Aqşin Səfərov Kamal Hüseynov Kamil Məhərrəmov Nazir Əliyev-Erməni milis nəfəri Rafiq Əliyev (II) Nazim İbrahimov (III) Anar Məmmədov Elşən Rüstəmov Cavanşir Hadıyev Heybət Hörmətzadə Ağaəli Babayev Süleyman Zeynalov Ş. Balakişiyev İdris Rüstəmov Elbrus Vahidov Namis Şirməmmədov-Zabit Emiliya Əzimova Aydın Mahmudbəyov N. Quliyev Kənan Məmmədov-Erməni E. Satılmışov Manaf Dadaşov G. Abdullayeva Səhiyəddin Həsənov(S. Həsənov kimi) Rafiq Qasımov G. İmanova R. Məhərrəmova Faiq Babayev
"Fəryad"la özünə abidə ucaldan rejissor
1993-cü ildə "Azərbaycanfilm" və "Aşkarfilm" kinostudiyası "Fəryad" filmini istehsalata buraxdı. Vaqif Mustafayevin ssenarisi əsasında çəkilən filmə Ceyhun Mirzəyev quruluş verib. "Fəryad" filmi bu gün də öz aktuallığını saxlamaqdadır. Bu da ondan irəli gəlir ki, artıq 20 ildir Qarabağ uğrunda davam edən müharibə həll olunmayıb. Ceyhun Mirzəyev heç bir müdaxilə olmadan, öz görüntülərinə arxalanaraq filmi çəkdi.
Rejissorun könlündən keçirmiş ki, İsmayılı məhz özü yaratsın. Ancaq rejissor işi ilə birgə filmdə rol yaratmaq ikiqat məsuliyyət tələb etdiyi üçün o, könlündən keçməsinə baxmayaraq, İsmayıl obrazını yaratmağa razılıq vermək istəməyib. Onu da qeyd edək ki, Ceyhun Mirzəyev hələ uşaqlıq illərindən filmlərə çəkilmiş və "Fəryad" filmi ilə birgə 25-dən artıq filmdə maraqlı obrazlar yaradıb. Filmin yaradıcı heyətinin müəyyənləşdiyi anda Bədii Şura yaradılmış və Ceyhun Mirzəyevin İsmayıl obrazı üçün yeganə namizəd olduğu təsdiqlənib. Kim nə deyir desin, bu talenin bir qisməti imiş. Ceyhun Mirzəyev son dəfə olaraq maraqlı bir obraz, öz deyimi ilə desək, "Ögey ana" filmindəki İsmayılın sonrakı həyatını yaratmalıymış.
Ceyhun Mirzəyev hadisələrin ən qızğın gedişatı zamanı heç kimin edə bilmədiyi riski etməklə "Fəryad"ı yaratdı. Hadisələri öz gözləri ilə görmüş insanları da filmin çəkilişinə cəlb edib. Doğrudan da, qaçqınlarımız filmin çəkilişində iştirak ediblər. Onlar çox böyük həvəslə yaradıcı qrupa kömək ediblər. Çünki yaşadıqları tarix filmdə bir daha təkrar olunaraq, gələcək nəsil üçün lentə alınırdı. Bunu bacaran Ceyhun Mirzəyev təəssüf ki, bizi vaxtsız tərk etdi. "Fəryad" əslində Ceyhun Mirzəyevin haqsızlıqlara qarşı olan fəryadı idi. O, ehtiyat edirdi ki, bütün fikrini rejissor işinə yönəltsə, İsmayıl obraz kimi zəif alına bilər və yaxud əksinə, olardısa filmin rejissor işi yararsız alınardı.
Filmdə görünən hər xırda detal belə rejissor tərəfindən yüz ölçülüb bir biçildikdən sonra lentə köçürülüb. Rejissor filmdəki erməni obrazlarına çəkəcəyi aktyorların hərtərəfli yoxlanması üçün çox dəqiqliklə seçim aparmış və göründüyü kimi, istədiyi nəticəni əldə edib. Məlik Dadaşovun yaratdığı erməni Xaçaturyan obrazı o qədər inandırıcı çıxıb ki, premyera günü belə bir hadisə baş verib. Filmin ilk nümayişi Respublika sarayında keçirilir. Filmdə Xaçaturyan İsmayıla işgəncə verir və qəflətən onun yaralı ayağını sıxır. Bu kadr zamanı Məlik Dadaşovdan azca kənarda oturmuş bir qadın sərt söyüş söyür. Çoxları həmin anda Məlik Dadaşovun üzünə baxaraq onun reaksiyası ilə maraqlanır. Ancaq o, heç bir reaksiya vermədən filmi seyr etməkdə davam edir.
Maraqlı idi ki, mərhum aktyor eyni situasiya ilə "Axırıncı aşırım" filmində yaratdığı Qəmlo obrazına görə də qarşılaşıb. Ancaq Qəmlo özümüzünkü idi... "Fəryad"da yaratdığı Xaçaturyan obrazına görə Məlik Dadaşov bir gün küçədə polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb və sənədləri yoxlanılıb. Aktyor heç vaxt belə hallardan incimirdi.
Filmdə İsmayılın başına gələn hadisələrə biganə qalmaq mümkün deyil. İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan döysünlər. Nəinki filmdə, hətta o vaxt Azərbaycanda haqsız olaraq cərəyan edən hadisələr Ceyhun Mirzəyevin səhhətinə pis təsir göstərirdi. O, baş verən haqsızlıqlarla barışa bilmirdi. Ona görə də filmdə çəkilən hər bir kadrın ağrı-acısını sözün həqiqi mənasında yaşayırdı. Bu ağrı-acıları yaşamağın nəticəsi idi ki, Ceyhun Mirzəyev filmin montajından çıxıb evinə gedərkən ürək ağrıları başladı. Heç beş dəqiqə çəkməmiş ölümün ağuşuna atıldı.
Filmdəki ölüm səhnələrinin inandırıcı alınmasında peşəkar rejissor işi ilə yanaşı, güclü operator işi də var. Bu baxımdan operator Kənan Məmmədovun iş üslubu təqdirəlayiqdir. Ceyhun Mirzəyev "Fəryad" filminin çəkilişi ilə sanki ölümünü tezləşdirib. Ceyhun "Fəryad" filmini həyatı bahasına çəkib.
Filmin nümayişi böyük səs-küyə səbəb olmuşdu. Ən azından ona görə ki, hadisələrin içində ola-ola belə bir film yaratmaq o qədər də asan deyildi. Ancaq Ceyhun Mirzəyev belə bir filmi yaratdı. Əslində o, "Fəryad"la özünə abidə ucaltdı. Son olaraq onu da qeyd edək ki, "Fəryad" filmi ən yaxşı rejissor işinə görə Azərbaycan Milli Mükafatlar Komitəsinin qərarı ilə H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.