Bu il "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" konstitusiya qanununa əlavə və dəyişikliklər qəbul edilib. Yenilik insan hüquqları üzrə ombudsmana informasiya məsələləri üzrə ombudsman səlahiyyəti də verib. Qanunda informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri yer alır. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılmasını həyata keçirir.
14-10-2011 / 17:47
FaktXeber.com-un verdiyi məlumata görə, “Mediaforum” Ombudsman Aparatına informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərin edilib-edilmədiyini araşdırıb.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib ki, müxtəlif dövlət qurumlarına bir çox məsələlərlə bağlı sorğular göndəriblər, amma heç birinə cavab ala bilməyiblər: “Belə olanda məhkəmələrə müraciət edirik. Şəxsən mən özüm məhkəmələr vasitəsilə bir neçə dövlət qurumundan informasiya əldə etmişəm”.
Rövşən Hacıbəyli belə hallarda ombudsmana müraciət etmək haqda düşünmədiyini deyib: ”Elmira Süleymanova heç insan haqları müvəkkili olaraq öz işinin öhdəsindən gəlmir. Mən indiyə qədər onun hər hansı qanun pozuntusu ilə ciddi məşğul olduğunu görməmişəm. Buna görə məndə o quruma inam yoxdur. Əvvəllər olduğu kimi, hansısa dövlət qurumundan informasiya ala bilməyəndə məhkəmələrə müraciət edirik. Bu yolla informasiya almaq daha məqbuldur, nəinki öz vəzifə borcunu yerinə yetirməyən bir quruma müraciət etmək”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan dövlət qurumlarından informasiya almaqla bağlı problemlərlə üzləşdiklərini deyib: “Bu, Azərbaycan mediasının ən ciddi problemlərindən biridir. Məmurlar mətbuatla əməkdaşlıq etmək istəmirlər və bununla da işimizə ciddi əngəllər törədirlər. Biz bu məsələdən Ombudsman Aparatına şikayət etməyi planlaşdırırıq”.
Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli kütləvi informasiya vasitələri nümayəndələrindən informasiya almaq hüququnun pozulmasına dair heç bir şikayət daxil olmadığını bildirib: “Ombudsmana informasiya məsələləri ilə məşğul olmaq səlahiyyəti yeni verilib, görünür, müraciətlərin olmaması bununla bağlıdır. Amma şikayət olarsa, media nümayəndələri məsələnin araşdırılacağına əmin ola bilərlər”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.