“Ölkəmizi tam azad hesab etmək olmaz, o yenə də xeyli dərəcədə Qərbdən, Rusiyadan asılı vəziyyətdədir”
“PKK-çı Abdulla Öcalanın Azərbaycanda böyük vəzifədə olan yaxın adamları xalqımıza, dövlətçiliyimizə qarşı çox böyük təxribatla məşğuldurlar”
Ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən 20 il ötür. Bu illər ərzində Azərbaycanda çox dəyişikliklər baş vermiş, ölkənin iqtisadi inkişafında xeyli irəliləyiş əldə olunmuşdur. Amma çox təəssüf ki, müstəqilliyin əldə edilməsində böyük xidmətləri olan insanların əməyi lazımınca qiymətləndirilməyib. Əksinə, Məmməd Əmin Rəsulzadədən, onun silahdaşlarından üzü bu yana azad fikir söyləyənlər, müstəqillik uğrunda mübarizə aparanlar həmişə təqiblərə, repressiyalara məruz qalıb, həbsxana, yaxud ən yaxşı halda mühacir həyatı yaşayıblar.
Bütün bunlar əlbəttə, əski sovet dövrünün hər cür naqislikləri fonunda bəlkə də təəccüblü görünməyə bilərdi. Ancaq təəccüblü olan odur ki, bizə bu bağımsızlığı bəxş edənlər hazırkı müstəqillik zamanında da təzyiqlərlə üzləşir, onlara layiq olduqları dəyər verilmir, bir növ cəmiyyətdən təcrid olunurlar. Həm də çox maraqlıdır ki, elə vaxtilə müstəqilliyimizə mane olub indi yüksək vəzifə postunda qərar tutanlar tərəfindən. Dəyərini almayan belə dəyərli şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının əsas müəllifi, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, tarix elmləri doktoru, professor Hacıbaba Əzimovdur. Onunla müsahibəni oxucularımıza təqdim edirik.
- Hacıbaba müəllim, Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul olunduğu şəraiti necə xatırlayırsınız?
- Azərbaycanın dövlət müətəqilliyi ilə bağlı 32 maddədən ibarət Konstitusiya aktının 30 maddəsini mən özüm hazırlamışam. Etibar Məmmədovun da layihəsi vardı. Mən onlardan ikisini bəyəndim və Konstitusiya aktına əlavə etdim. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da bu olub. Bu, həm də referendum yolu ilə, xalq tərəfindən təsbit olunan bir Konstitusiya qanunudur.
Biz hər il dövlət müstəqilliyi gününü böyük fəxarətlə, qürur hissi ilə yad edirik. Buna mənəvi haqqımız var. Ona görə ki, bu günün gerçəkləşməsində əməyimiz çoxdur. Burda əlbəttə, mək təkcə özümü nəzərdə tutmuram. O vaxt bir çox ziyalılar, xüsusilə də bir sıra millət vəkilləri müstəqilliyimizin bərpasına çalışırdılar. Onlar istiqlalçı deputatlar idi.
- O vaxtlar SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsi də gündəmə gətirilmişdi...
- Öncə qeyd edim ki, 1990-cı ildə deputat seçiləndən sonra Müstəqil Azərbaycan Deputat Bloku (MADB) yaratdıq. Onun fəaliyyət istiqaməti elə adından da aydın olur. Biz müstəqil dövlət qurmaq üçün çox çalışmalı, əziyyətlərə qatlaşmalı olduq. Təsəvvür edin ki, indi nə qədər hərbi polis rejimi hökm sürsə də, təqiblər, repressiyalar olsa da, hər halda insanlar heç olmasa müəyyən qədər söz deyə bilir, müstəqil qəzetlər fəaliyyət göstərir. Amma o vaxtlar belə imkan yox idi. Kim SSRİ-nin, Kommunist Partiyasının, onun rəhbərlərinin əleyhinə danışsaydı həmin adamı, hətta deputat olsa belə təqiblər, repressiya, həbs gözləyirdi. Buna baxmayaraq, yuxarıda qeyd etdiyim bloku yaradaraq ölkəmizin müstəqilliyi üçün fəaliyyətə başladıq. Bunun ən bariz təzahürü 1991-ci ilin 7 martında Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağıl referendum keçirilməsinin müzakirəsində özünü göstərdi. Bu bizim adamların iradəsi, qətiyyəti sayəsində baş verdi. Onlar ölümün gözünə dik baxaraq, heç nədən çəkinmədən, təqiblərdən, repressiyadan qorxmadan öz mövqelərini ortaya qoydular...
