|
Dünyaya gələn gündən uşağa məhəbbət göstərilməsinin vacibliyini bilməmiş deyilsiniz. Ana sevgisi və nəvazişli əli daima bu körpənin üzərində olmalıdır. Ona cismi qida verdiyi kimi, mənəvi qida da verməlidir ki, bu da məhəbbətdir. Ancaq bu məhəbbətin həddini keçməsi də pisdir və bu ifrat olar. Məsələn, bir gül gündə iki dəfə su istəyir və siz ona bütün saat su verirsiniz, təbii ki, bu gül solacaqdır və məhv olacaqdır. Əgər bir ağac həftədə bir dəfə su istəyir və siz ona hər gün su verirsinizsə, o nəinki inkişaf etməyəcəkdir, hətta solacaqdır da.
Əgər məhəbbətdə ifrat etsək, uşaq ərköyün, eqoist və özündən razı olacaqdır. Və bunun təhlükəsi kompleksli uşağın təhlükəsindən heç də az deyildir. Belə ki, kompleks bəhsində deyilmişdir ki, kompleksli uşaq xəyanətkar, cinayətkar ola bilər, yəni qəlbi ölmüş bir insan olacaqdır və cəmiyyət onu qəbul etməyəcəkdir. O insanlar ki, özlərindən çox razıdırlar - onların da gələcəyi yoxdur və onlar cəmiyyətdən çox şey gözləyirlər. Onların istəyi yerinə yetməyəndə isə kompleks yaranır və özlərini cəmiyyətin artığı kimi görürlər.
Ona görə də uşaqlara məhəbbət göstərmək lazımdır, ancaq eyni zamanda bu məhəbbətdə ifrat da etmək olmaz. Hədislərdə oxuyuruq ki, uşaqlarınızı nazlı böyütməyin, onlara bəzən aclıq da verin və bəzi vaxtlar yerdə yatızdırın. Uşaqlar o yerlərdən ki, qorxurlar onları həmin yerlərə göndərin və bəzən də onlara müəyyən etinasızlıq göstərin. Bəs bunlar nə üçündür?
Uşaqların psixologiyasından başı çıxan bir müəllimin dediklərinə qulaq asaq. Tarixdə İbni Sukəyt adlı bir məşhur müllim var idi. O, yeniyetmə uşaqların müəllimi idi və uşaqlar onun yanına gələr və ondan dərs alardılar. İbni Sukəyt bir gün qərara alır ki, xəlifənin oğlu Muntəsir adlı yaxşı bir yeniyetməyə ədəb qaydaları öyrətsin. O, belə fikirləşirdi ki, bu xəlifənin oğlu naz və nemət içində böyümüşdür və sabah əgər xəlifə olmaq istəsə, onu mütləq tərbiyə etmək lazım olacaqdır. Muntəsir hər gün gəlib, müəllimin yanında əyləşərdi və özünü ərköyün aparırdı. Bir gün ki, o, müəllimin yanına gəlir, müəllim ona deyir ki, elə oradaca otur və onu uşaqları ayaqqabılarının yanında əyləşdirir, günorta olur və ona doğru-düzgün dərs də vermir və bütün uşaqlar nahar yeməyə gedirlər və ancaq müəllim onu buraxmır. Ona deyir ki, sənin nahar yeməyə haqqın yoxdur və özü də ona nahar vermir. O zaman ki, hamı hazırlaşır ki, evlərinə getsinlər, hamısını bir sıraya yığır və bu günahsız uşağa onların içində kötək vurur və deyir ki, get. Bu uşaq çox narahat olur və fikirləşir ki, görəsən nə edibdir? Müəllim onu danladı, ac saxladı və üstəlik kötək də vurdu. Uşaq gedib bunları atasına danışır və xəlifə çox əsəbləşib, müəllimi çağırtdırır. Ondan soruşur ki, bu gün etdiklərinin səbəbi nədir? O, cavab verir ki, uşağını tərbiyə etmək istəmişəm: “Sənin bu uşağın naz və nemət içində böyüyür, ehtiramsızlıq görməyibdir, o, başqalarını danlamağın, şəxsiyyətlərini alçaltmağın nə qədər pis iş olduğunu bilmir. Bu uşaq aclıq çəkməyibdir, ona görə də o aclığın, yetimliyin, kasıblığın nə olduğunu bilmir. Bu uşaq həmişə sənin çətirinin altındadır. Zülm görməyib və bilmir ki, məzlum nədir və onun zalımdan çəkdiyi işgəncələri də bilmir. Mən bu gün bu uşağa bütün bunları öyrətmək istədim, ona ehtiramsızlıq etdim, ayaqqabıların yanında əyləşdirdim ki, ona deyəm: bax gör ehtiramsızlıq nə qədər pis əməldir, ona görə də hakimiyyəti əlinə alanda heç kimə ehtiramsızlıq etmə, heç kimi yersiz yerə danlama və şəxsiyyətini alçaltma. Ona aclıq verərək, başa salmaq istədim ki, hakimiyyətə keçəndə təkcə özünün deyil, kasıbların, yetimlərin də qayğısına qalsın və bilsin ki, aclıq çox pis bir şeydir.
Hədislərimizdən də görürük ki, orucluğun bizə öyrətdiyi şeylərdən biri də aclıq ağrısını çəkməyimizdir və hətta şam etmədən yatağa girməyin nə qədər çətin olduğunu bilməyimizdir”.
Müəllim şözünə davam edərək, dedi: “Ona görə kötək vurdum ki, ona başa salım ki, bax gör yersiz yerə kötək vurmaq, zülm etmək və zindana atmaq necə də pis bir əməldir. Ehtiyatlı ol ki, zalım olmayasan”.
Beləliklə, uşağa ruhi qida verməli olduğumuz kimi, onu şad etdiyimiz kimi, eyni zamanda, onu ərköyün də etməməliyik. Çünki o, özündən razı olacaqdır və bu tip uşaqlar da cəmiyyətin mənəvi cəhətdən əziyyət çəkən üzvləri olur. Bu həm onun özü üçün, həm də cəmiyyət üçün təhlükəlidir, çünki ziyanlı komplekslərə gətirib çıxaracaqdır.
|