Xalid Mikayılov: "Azərbaycan iqtisadiyyatı bir çox parametlərinə görə Çin modeli ilə uyğunlaşır"
10-10-2011 / 17:09
FaktXeber.com xəbər verir ki, son illər Çin dünyada sürətlə böyüyən iqtisadiyyatlardan biri kimi bütün dünyanın diqqətini cəlb etməkdədir. Maraq doğuran məqam isə Çin iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı arasındakı bəzi oxşarlıqlardır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılovun bu sahədəki araşdırmasına görə, Çin iqtisadiyyatı bir çox parametlərinə görə Azərbaycan iqtisadiyyatı ilə uyğunlaşır: “Çin hökümətinin yürütdüyü iqtisadi siyasət əsasən dövlət bankları və dövlət korporasiyalarının xeyrinədir. Dövlət bankları əhalidən əmanətləri ucuz faizlərlə, yəni inflyasiya dərəcəsindən aşağı fazilərlə cəlb edir.Sonra bu pulları dövlət koorporasiyalarına və şirkətlərinə ucuz faizlərlə kredit kimi verirlər. Bunun da nəticəsində Çin “yüksək sürətli dəmiryolu və qatarlar” kimi bahalı layihələr həyata keçirə bilir. Bəzi ekspertlər Çinin iqtisadi modelini dövlət kapitalizmi və ya qırmızı kapitalizm adlandırırlar. Belə ki, Çin sürətli iqtisadi artıma böyük həcmli ixrac və dövlət investisiyaları ilə nail ola bilib”.
X.Mikayılov bildirir ki, Çində dövlət banklarının və şirkətlərinin əhali hesabına varlanması nəticəsində orta sinif hələ də zəifdir: “Orta sinifin zəifliyi Çinin daxili istehlakının da zəif olmasının əsas səbələrindəndir. Belə ki, son onillikdə Çində daxili istehlak ümumi daxili məhsulun 45%-dən 35%-nə kimi geriləyib. Müqayisə üçün deyək ki, hətta böhran prosesləri davam edən ABŞ iqtisadiyyatında belə bu göstərici 70% təşkil edir. Müstəqil ekspertlər bildirilər ki , əgər Çin iqtisadi artımı davam etdirmək istəyirsə, o zaman istehlakçıları cəzalandırmaqdan imtina etməlidir”.
Onun sözlərinə görə, Çin Mərkəzi Bankı yuanın məzənnəsini süni surətdə aşağı saxlayır: “Məznənnəni azaltmaq və ixracı dəstəkləmək üçün valyuta bazarına böyük həcmdə yuan buraxılır. Mərkəzi Bank bu yöndə böyük həcimli əhali əmanətlərindən asılıdır. Göründüyü kimi Çin iqtisadiyyatı bir çox parametlərinə görə Azərbaycan iqtisadiyyatı ilə uyğunlaşır. Belə ki, Azərbaycanda da orta təbəqə zəifdir. O cümlədən banklar inflyasiya səviyyəsi ilə müqayisədə əmanətlərə və depozitlərə görə aşağı faizlər təklif edirlər. Çində olduğu kimi Azərbaycanda da daşınmaz əmlak bazarında qiymətlər yüksəkdir”.
Ekspert bildirir ki, Çin iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı arasında yeganə fərq hər iki ölkənin Mərkəzi Bankının yürütdüyü məzənnə siyasətidir. Belə ki, Çin Mərkəzi Bankı yuanın məznnəsini devalvasiya etməklə ixracı stimullaşdırmaq siyasəti aparırsa, Azərbaycan Mərkəzi Bankı əksinə manatın məznənnəsini möhkəmləndirmək siyasəti yürüdür: “Bu da Azərbaycan iqtisadiyyatının ixrac potensialının azalmasına səbəb olur. Nəzərə alsaq ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük haqqında danışıqlar aparır, tədricən bu siyasətdən imtina edilməli, milli ixrac dəstəklənməlidir. Düzdür, bu gün Azərbaycanın ticarət balansı müsbət saldoya malikdir, eyni zamanda ixrac idxaldan çoxdur. Lakin ixracın 90% neft məhsulları hesabına formalaşır. İxracda neft sektorunun payını çıxdıqda icarət balansı mənfi saldoya malik olur. Digər tərəfdən 2013-cü ildən başlayaraq neft hasilatının aşağı düşəcəyini nəzərə alsaq Azərbaycanın bahalı məzənnə siyasətindən imtina etməsi vacibdir”.
İSİM eksperti Çin kimi nəhəng ölkənin iqtisadiyyatını liberallaşdırılmağa çalışdığına diqqəti çəkərək, Azərbaycanın da bu istiqamətdə addımlar atmasını mühüm hesab edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.