- Bəs qorxanlar necə, çox idimi? Onlar nəyə nail olmaq istəyirdilər?
- O zaman Ali Sovetdə 350 nəfər deputat var idi. SSRİ-nin saxlanması məsələsi müzakirəyə qoyulmuşdu. Məqsəd imperiyanın dağılmasının qarşısını almaq idi. İstəyirdilər referendumda elan etsinlər ki, guya Azərbaycan xalqı SSRİ-nin saxlanmasının tərəfdarıdır. Bununla ölkəmizin müstəqilliyinin qarşısını almağa çalışırdılar. Amma o zaman çox ciddi müqavimət göstərdik. Doğrudur, həmin dövrdə hələ SSRİ mövcud idi, adamlar qorxurdular. Buna baxmayaraq MADB öz fəaliyyətini davam etdirir, bizə başqa ziyalılar da qoşulurdu. 1991-ci il martın 7-də 350 nəfər deputatdan cəmi 43 nəfər özündə cəsarət tapıb SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinin əeyhinə səs verdi. Yəni Azərbaycanın müstəqilliyinə səs verdi. Və ona görə də həmin gündən 43 nəfər “istiqlalçı deputatlar”, “43-lər” adıyla tarixə düşdü. Ancaq məlum olduğu kimi, əksər deputatlar referendumun keçirilməsinə səs verdi. Və martın 17-də guya xalq SSRİ-nin saxlanmasına tərəfdar oldu. Əslində referendumun nəticələri saxtalaşdırmışdı. Amma o vaxt Azərbaycanda xalq hərəkatı gedirdi. Biz həm də həmin hərəkatdan güc alaraq mübarizəmizi parlament daxilində aparırdıq. Bu mübarizə nəhayət avqustun 30-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında Bəyannamənin qəbulu ilə nəticələndi.
Doğrudur, o zamankı hakimiyyət belə bir bəyannamənin qəbuluna imkan verdi. Və bununla bizim fəaliyyətimizi zəiflətməyə çalışdı. Çünki əslində müstəqilliyi təmin edən, onun davamlı şəkildə bərqərar olması üçün təminat verən elə bir maddə yox idi. Yəni bu sadəcə bir bəyannamə idi və müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün əsas vermirdi. Ona görə də biz bununla razılaşmayaraq, daha ciddi sənəd qəbul olunmasını, Konstitusiya qəbulunu tələb etdik. Bu tələblər nəticəsində nəhayət Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını hazırlamaq məqsədi ilə komissiya yarandı. Və mən də həmin komissiyanın sədri seçildim.
Əlbəttə, tarixi həqiqət olduğu üçün mən açıq deməliyəm ki, komissiyanın 10 nəfər üzvü olsa da, böyük əksəriyyət bir dəfə də olsun iclasa gəlmədi. Cəmi 2-3 nəfər gəlirdi ki, onlardan biri hazırda Prezident Administrasiyasında şöbə müdiri işləyən Şahin Əliyev, digəri isə indi hakim vəzifəsində çalışan Bəşirov soyadlı başqa birisi idi. Amma onların verdikləri təkliflərin çoxunun müstəqilliyə aidiyyəti yoxuydu.
- Bildiyimizə görə, o vaxtlar hakimiyyət tərəfindən müəyyən şərtlər irəli sürülmüşdü. Hansı şərtlərdən söhbət gedirdi?
- Mən komissiya sədri olanda o zaman Ali Sovet sədrinin birinci müavini işləyən Ziyad Səmədzadə başalovlu yanıma gəldi ki, XI ordunun Azərbaycanı işğal etməsi, SSRİ-nin imperiya olması, onun Azərbaycan xalqını əsarətdə saxlaması, ölkəmizin sərvətlərinin talanması və sair kimi digər məsələlər sənəddə göstərilməməlidir. Mən isə ona cavab verdim ki, siz nə danışırsınız, əksinə, sizin dediklərinizin hamısı sənəddə əksini tapacaq və bundan sonra mitinqlərdə, parlamentdə belə çıxışların səslənməsinə ehtiyac qalmayacaq. O isə mənə dedi ki, yox, bilirəm, siz ağıllı adamsınız, belə şey eləməzsiniz. Amma mən cavabımda bildirdim ki, bunu elə ağıllı olduğum üçün edəcəyəm. Bundan sonra məcburiyyət qarşısında qalıb daha bir söz deyə bilməyəcəyini, məsuliyyətin mənim üstümdə qaldığını söylədi. Bununla da söhbət bitdi və dediyim kimi də yazdım.
Yadımdadır, oktyabrın 17 və 18-də Konstitusiya aktı müzakirə olunurdu. Prosedur qaydaya görə hər bir maddə ayrı-ayrılıqda müzakirə edilməli və ayrıca səsverməyə qoyulmalı, lap sonda isə bütövlükdə səs verilməliydi. Bütün bunlar canlı yayımla göstərilirdi. Mən Konstitusiya aktını iki gün maddə-maddə oxuyaraq, verilən sualları cavablandırmış, hər bir maddəni əsaslandırmış və qəbuluna nail olmuşam. Proses əlbəttə, çox çətin gedirdi. Çünki parlamentdə əksəriyyət komblokun üzvləri idi ki, onlar da XI ordunun Azərbaycanı işğal etməsi faktının sənəddə əksini tapması ilə razılaşmırdı. Amma mən tarixi faktlarla bunu sübut edərək, mətbuatda da çapına nail oldum. Bizim blokun deputatları da komblokdan olanların cavablarını verir, məni müdafiə edirdilər.
- Səhv etmiriksə, o zaman respublikamızın Şimali Azərbaycan Respublikası adlandırılması təklifi də səsləndirilirdi.
- Tahir Kərimli belə təklif etmişdi. O, bunu hətta tələb şəklində də səsləndirirdi. Və deyirdi ki, sənəd Şimali Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında Konstitusiya Aktı adlandırılmalıdır. Amma mən razılaşmadım. Ona dedim ki, biz özümüzü Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi elan edirik və respublikamızı Azərbaycan Respublikası adlandırmaq daha gözəldir. Bir də ki, İranla münasibətlərimizdə problem yaratmaq lazım deyildi. Beləliklə, biz əvvəlki adı bərpa etdik. Konstitusiya aktının ikinci maddəsində də AXC-nin varisi olduğumuz qeyd edilmişdi. Burda çox mühüm olan başqa müddəalar da var idi. Təsadüfi deyil ki, 1995-ci ildə qəbul olunan yeni Konstitusiyanın da girişində həmin qanunun məhz bizim hazırladığımız Konstitusiya aktının prinsipləri əsasında referendum yolu ilə qəbul edildiyi göstərilib. Çünki 33-cü maddədə yazılmışdı ki, gələcək Ana Yasa, Konstitusiya aktının prinsipləri əsasında hazırlanmalıdır. Doğrudur, həmin prinsiplər müəyyən qədər pozulub. Amma hər halda əsas fikirlər, müddəalar orda öz əksini tapıb. Onu da deyim ki, bizim Konstitusiya aktı postsovet ölkələrində qəbul olunan bu tipli sənədlər içərisində ən mükəmməlidir. Bunu o zaman Baltikyanı ölkələr də təsdiqləmişdi. Lakin belə bir sənədi indi tədris etmirlər. Heç çap da olunmur. Hətta siyasətçilərin, partiya sədrlərinin belə, Konstitusiya aktının bir-iki maddəsindən başqa digər maddələrindən xəbərləri yoxdur. Çünki unudublar, təbliğ olunmur.
- Sənədin qəbulu iqtidar-müxalifət münasibətlərinə necə təsir göstərdi?
- Yaxşı haldır ki, sənədin qəbul olunması o zaman iqtidarla müxalifət arasında, ümumiyyətlə ölkədə milli birlik yaratdı. Oktyabrın 18-də bütövlükdə səsvermə vaxtı bütün deputatlar ayağa qalxdı. Bəzilərinin gözündə sevinc yaşı var idi. Bunu bütün dünya qiymətləndirdi və Konstitusiya aktının qəbul olunduğu gündən dərhal sonra Türkiyə, Pakistan, Rumıniya, İran və digər ölkələr müstəqilliyimizi tanıdılar. 1992-ci il martın 2-də isə Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul olundu. Və artıq biz beynəlxalq hüququn subyekti olan bir dövlətə çevrildik. Bu, Azərbaycan xalqının tarixində çox böyük önəm daşıyan hadisədir.
- Hacıbaba müəllim, müstəqillik aktının qəbul olunduğu gün parlamentin iclasında xeyli deputatın iştirak etməməsi barədə deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
- Nə qədər təəccüblü olsa da, o zaman müstəqilliyin əleyhinə olanlar var idi. Oktyabrın 18-də keçirilən iclasda 350 deputatdan cəmi 258-i iştirak edirdi. Təsəvvür edin, 92 nəfər gəlməmişdi. Çünki müstəqilliyin əldə edilməsini ya istəmir, ya da buna səs verməkdən çəkinirdilər. Qorxurdular ki, birdən SSRİ dağılmaz və onları işdən qovarlar. Belə adamlar çox idi...
- Amma buna baxmayaraq müstəqilliyimizə səs verənlər çox oldu. Nə idi bu adamların fikirlərini dəyişən?
- Bilirsiniz, Konstitusiya qanunu deputatların sadə deyil, 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Xeyli deputat foyeyə çıxır, səsvermədə iştirak etmək istəmir, kvorumun alınmasına mane olmağa çalışırdılar. Bu zaman başqa üsullara əl atıldı. İsa Qəmbər səsvermənin adbaad keçirilməsini təklif etdi. Çünki bu halda kimlərin müstəqilliyə səs verib-vermədiyi aşkara çıxır. Yalnız bundan sonra sənədin qəbuluna mane olmaq istəyənlər öz hərəkətlərindən çəkindilər. Bu da təsadüfi deyildi, onlar sabah xalq qarşısında, tarix qarşısında cavab verməli idilər. Ona görə də gəlib səsvermədə iştirak etməyə məcbur oldular. Və sənəd bütövlükdə qəbul edildi. Ancaq mən həmin sənədin təsdiq üçün prezidentə təqdim etməzdən öncə onun dəyişdirilməsi ehtimalından ehtiyat edirdim. Və tez-tez sənədin qəbulu ilə maraqlanırdım. O zaman Ali Sovetin qanunvericilik şöbəsinin müdiri işləyən Şahin Əliyev nəhayət məsələnin müsbət həll edildiyini, hətta sabah mətbuatda çap olunacağını bildirdi. Amma mən yenə də şübhələnirdim. Çünki onlar XI ordunun Azərbaycanı işğal etməsi məsələsi ilə razılaşmırdılar. Ona görə də Ş.Əliyevdən hansı mətnə imza atıldığını soruşdum və alıb oxudum.
Bəli, şübhələrimdə yanılmamışdım. Görmək istəmədikləri hissələri mətndən çıxarmışdılar. Mən isə qətiyyətlə buna mane olmağa çalışdım. Və çıxarılan yerləri telefonla Ş.Əliyevə, o isə AzərTAC-ın o zamankı direktoru Azad Şərifova oxudu ki, sənəd qəbul olunduğu kimi çap edilsin. Amma çıxarılan yerlər çox olduğundan, düzəlişləri sona qədər aparmaq mümkün deyildi. Ona görə də parlamentin növbəti iclasında mətnin prezidentə təhrif olunmuş şəkildə təqdim edildiyi barədə məsələ qaldırdım. Və dedim ki, prezident əsl yox, təhrif edilmiş mətnə imza atıb. Mətnin qəzetdə çap olunmuş variantını da deputatlara təqdim etdim. Sanki parlamentdə bomba partladı. Çox adam bununla bağlı məsələ qaldırdı. O vaxtkı daxili işlər naziri Vaqif Novruzov da bunun cinayət olduğunu dedi. Nəhayət Ali Sovet ağsaqqal deputatlardan biri olan rəhmətlik Tofiq Bağırovun sədrliyi ilə komissiya yaratdı. Mən də həmin komissiyanın üzvü idim. Mətnin əlyazmasını oxuyub qəzetdəki variantla tutuşduranda dediklərim öz təsdiqini tapdı. Bundan sonra Ali Sovet əsl mətnin bərpa olunması barədə qərar qəbul etdi.
- Sənədin qəbuluna mane olmağa çalışanlar tarix qarşısında cavab verdilərmi?
- Foyeyə qaçıb kvorumu pozmaq istəyənlər indi vəzifədə, bir hissəsi deputat kürsüsündə oturub. Konstitusiya aktı ilə bağlı mənimlə şərtlə danışan Ziyad Səmədzadə hazırda parlamentdə komissiya sədridir. Aktın mətnini cinayətkarcasına dəyişdirib prezidentə təqdim edənlər də indi yüksək vəzifələrdə oturublar.
- Hacıbaba müəllim, bayaq müstəqilliyimizə səs vermək istəməyənlərin Moskva adlanan mərkəzdən qorxduqlarını və o zamankı hökumətin istiqlalçılara pis münasibət göstərdiyini vurğuladınız. Amma indi SSRİ yoxdur, həmin istiqlalçılara isə münasibət dəyişməyib.
- Bəli, bizə münasibət dəyişməyib. O vaxt böyük vəzifələrə təsadüfi adamları seçmirdilər. Bunun üçün keçmiş DTK-nın razılığı lazım idi. Onların bir hissəsi DTK ilə əməkdaşlıq etdiklərinə, onun agenti olduqlarına görə irəli çəkilmişdilər. Həmin adamlar indi də hakimiyyətdə öz mövqelərini möhkəmlədiblər. O dövrdə bəlkə də rüşvətxorluq, korrupsiya bu qədər yüksək həddə deyildi. Amma müstəqillik dövründə neftdən, qazdan, ümumiyyətlə ölkənin sərvətlərindən faydalanaraq, haram kapital toplayıblar.
O ki, qaldı istiqlalçılara münasibətin nə üçün dəyişmədiyinə, bunu Vladimir Putinin sözlərində tam açıqlığı ilə görmək olar. Putin prezident olanda demişdi ki, SSRİ-nin dağılması cinayət əməlidir və bu prosesdə iştirak edən adamlar da cinayət törədiblər. Bax, onun müdafiə etdiyi, köməkliyi ilə Azərbaycan hökumətində mühüm vəzifə tutan adamlar bizə Putinin gözüylə baxırlar. Onlar bizi cinayətkar və düşmən kimi qəbul edirlər. İstiqlalçı deputatların əksəriyyəti Azərbaycanın ilk Milli Məclisinin də yaradıcısı oldular. Biz 1991-ci il noyabrın 7-də ölkənin ilk professional parlamentini yaratdıq və mühüm qanunların qəbulunda, müstəqilliyin möhkəmlənməsində iştirak etdik. Amma millət vəkilləri üçün müəyyən olunmuş pensiya ilk Milli Məclisin deputatlarına şamil edilmir. Baxın, indi bizə nə deputat təqaüdü verilmir, nə də işlə təmin olunmuruq, ev dustağına çevrilmişik. Əksinə, müstəqillik üçün çalışan deputatların bəziləri təqib olundu, bir qismi hətta güllələndi. Şahmərdan Cəfərov, Eldar Bağırov belələrindəndir. Aydın Məmmədovla Dilarə Əliyeva müəmmalı şəkildə avtomobil qəzasına salındı və sair. Bu, həmin düşmən münasibətin təzahürüdür. SSRİ-nin dağılmasında iştirak etdiymizə görə bizdən intiqam alırlar.
- Yəni Azərbaycanı tam azad hesab etmək olmazmı?
- Təəssüf ki, yox. Ölkə yenə də xeyli dərəcədə Qərbdən, Rusiyadan asılı vəziyyətdədir
. Azərbaycanda vəzifə sahibləri, hətta deputatların bir hissəsi Rusiya ilə bağlı adamlardır. Onlar Azərbaycana, xalqımıza deyil, xarici ölkələrin müəyyən dairələrinə xidmət edir və onlar tərəfindən də himayə olunurlar.
- Müstəqil Azərbaycanı necə görmək istərdiniz?
- Biz ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə kəfən geyinib başlamışıq. Azərbaycanımızı hər hansı xarici təsirdən uzaq, tam müstəqil görmək iəsdəyirik. Çox istərdik ki, ölkədə xalqımızın mənafeyinə xidmət göstərən bir sistem formalaşsın. Əlbəttə, nə qədər ki, bizə düşmən münasibəti var, Ermənistan istisna olmaqla qalan digər ölkələrlə normal əlaqələr qurmalıyıq. Biz Azərbaycanın sərvətlərinin bütün vətəndaşlar arasında bərabər bölünməsini istəyirik. Həmin sərvətlərdən bir qrup məmur, talançı, oğru yox, bütün xalq faydalanmalıdır. Amma bunu etmirlər. Ona görə ki, bəziləri istisna olmaqla məmurların çoxu Azərbaycan xalqına, dövlətçiliyimizə yaddır. Hətta PKK-çı Abdulla Öcalanın yaxın adamları Azərbaycanda böyük vəzifədədirlər. Onlar xalqımıza, dövlətçiliyimizə qarşı çox böyük təxribatla məşğuldurlar. Belə hallar aradan qaldırılmalı, hakimiyyətdə Azərbaycan xalqının qeyrətli oğulları oturmalıdır.
Sarvan